Əmin olun, bu savaşda bizə məğlubiyyət yoxdur!

30 Sentyabr 2020 13:25    546 Baxış   
Əmin olun, bu savaşda bizə məğlubiyyət yoxdur!
Bütün Azərbaycan tələsir, böyük intizarla əsgərlərimizin işğal altındakı ərazilərimizdən daha hansını düşməndən azad etdiyi xəbərini gözləyir.

Bu, Azərbaycan cəmiyyətinin Qarabağ savaşına psixoloji olaraq tam hazırlığının və yüksək döyüş ovqatında, qələbə əzmində olduğunun çox yaxşı bir göstəricisidir.

Ancaq unudulmamalıdır ki, hərb sənətinin öz qaydaları və Ordumuzun qarşısında da konkret tapşırıqları var: Azərbaycanın başladığı əks-hücum və cəzalandırma əməliyyatının vaxtı, sürəti həm də Ermənistanın daxili siyasi həyatına nüfuz etməyə və indiyədək əleyhimizə olan danışıqlar formatını və şərtlərini dəyişməyə, eyni zamanda Silahlı Qüvvələrimizin real döyüş şəraitində zəif və güclü tərəflərini daha dəqiqliyi ilə yoxlayıb qiymətləndirməyə hesablanıb.

Ordumuzun son 3 sutka ərzində əldə etdiyi nəticələr isə önümüzə gözlədiyimizdən də yaxşı mənzərə və yeni imkanlar açıb:

Əvvəla, düşmən Qarabağ xətti üzrə indiyədək yarılmaz və alınmaz hesab etdiyi bütün istiqamətlərdən sarsıdıcı zərbələr alıb, çoxsaylı canlı qüvvəsini (2300-dən çox), o cümlədən onlar üçün çox qiymətli sayılan hərbçi kadrlarını, hissə və bölmələrini, həmçinin dəyəri milyonlarla ölçülən texnikalarını, silah-sursat anbarlarını itirib;

İkincisi və ən vacibi, düşmənin uzunmüddətli savaş və müqavimət imkanlarını heçə endirəcək strateji yüksəkliklər, əlaqə yolları Ordumuzun tam nəzarəti altına keçib. Təkcə son 3 sutka ərzində əldə edilən yeni mövqelərimizin möhkəmləndirilməsi kifayətdir ki, bu, tələsmədən növbəti uğurlu əks-hücum əməliyyatlarımız üçün əlverişli platsdarm olsun.

Üçüncüsü, cəza əməliyatlarımızın sürəti və gözlənilməzliyi düşmən orusunda böyük vahimə, çaxnaşma yaradıb, müqavimət əzmini, savaş ruhunu qıraraq kütləvi fərarilik meyllərini gücləndirib. Artıq erməni komandanlığının bu mövzuda məxfiçilik qaydalarını pozaraq, qorxu və vahimə içərisində, böyük təlaşla etdikləri bütün telefon danışıqları ələ keçirilib, eləcə də kəşfiyyatçılarımız çox qiymətli görüntülər, çəkilişlər əldə ediblər.

Dördüncüsü, ən vacibi, 3 sutka ərzində nail olduqlarımız diplomatiyamızın beynəlxalq miqyasda əlini inanılmaz dərəcədə gücləndirərək, gələcək danışıqlarda əsas diktə edən tərəfə çevrilməyimizi indidən şərtləndirib.

Və nəhayət, Ermənistanda daxili siyasi çaxnaşmanın əsası qoyulub, Paşinyanın taxtı laxladılıb, Ermənistanın ictimai-siyasi həyatında bölünmə yaradaraq, hücumun dayandırılması üçün Azərbaycanla dil tapmağa çalışan, güzəştə getməyə hazır siyasətçilərin mövqeləri gücləndirilib...

Bu, hələ 3 sutkanın nəticəsidir. İndi onu da nəzərə alın ki, Azərbaycan əks-hücum əməliyyatlarını süni şəkildə uzadaraq, məhdud resurslu Ermənistanı ən müxtəlif cinahlardan daha geniş cəbhədə savaşa çəkəcək...

Əmin olun, bu savaşda bizə məğlubiyyət yoxdur! Ya şəhid olub Allah tərəfindən mükafatlandırılacaq, adımızı Azərbaycanın şərəf tarixinə əbədi həkk edəcəyik, ya da yeni qələbələrlə ölkəmizi dünyanın müasir müharibələr tarixində öz nümunlərini yaradan və Cənubi Qafqaz-Mərkəzi Asiya geopolitik xəttinin ən qüdrətli dövlətlərindən birinə çevirəcəyik!

Elxan Şükürlü



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar