Erməni generalı boğaraq öldürən ŞƏHİD - Cəbrayıl Dövlətzadə barəsində BİLİNMƏYƏNLƏR

24 Fevral 2021 21:22    1652 Baxış   
Erməni generalı boğaraq öldürən ŞƏHİD -  Cəbrayıl Dövlətzadə barəsində BİLİNMƏYƏNLƏR

Müharibənin başlanmasından bir gün sonra şəhid olan Cəbrayıl Dövlətzadə necə qəhrəman oldu?

O, vətən müharibəsində cəmi 1 gün iştirak etdi. 1 gün, hətta bir neçə dəqiqə ərzində elə bir hadisəyə imza atdı ki, nəşi fəxri xiyabanda, xatirəsi isə bütün Azərbaycanın yaddaşında əbədiləşdi. Biri var idi, 19 yaşında bir erməni generalını və polkovniklərini əlləri ilə boğan Cəbrayıl Dövlətzadə...

Cəbrayıl Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıtda doğulub. Əslən Zəngilan rayonundandır. Bir bacısı və bir qardaşı var. Rəsm çəkib, musiqi bəstələyib, eyni zamanda 9 il cüdo ilə məşğul olub. Hətta idman sahəsində mükafatlara layiq görülüb.
Cəbrayılın 8 yaşı olanda valideynləri ayrılıb. Anasının sözlərinə görə əri övladları ilə maraqlanmayıb. Lakin Cəbrayıl elə o yaşdan etibarən özünü ailə başçısı kimi aparıb.
12 yaşından ofisiant işləməyə başlayıb. Cəbrayıl Dövlətzadəni bir çox istiqamətlərdə istedadı olub. O hətta yeniyetmə yaşlarında həvəskar rep də oxuyub:

Əksər şəhidlər kimi onun da qısa ömrü süd işığında aydınlanıb. Tanışları, yaxınları, hər kəs onun haqqında danışanda, fövqəladə birindən söz açırmış kimi ürəklə danışır. Təkcə anasının dediyi bu 3 cümləyə diqqət etsək, Cəbrayılın alın yazısını və pasportunu aydın görə bilərik:

Cəbrayıl Dövlətzadə 2019-cu ilin oktyabr ayından Cəlilabadda sərhəd qoşunlarında xidmət edirdi.
Tovuz döyüşlərində general Polad Həşimovun şəhid olması 19 yaşlı əsgəri olduqca məyus edir. Həmin gün verdiyi söz yerdə qalan iki aylıq həyatının mayakına çevrilir: Polad Həşimovun qisasını alacam.

Ərizə yazaraq, xüsusi təyinatlı tabora qatılır. 44 günlük müharibə başlanan an könüllü olaraq döyüşə atılır.

Murovdağda düşmən mövqelərinin və xüsusi postlarının ələ keçirilməsi planı həyata keçirilir. Əməliyyatda 11 zabitlə yanaşı 19 yaşlı Cəbrayıl da iştirak edir. Anası müsahibələrindən birində qeyd edir ki, ona verilən məlumata görə Cəbrayıl ən təhlükəli anda zabitlərə səslənərək, onların ailəli olduğunu deyib və geri qayıtmaqlarını xahiş edib.

Əslində Cəbrayıl missiyasının astanasında idi.

Həmyaşıdlarının hələ də həqiqi hərbi xidməti başa çatmayan Cəbrayıl yalın əllə düşmən generalının, polkovnikin üstünə gedəndə yəqin ki, hədəfinə çatdığını yaxşı bilirdi. Onun qarşısındakı düşmən generalı, polkovniki kimliyindən asılı olmayaraq, bu an Polad Həşimovun qatili idi.

Dövlətzadə düşmən postunda 10 müxtəlif rütbəli erməni zabiti ilə üz-üzə qalır. O, bu hücum zamanı öncə erməni generalını öldürür. Əlbəyaxa döyüşdə isə düşmən polkovnikini yalın əllə boğur.
Anası Məleykə Məmmədzadənin Cəbrayılın döyüş yoldaşılarından aldığı məlumata görə Dövlətzadə həmin əməliyyata tək girib və 11-ə yaxın düşmən hərbçisi öldürüb.

Cəbrayıl əməliyyat zamanı yaralanıb. Lakin yoldaşları onu hadisə yerindən çıxaranda o özündə əli ilə “əla” işarəsi də göstərməyə güc tapıb. Yəqin ki, bu işarə onun istədiyini həyata keçirdiyindən irəli gəlirdi.

Cəmi bir gün döyüşən, son aylar ərzində qurduğu bütün planları bir günə, hətta bir neçə saata həyata keçirən Cəbrayıl Dövlətzadə 2020-ci ilin sentyabrın 28—də çoxlu qan itirdiyi üçün şəhid olur...

O, ailəsini, gənc ömrünü qurban verdiyi idealı, mərhum general Polad Həşimovun yanında, ikinci fəxri xiyabanda dəfn olunur. Ölümündən sonra Vətən uğrunda və Azərbaycan Bayrağı ordenləri ilə təltif edilir...

Cəbrayıl Dövlətzadənin həmin əməliyyatda öldürdüyü yüksək rütbəli şəxslərin kimliyi ilə bağlı məlumat olmasa da, onun dəfn olunduğu məkan və ona verilən təltiflərdən görünür ki, o, bir gün ərzində Azərbaycan tarixinə düşəcək qəhrəmanlığa imza atıb. 44 günlük müharibənin altına adını qızıl hərflərlə yazan şəxs kimi Azərbaycan hərb tarxində Cəbrayılın adı daim hallanacaq. Ruhun şad olsun, yoldaş əsgər, ulu şəhid! (Video 1000 Production)



Oxu24.com
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar