FETÖ-nün hərbi çevriliş cəhdindən 5 il ötür

15 İyul 2021 15:53    10987 Baxış   
FETÖ-nün hərbi çevriliş cəhdindən 5 il ötür

Bu gün Türkiyədə FETÖ terror təşkilatı tərəfindən hərbi çevrilişə cəhdin üstündən 5 il ötür. 15 iyul qardaş Türkiyədə sülhün, demokratiyanın və sabitliyin qələbə qazandığı gündür.

Məhz bu tarixdə xalq dövlətə qarşı baş qaldırmış xainlərə layiq olduqları tutarlı cavabI verməklə, respublikaya uzadılmış çirkli əlləri kökündən kəsmişdi. 2016-cı il iyulun 15-də İstanbul və Ankarada dövlət çevrilişinə göstərilən cəhd deşifrə olunaraq mənfur planların həyata keçməsinin qarşısını almışdı. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırımın çağırışı ilə xalq ölkənin dörd bir yanından küçələrə axın edərək, çevrilişə cəhdə imkan verməmişdi.

Uzun illər boyu davam edən planlı bir strategiya, beyin və ruhları ələ keçirilmiş nəsillər, təhlükəsizlik bürokratiyası başda olmaqla Türkiyə və bütün Türk-İslam aləminin dövlət qurumlarına sızaraq qərarverici mexanizmlərə hakim olmaq, cəmiyyətin müxtəlif təbəqələrini hörümçək ağlarının içinə çəkən FETÖ terror təşkilatının nə qədər təhlükəli olduğu məhz 2016-cı ilin 15 iyulunda xain çevriliş cəhdiylə ortaya çıxmışdı. Şübhəsiz ki, siyasi-iqtisadi perspektivi günü-gündən artan və inkişaf edən Türkiyə dövlətinə qarşı hərbi çevriliş cəhdi tamamilə xəyanət idi. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fədakarlığı və qardaş Türkiyə xalqının onun ətrafında sıx birləşməsi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alınaraq, milli birlik və həmrəyliyin, qətiyyətli liderliyin və güclü iradənin təntənəsi kimi özünü biruzə vermişdi.

Prezident Ərdoğanın siyasi liderliyi və dirayəti sayəsində Türk milləti ordusu, polisi, ziyalıları və gəncləriylə birlikdə bütöv halda ayağa qalxaraq dövlətini bu təhlükədən qorumuş, qibtə oyandıracaq bir milli iradə nümayiş etdirmişdilər. Bununla da Türk xalqı həm də demokratiya savaşından qalib çıxmışdı.

Çevrilişə cəhd dövrü, eləcə də FETÖ-nün dövlət və cəmiyyət həyatından təmizlənməsi zamanı meydan çıxan kripto fetöcü qavramı bu təşkilatın sıradan bir təşkilat olmadığını, onunla mübarizədə dövlət ağlı və bilgisinin vacib olduğunu da ortaya qoymuşdu. Türkiyənin son illər ərzində siyasi, iqtisadi, hərbi və digər sahələrdə əldə etdiyi nailiyyətlər isə qardaş ölkənin bu çətin sınaqdan daha da güclənərək çıxmasının bariz nümunəsidir.

15 iyul xain çevriliş cəhdinin 5-ci ildönümündə şəhidlərimizi rəhmətlə xatırlayır, qazilərimizə Allahdan şəfa diləyirik. Çevrilişə cəhd edən FETÖ və onun timsalında bütün terror təşkilatlarının məhv olmasını ümid və arzu edirik.

Mərahim Nəsib



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar