Gəncə teatrı yeni mövsümünü açıb

25 Sentyabr 2020 10:44    172 Baxış   
 Gəncə teatrı yeni mövsümünü açıb
Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi 126-cı teatr mövsümünü acıq elan edib. Yaradıcı kollektiv yeni mövsümə Respublikanın əməkdar mədəniyyət işçisi, şairə-dramaturq Xəzangülün “Xərabət gözəli” adlı bioqrafik faciəvi eşq ayini üslubunda yazılan yeni pyesi ilə start verib.

Dominant.az-a bu barədə məlumatı teatrın Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev verib.

Onun sözlərinə görə “Xərabət gözəli” pyesi XII əsrdə yaşayıb yaradan, mənşəcə Azərbaycan türklərindən sayılan şairə, sufi Əxi təriqətinin üzvü kimi tanınan Məhsəti Gəncəvinin həyat və fəaliyyətinə həsr olunub.

Anar Burcəliyev bildirib ki; “Pyesdə cərəyan edən hadisələr XII əsrdə Gəncədə sufi Əxi təriqətinin yaranması və təbliği ilə bağlı hadisələr fonunda baş verir. Həmçinin müəllif tərəfindən bu dövrdə Məhsəti Gəncəvinin şəhər xurafatçıları tərəfindən bir çox təziqlərə məruz qalması, Gəncə Xətibinin ona qarşı amansız davranışı, Xətibin oğlu ilə olan eşq macərası pyesdə ön plana çəkilir”.

Tamaşada əsas obrazları xalq artisti Məmmədəli Balayev, gənc aktrisa Günay Cabbarova, Sevinc Hüseynova, Könül Kazımova, aktyorlar Ruslan Hüseynov, Mətləb Təhmazi, Samir Abbasov, Emil Salmanov, Vasif İsmayılov ifa edirlər. Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, quruluşçu rəssamı, teatrın baş rəssamı Vahab Cəfərov, musiqi tərtibatı isə Ziyad Abbasova aiddir.

Teatrşünas-tənqidçi Anar Burcəliyev həmçinin bildirib ki, “COVİD-19” pandemiyası ilə əlaqədar olaraq tamaşa teatrsevərlərə onlayın vasitəsilə teatrın ikinci səhnəsi hesab edilən “Zərrabi” Nizami Poeziya Teatrının səhnəsində açıq hava şəraitində Operativ Qərərgahın təlimat və tövsiyyələri nəzərə alınmaqla nümayış etdirilib.

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar