Kukla teatrının səhnəsindən böyüklərə sillə kimi dərs - FOTOLAR

16 May 2024 01:01    5896 Baxış   
Kukla teatrının səhnəsindən böyüklərə sillə kimi dərs -  FOTOLAR

“Bulvarda” ərlə-arvad dava edir, arvad ərinin xəyanətini tutub, kişi isə üstə çıxmağa çalışır, öz ayıbına kor olmaqdansa, arvadını mesajlarını oxumaqda ittiham edir. Bəllidir ki, kişinin ilk xəyanəti deyil, yoxsa qadın boşanmaqda bu qədər qərarlı olmazdı. Görünür, o qədər boğaza yığılıb ki, bulvarda onlara tamaşa edən insanlara belə, məhəl qoymur. Nə şarsatan, nə gülsatan, nə süpürgəçi, nə ətrafdakı cavanlar gözünə görünür. Ər də ayıbına kor olub üzr istəməkdənsə, qadını az qalır ki, döysün, itələyib syamkaların üstünə yıxır, təhqir edir, hətta hədələyir ki, “boşansan, mal-mülkü, üstəlik uşaqları da alıb səni atanın xarabasına göndərəcəm”.

Bütün bunlar mayın 15-də “Bulvar”ın düz mərkəzində yerləşən Kukla Teatrının səhnəsində baş verdi. “Oyun” İnkluziv Teatrının aktyorlarının oynadığı, rejissor Saida Haqverdiyevanın müəllifi olduğu “Parkda” tamaşasında yaşandı. Tamaşa haqqında təbii ki, tənqidçilər, tetatrşünaslar, sənət adamları yazacaqlar, mən isə tamaşaçı olaraq fikir bildirmək istədim.

Səhnə əsəri, demək olar ki, əvvəldən sona qədər bütün detalları ilə məndən yüksək qiymət aldı. İlk bəyəndiyim məqam ondan ibarətdi ki, Saida xanım, demək olar ki, bu səhnə əsərində bugünkü qadının üzləşdiyi bütün çətinlikləri, haqzılığı, xəyanəti, düşdüyü vəziyyəti, bulaşdığı çirkabı, məhv olan ailə dəyərlərini, sosial şəbəkə platformalarındakı üfunət saçan bataqlığı olduğu kimi göstərib. Daha dəqiq desəm, indiki cəmiyyətimizə ayna tutub. Bu “Parkda” hər kəs var. Əri tərəfindən illərdir xəyanətə məruz qalan arvadlar, baxımlı, gözəl arvadına küçədə rastına çıxan ən axmaq qadınla belə xəyanət edən ərlər, atası tərəfindən 15 yaşında qoca kişiyə satılan, anası tərəfindən küçəyə atılan, yaşamaq üçün bədənini satmağa məcbur edilən fahişələr, varlı sevgili, dəbdəbəli həyat xəyalları ilə yaşayan qadınlar, fiziki imkanları məhdud doğulduğu üçün atası tərəfindən elə doğulan kimi tərk edilən gənclər, öz zəhməti ilə dolanan, heç kəsə boyun əyməyən əlilliyi olan oğlan və qızlar, “tiktok”da özünü “şir” üçün bazara çıxaran “fenomenlər”, “vağzalı” səsi, bəyaz gəlinlik, ər tumarı, körpə sığalı, nəvə arzuları ilə saç ağardan xalalar, boşadığı qadını küçənin ortasındaca, azyaşlı övladının gözü qarşısında şillə-təpik altına salan atalar, bir sözlə, parkdakı insanların əksəriyyəti özünü görə bilər bu tamaşada.

Bütün obrazlar, detallar, monoloqlar elə ustalıqla seçilib, elə yazılıb ki, tamaşa boyunca haldan-hala düşürsən, həm məyus olur, həm sevinir, həm ağlayır, həm gülür, həm qınayır, həm haqq qazandırırsan. Ən əsası isə düşünürsən, harada və nəyi yanlış etmişəm və ya edə bilərəm deyə, dərs çıxarırsan, sahib olub, amma qədrini, dəyərini bilmədiklərinə görə şükr eləyirsən, doğru bildiyin, əsində isə yanlış olan addımlarını analiz edirsən.

Tamaşada oynayan aktyorların hər biri çox istedadlı, səhnədə öz möhürlərini vurmuş aktyorlardır. Əlilliyi olan həvəskar aktyorların rol alması isə bir başqa stimul verir insana. Necə performans göstərirlərsə, onların həqiqətən də seçilmiş insan olduqlarının bir daha fərqinə varırsan. Saida xanım təksə onlara özlərini, istedadlarını göstərmək üçün şans verməyib. Həmçinin Afaq Bəşirqızının teatrı dağılandan sonra “Muzkomediya”da epizodik rollarda itib-batan istedadlı aktrisa Gülçöhrə Abdullayevanın necə möhtəşəm aktrisa olduğunu üzə çıxarıb. Bir qədər də obrazlı desəm, Gülçöhrə xanıma bu rol ilə yenidən nəfəs verib, həyat verib. Əvvəldə rolu epizodik kimi görünsə də, sona doğru tamaşaya möhür vuran aktrisa öz məsləhətləri ilə bugünkü ağsaqqal və ağbirçəklərin verə bilmədiyi dərsi verir gənclərə. “Bulvar”da süprgəçi işləyən Bibixanım rolunun öhdəsindən necə məharətlə gəlirsə, düşünürsən ki, tamaşa bir tək onun monoloqundan ibarət olsaydı belə, yenə də möhtəşəm alınardı.



Çox detallı və uzun yazmaq istəmirəm, özünüz izləyib görəsiniz deyə. Bir neçə məqamı da qeyd edib yekunlaşdırıram. Saida xanım bu teatr əsərində nə qadını alçatdı, nə də kişini. Hər birinin sadəcə səhvini göstərdi, həm ər kimi, həm arvad kimi, həm ata kimi, həm övlad kimi. Göstərdi ki, kişi öz xanımının qarşısında diz çökəndə alçalmır, əksinə, daha da ucalır, həm özünü zirvəyə qaldırır, həm də həyat yoldaşını. Və ən əsası, tamaşanın sonunda ailə qalib gəldi, Saida xanım bütün səhvlərə, xəyanətə baxmayaraq, 15 may Ailə günündə bir yuvanı dağıtmadı, sevib evlənən cütlüyü ayırmadı. Bəlkə də balalarına bağışladı onları, süpürgəçi Bibixanımın da dediyi kimi, axı ərlə arvad boşananda uşaq nə atada qalır, nə anada, uşaq ortada qalır...

Son olaraq, bu tamaşanı, daha dəqiq desəm, Kukla Teatrının səhnəsindən böyüklərə verilən bu dərsi hər bir gəncin, sevgililərin, nişanlıların, yeni evlənənlərin, çoxdan evli olanların, ailəsində problem yaşayanların, qız analarının, qız atalarının, əlilliyi olan şəxslərin, bir sözlə, parkda olan hər kəsin izləməsi məsləhətdir.

Rumiyyə MİRASLAN







Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar