Həsənovla Mehdiyev Heydər Əliyevi də partiyadan iyrəndirmişdilər - Keçmiş YAP-çıdan ilginc faktlar

10 Sentyabr 2020 11:12    418 Baxış   
Həsənovla Mehdiyev Heydər Əliyevi də partiyadan iyrəndirmişdilər -  Keçmiş YAP-çıdan ilginc faktlar
Uzun illər bir partiyada, lideri Heydər Əliyev olan siyasi təşkilatda idioloji-informasiya və təbliğat sahəsində onunla bərabər çalışdıq. Mərkəzi Qərargahdan dışardakı siyasi qrup və dəstələrə qarşı ideoloji mübarizə planları bizim - Əlinin və mənim çiyinlərimizdə dayanırdı. Əhliman Tağıyevə təşkilat şöbəsi, zavxozluq isə alnına əbədiyyən yazılmış Zınqırov Siyavuşa həvalə edilmişdi. Cəmiyyətdə, eləcə də partiyada bu adama qarşı nifrət həmişə və çox güclü olub. Bəlkə qəsdən, ya bilmədiyim hansısa başqa səbəbdən Zınqırovu mənim vasitəmlə yuxarı başa qaldırdılar.

Artıq Əli Nağıyevlə münasibətlərimizdə sərinlik hökm sürürdü. Etibar etdiyi, ətrafına yığdığı adamları üzərimə qaldırırdı. Arxada quyu qazar, üzə gələndə gözlərimin içinə baxıb gülürdü. Nəhayət, Azərbaycan əlifbasının neçə hərfdən ibarət olduğunu bilməyən Zınqırov Siyavuşun təşkilat şöbəsinə müdir təyin edilməsi ilə əlaqədar Siyasi Şurada təkliflə çıxış etməyi Nağıyev mənə tapşırdı. Həmin anda sanki içimi dəhşətli bir alov bürüdü. Təklif ürəyimcə deyildi. Lakin razılaşmaqdan başqa çarəm yox idi. Səbrli hərəkət etməyə başqa bir səbəb də vardı ki, onu ilk dəfə səsləndirməyə məcburam.

Mərkəzi Qərargahda özünə yer alan regionçuluq xəstəliyi getdikcə şiddətli xarakter alaraq partiyanın bütün dayaqlarına sarsıdıcı zərbələr endirirdi. YAP-ın yuxarı orqanları - Siyasi Şura və İdarə Heyəti ilk təşkilatlarla əlaqələrini tənzimləyə bilmirdi. Kök atan ciddi parçalanma partiyanı, demək olar ki, haldan salmışdı. Xoşagəlməz proseslər YAP-ın strateji məqsəd və vəzifələrinin qarşısını kəsirdi. Ona görə də susdum və Siyasi Şurada Siyavuşun təşkilat şöbəsinə müdir vəzifəsinə namizədliyini irəli sürdüm. Buna görə xeyli YAP-çı və partiyanın rəhbər orqanlarında təmsil olunan şəxsi özümdən əməllicə incik saldım. Başım daşa dəyəndən sonra araşdırma apardım və məlum oldu ki, Zınqırova Əli Həsənov da dəstək veribmiş. Onu da anlayırdım ki, Siyavuşun namizədliyi qeyri-naxçıvanlı tərəfindən irəli sürülməli idi. Ermənistan-Naxçıvan klanı arasındakı didişmələr təəssüf ki, belə bir mühiti yaratmışdı.

Klassik Vəzirovçu artıq prezident aparatındaydı. Əhliman da getmişdi Yusif Hümbətovun şöbəsinə. YAP-ın ideoloji, təbliğatı, informasiya siyasətini Səyyad Aranla birlikdə aparırdıq. Aran bir insan olaraq dərdinə dərman axtaran Əlidən çox-çox yuxarıda dayanırdı. Onun fəaliyyətinə də barmaq uzadırdı. Çalışırdı ki, ondan sonra partiyanın idioloji şöbəsində hər hansı uğurlu iş nəzərə çarpmasın. İnsanın xainliyinə baxın...

Aramızda olan münasibətlərə ilk baltanı çalan sən oldun, Əli. Dövlət vəzifəsi səni əməlli-başlı çaşdırmışdı. Gözlərin ayağının altını görmürdü. Hətta illərlə çörək kəsməyimizə baxmayaraq, 1999-cu ildə ağır ürək bohranı keçirərkən bir dəfə belə soraq tutmadın. Çörəyi dizinin üstə olan adam üçün müqəddəs heç nə yoxdur.

Daha bir fakt. Rəhmətlik Heydər Əliyevin yanında ölkə mətbuatının və partiyanın informasiya resurslarının fəaliyyəti müzakirə olunurdu. Sən Əli və Ramiz Mehdiyev nəzarətimdə olan "Dövran" qəzetini məhkəməyə vermişdiniz. Müşavirədə xəyanətkar əməliniz barədə prezidentə məruzə etdim. Heydər Əliyev təəccüblə səndən və Ramiz Mehdiyevdən soruşdu ki, bu necə ola bilər. "Dövran" mənim yürütdüyüm siyasətin təbliğatında uğurlu işlər göstərir. O zaman prezidentə dediyin uydurma sözlərdən heç utandınmı?! "Bəzi müxalifət qəzetlərini məhkəməyə cəlb etmişik. "Dövran" qəzetini də gözünə qatdıq ki, əlavə söz-söhbətə yer qalmasın”. Əli, sənin bu sözündən sonra aldığın cavabı yəqin yaddan çıxarmamısan. İndi xahiş edirsən ki, dərdlərinlə səni baş-başa buraxsınlar. O qədər günah işlər tutmusan ki, bəndələr bağışlasa da, Allah bağışlayan deyil.

Gecə-gündüz dövlət başçısına onun-bunun barəsində Ramiz Mehdiyevlə bərabər verdiyiniz yalan məlumatlarla öz şəxsi maraqlarınızın reallaşmasına çalışdınız. Bir ara rəhmətlik Heydər Əliyevi üçüncü övladı qədər sevdiyi YAP-dan iyrəndirdilər. Səhv etmirəmsə, partiyanın yaradıcısı və əbədi rəhbəri iki ilə yaxın partiyanın qapısını açmadı. Telefonla da arayıb axtarmadı. YAP-ın ikinci konfransına gəldi. Əli Nağıyevin məruzəsini mən yazdım, o isə özündənrazı duruşu ilə məruzəni üzündən oxuyub daxili bir təkəbbürlə yerində oturdu.

Xoşlamadığınız adamları rəhbərliyin gözündən salıb onları düşmənə çevirmisiniz. Bu yolla işığını söndürdüyünüz, həyatına zəhər qatdığınız, neçə-neçə ömrü yarı yolda qoyduğunuz insan faciəsinə imzanı atarkən aqibətinizi Ramiz Mehdiyevlə birlikdə Ulu Tanrının dərgahına üzünüzü tutaraq günahlarınızın bağışlanma ehtimalını soruşsaydınız, kişiliyinizə ziyanmı olardı!? Unutma Əli, heç unutma. Başqalarına yaşatdığınız dərdlər saysız-hesabsızdır. Heç bir ata-anaya övlad dərdi bəxş etməsin. Amma Əli, oğlum Rüfətə yaşatdığınız zülmün qarşılığında nə sənin övladlarına, nə də Mehdiyevin balalarına pis gün arzulamıram. Çünki belə namərdliyi nə yer götürərdi, nə də göy!!! Rüfət həbsxanada ikən oğlu dünyaya gəldi, körpəni atası iki aylığında gördü. Mən onda Rüfətin gözlərinə baxa bilmirdim. Bu görüşdən iki gün sonra Rüfətə verilən işgəncələri, karsda 7 saat çarmıxa çəkildiyi anları ömrümün sonunadək unuda bilməyəcəyəm. Sənin, Ramiz Mehdiyevin, bir də erməni Dusyanın doğduğu Zakir Qaralovun itirilmiş və pas atmış mənəviyyatına (əgər olubsa) hopmuş ləkənin silinməsi mümkün olmayacaq. Rüfətə qarşı qəddarlığı bişirib-düşürənlər sırasında Əli, sənin və Ramiz Mehdiyevin müstəsna rolunu kimsə inkar edə bilməz. Penitensiar Xidmətə göndərilən əmrlər məhz sizin rəhbərə verdiyiniz yalan və uydurma məlumatlardan sonra icra olunurdu.

Son olaraq bir məsələni sənə xatırladım, Əli, Zağulbada hökumət bağında qalırdıq. Günün birində Tariyel Ağayev telefon açaraq evdə olmağı tapşırdı. Soruşdum nəsə var, Tariyel müəllim? Dedi, “Kişi zəng edəcək2. İyirmi dəqiqə sonra bağ telefonuma zəng gəldi. Prezident Heydər Əliyev idi. Salamlaşdıq. Necəsiniz cənab prezident, deməyimin cavabı sərt oldu: “Çox vacibdir sənə mənim necəliyim?” Üzr istədim. Beləliklə, bir mühüm məsələ ilə əlaqədar mənim fikirlərimi sorruşdu. Sonra mənə xeyli suallar verdi. Həqiqət necəydisə, ən xırda detallarına qədər olduğu kimi prezidentə məruzə etdim. Qorxudan ayaqlarm titrəyirdi. Məni axıra qədər dinlədi və narahat olmamağı məsləhət gördü. Səhəri axşam tərəfi qapı döyüldü, açdım ki, Əlidir. Evə dəvət etsəm də, saxta gülüşlərlə bayırda söhbət etmək istəyini bildirdi. Gəzə-gəzə iki saata yaxın danışdıq. “Prezident abrımı ətəyimə bükdü” - deyən Əli xəcalət çəkmədən “biz qardaşıq, bir-birimizi bağışlamalıyıq” - dedi. Siyasi satqınlığı, sanki mən etmişdim. Söhbətimiz bunula bitdi. Həmin gündən etibarən Əli ilə salam-sabahı kəsmək qərarına gəldim.

Eldar Sabiroğlu

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar