Hüseyn əsrlər boyu bizə dərs keçir

30 Avqust 2020 16:33    707 Baxış   
Hüseyn əsrlər boyu bizə dərs keçir
İmam Hüseyndən bəhs etmək o qədər asan deyil. Əsrlərlə bu mövzuda danışılsa da, yazılsa da, yenə də Həzrəti ifadə etmək mümkün olmayıb.

Bu, elə bir şəhadət yoludur ki, misli-bərabəri görünməyib. Bu, elə bir qəzavət yoludur ki, sağ qalanlar deyil, şəhid olanlar belə həm şəhid, həm qazidir. Bu, elə bir həqiqət yoludur ki, ölümün bu gün baş verəcəyini bilə-bilə imam və tərəfdarları Haqq yolundan dönməyib, zalım üzərinə yeriyib.

Şami-Qəriban gecəsində ölümə gedə bilməyənlər üçün Həzrət Hüseynin əmri ilə şamlar belə söndürülüb, zülmət yaranıb ki, insanlar utanmasınlar. Yerdə qalan 72 nəfər və yaxud azlıq onsuz da şəhid gedəcəklərini bildikləri halda, yenə də sağ qalacaqları utandırmamaq üçün onların üz-gözünə baxmayıb. Bu, necə əxlaqdır, bu, necə davranışdır, bu, necə düşüncə tərzidir? Buna yalnız peyğəmbər əxlaqı demək olar.

Peyğəmbər məqamını ölümündə də ucada tutan İmam Hüseyn və onun ailəsinə, sevənlərinə yalnız məhəbbət borcumuz var. Bu qana bais olan yezid və tərəfdarlarına isə nifrət və lənət duyğumuz var. Babası Muhamməd Əleyhissəlam, nənəsi Xədicə anamız, atası Əli əleyhissəlam, anası Fatimeyi-Zəhra anamız, bacısı yezid önündə məğrur dayanıb bəşəriyyətə Janna-Darklardan min dəfə çox dərs keçəcək olan Zeynəb validəmiz, qardaşı doğruculluğu, dürüstlüyü və güzəştcilliyi ilə seçilən İmam Həsən, daha say saydıqca, gör hansı məqam sahibinə İmam Hüseyn deyilir. Gör, bu yol necə böyük Haqq yolu, necə ülvi eşq yoludur.

Biz əgər Hüseyn şəxsiyyətində Hüseyn mahiyyətini görə bilsəydik, o zaman anlayardıq ki, İmam Hüseyn məktəbində keçilən ən böyük dərs zalımla mübarizə, yezidə tabe olmamaq dərsidir.

Görəsən, biz bu məqamı anlaya bilmişikmi? Haqla batilin savaşında biz özümüz yezidlə mübarizə aparırıqmı? Bəlkə elə özümüz də yezidləşmişik? Haqq deyənlərin yolunda yox, bizə büt düzəldənlərin yolunda yeriyirik? Görəsən, biz İmam Hüseynə layiq ola bilmişikmi?

Uca Allah bizə əvvəl hidayət, sonra məhəbbət, sonra cəsarət nəsib etsin İnşəallah.Amin!

Atif İslamzadə - filologiya üzrə fəlsəfə doktoru, dosent



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar