İki ayağını itirdiyini bilən əsgərin məğrurcasına, "Vətən sağ olsun" dediyinə şahid oldum - VİDEO

02 Martt 2021 13:38    11567 Baxış   
İki ayağını itirdiyini bilən əsgərin məğrurcasına, "Vətən sağ olsun" dediyinə şahid oldum -  VİDEO

Tibb bacısı Pərvanə Məmmədova 1972-ci il aprelin 12-də Füzuli şəhərində anadan olub. Füzuli Müalicə Diaqnostika mərkəzində Tibb bacısı işləyir. O, Vətən müharibəsində onlarla yaralı əsgərimizin dadına çatıb, yaraların sarıyıb...


Pərvanə Məmmədova həmin günləri belə xatırlayır: "44 günlük vətən müharbəsində acılı, amma çox qürur dolu günlər yaşadıq. 44 gün bizim üçün 44 il oldu. O ağır günlərdə yaşama ümidi olmayan əsgərlərimizin gözlərinə baxmaq çox çətin idi. Onlara hiss etdirmədən, sakit bir yerə çəkilib ağlayıb fəryad edirdim. Yaralı əsgərlərimizin qürurla xidmətində durmaq çox şərəfli idi. Onlar mənim övladım, qardaşlarım idilər. Çox ağrıları olmağına baxmayaraq, mərd dayanmışdı qardaşlarım... Hətta indi də yuxuda onların üzündəki təbəssümü görürəm. Özümə yer tapa bilmirəm".


Göz yaşlarını zorla saxlayan tibb bacısı üçün müharibə barədə danışmaq çox çətindir: "Artıq müharibə günü-gündən dərinləşirdi, torpaqlarımızı almağa başlamışdıq, eyni zamanda da şəhidlərimiz, yaralılarımız var idi. Təbii ki, bu, bizi üzürdü. Nə qədər ananın bağrı yandı, nə qədər atanın beli büküldü, nə qədər gəlinin gözü yolda, neçə-neçə övladın boynu bükük qaldı. Ölüm savaşın qaçılmaz bir nöqtəsidir. Bizim peşəmiz elə bir peşədir ki, əsgərlərimizə olan borcumuzu yerinə yetiririk. Amma təsəvvür edin ki, yaralanan hər bir əsgərin qanından, canından olduğunu hiss edirsən və bu hisslərə duyğularını əlavə etmiş olursan".



Qəhrəmanımız deyir ki, həmin günlər orada yaralı hərbçilərimizə xidmət etdiyi üçün özü ilə, peşəsiylə daha çox qürur duyub: "Fəaliyyətə başlayanda bizə dedilər ki, xəstəxana çevrəsində əsgərlərlə şəkil çəkdirmək qadağandır, çünki xain düşmən dəfələrlə xəstəxana ətrafını da nişan alıb. Bu səbəbdən axşamlar xəstəxana və ətrafdakı ərazilərdə işıqlar sönülü olurdu. Biz axşamlar gecə lampaları ilə çalışırdıq. Orada ikən Gəncə, Tərtər və və Bərdədə baş verən olaylar bizi çox üzürdü. Vətən, millətimiz üçün qorxurduq.

Yadımdadır, bir gün gecə növbəsində idim, bir yaralı əsgər vardı, özündə deyildi, səhərə qədər, "ana, ay, ana", deyə sayıqladı. Hər dəfə ana, deyəndə yanına getdim, "can balam", dedim. İki ayağını itirdiyini bilən əsgərin "vətən sağ olsun", yaxud da "məni tez sağaldın, yoldaşlarım şəhid olur, gedim qisasını alım, 20-30 erməni öldürüm", deyərək necə qisas hissi ilə yandıqlarının, məğrurluqlarının da şahidi oldum. Şuşanın xəbərini alanda sevincimizin həddi-hüdudu yox idi".

"Mən peşəmlə, sənətimlə çox qürur duyuram. Çünki mən o ağır günlərdə qardaşlarımın. Balalarımın yanında oldum. Mən indi qazi anası, qazi bacısıyam", - deyə müsahibimiz qürurla vurğulayır.



Yalçın Allahverdioğlu



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar