İlanın ağına da lənət, qarasına da

27 İyun 2021 14:15    7226 Baxış   
İlanın ağına da lənət, qarasına da




"Qardaş olub Hayastan-Azərbaycan” mahnısını yenidən oxumağa başlayaq?

Ermənistanla münasibətlər bundan sonra necə qurulacaq? Bu gün Azərbaycan xalqı üçün bu, ən mühüm məsələdir. Əlbəttə, rəsmi dairələr erməni havadarlarının dilini qısaltmaq üçün diplomatik normalara uyğun fikirlər səsləndirir. Vurğulanır ki, sülh sazişinin reallaşması, yolların açılması Ermənistana da xeyirli olacaq. Bəzən bu bir şıltaq uşağı yola gətirmək cəhdləri təsiri bağışlayır.


İki xalqı birgə yanaşı yaşamağa hazırlamaq barədə, qayğısız xoşbəxt həyatın bərpa edilməsi ətrafında müzakirə aparılır, xüsusən tok-şoularda. “Qardaş olub Hayastan-Azərbaycan” mahnısını yenidənmi oxumağa başlayaq? Bir əsrdən artıq acı təcrübəmiz bizə ibrət olmalıdır: erməni xislətli qövm ilə birgə yaşamaq qeyri mümkündür. Bu, genetika ilə bağlı deyil. Əsla! Genetik cəhətdən bütün millətlər eyni nəsildəndir - “Homo sapiyens”. Erməni xisləti isə bu xalqın beyninə totalitar sekta olan erməni kilsəsinin yeritdiyi: – başqalarına nifrət, təkəbbürlük, əslində faşizmə meyllilik əsasında formalaşır.


Bu kilsənin fəaliyyəti bizim ölkədə qadağan olmalıdır. Məsələn, təfriqə və təhlükə mənbəyi olan bir sıra dini (o cümlədən islam təmayüllü) təşkilatların bir neçəsinin fəaliyyətinə ölkəmizdə qadağa qoyulub. Nə üçün xalqımıza və dövlətimizə qarşı açıq azğın düşmənçilik siyasəti yürüdən erməni Qriqoryan kilsəsinə qarşı biz fərqli mövqe tutmalıyıq. “Baxın, biz erməni kilsəsini Bakıda necə əzizləyirik”- deyib bundan, hətta qürurlanmalıyıq? Bütün bu 27 ildə bir əhəmiyyəti oldumu bunların? – qətiyyən!


Fətullah Gülənin “Nurçularını”, bəzi digər ekstremist islam təriqətlərini necə süpürüb kənar etdiksə, erməni kilsəsinin də Azərbaycanda “persona non qrata” olunması vacibdir. Biz bu günlərdə Rus-Pravoslav kilsəsinin Bakı və Azərbaycan üzrə mitropoliti, Aleksandr (İşeyin) atanın necə böyük hörmətlə son mənzilə yola salınması mərasiminin şahidi olduq. Onun Birinci Fəxri Xiyabanda, ölkəmizin ən görkəmli şəxsiyyətlərinin uyuduğu məkanda dəfn edilməsi cəmiyyətdə müsbət qarşılandı. Çünki, bu həqiqi Xristian dəyərlərini rəhbər tutan şəxs cəmiyyətimizdə daim sülh və qarşılıqlı hörmətin təşəkkül tapmasına çalışıb. O, məlum çevrələrdən təzyiqlərə baxmayaraq, haqqın - ədalətin tərəfində olub.


Biz anlamalıyıq ki, Qaregin Njde, Monte Melkonyan və digər bu kimi əzazillərin müqəvvalarını su çiləyib “müqəddəsləşdirən” kilsə daim faşizm dağarcığı olacaq ölkəmiz üçün.


Sonra, unutmaq olmaz ki, biz ermənilərə hər türlü şərait yaratmağımıza rəğmən onlar bir gecənin içərisində necə amansız düşmən oldular. Nə üçün biz bu gün onların rifahı barədə düşünməliyik? Onların yenidən güc toplamasına, dirçəlməsinə heç vaxt imkan vermək olmaz. Törətdikləri dağıntılara görə hüquqi müstəvidə təzminat ödəmələri tələb olmalıdır.


Sülh sazişini imzalamadan əvvəl bu ölkənin Konstitusiyası dəyişməlidir: Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları bu sənəddən nəinki çıxarılmalı, hər iki ölkəmizin mövcud ərazisinin tanınmasını ifadə edən müddəalar yazdırılmalıdır bu Konstitusiyada. Cinayətkarları vəsf edən heykəllərin məhv edilməsi, “soyqırımı” mövzusuna xitam verilməsi və dərsliklərdən bunların çıxarılması; saxta xəritələrin üzərinə “Yalandır” möhürü vurulması və sair bu kimi məsələlər öz həllini tapmalıdır.


“Sadə erməni xalqı” – söz birləşməsi bu gün geniş istifadə edilir. Amma bir əsrdən artıq dövrdə biz bu toplumun bütün təbəqələrindən yalnız nankorluq, riyakarlıq və xainlik görmüşük; sadəlövh olmamız bəs deyilmi? Bizim tele-məkanda L. Ter Petrosyanı “ağıllı”, Paşinyanı “bizim üçün məğbul” hesab edənlər kobud səhv edirlər: biri hiyləgər, digəri həyasız və hər ikisi Robik - Serjik qədər bizim üçün təhlükədir.




Atalar demiş: “İlanın ağına da lənət, qarasına da!"


İsmayıl Vəliyev




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar