İndi məni ancaq Allah anlayır

31 Avqust 2020 17:13    380 Baxış   
İndi məni ancaq Allah anlayır
Dominant.az jurnalist-yazar Mərahim Nəsibin yeni şeirini təqdim edir:

Gecənin sehri

Külək əsir aram-aram dillənir,
Yarpaqlar da öz xoşuyla yellənir.
Sözə baxmaz ürəyimsə küllənir,
Uzaqdakı qatar səsin eşidib,
Neçə vaxtdır ağrı verir, dəyişib.

Gecəquşu öz işində-oxuyur,
Pişiyimiz nəsə tapıb qoxuyur.
Dualarım əllərimə toxuyur
Hisslərimi bu gecənin mehində,
Çiçəklərin yaşa dönən şehində.

Alabaş da hürür elə dayanmır,
Qurbağalar quruldayır yubanmır.
Bircə mənim qara bəxtim oyanmır,
Düşünürəm göyə baxıb niyəsin,
Daha gəlmir mənim nəsə deyəsim.

Layla çalır hərdən çayın səsi də,
Ürək açır bağ-baxçanın süsü də.
Mənimdirsə yaxşısı da, pisi də,
Yaxşısına, pisinə də susaram,
Ürəyimə daş bağlayıb asaram.

Xoruz hindən yavaş-yavaş banlayır,
Gəlmir deyə, sübh gecəni danlayır.
İndi məni ancaq Allah anlayır,
Düşünürəm baxa-baxa səmaya,
Əllərimdə dönə-dönə duaya.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar