Jurnalistika məhz budur - mənəvi zənginlik fonunda SÖZün və imzanın şərəfini qoruyub saxlamaq

22 İyul 2021 11:00    2222 Baxış   
Jurnalistika məhz budur - mənəvi zənginlik fonunda  SÖZün və imzanın şərəfini qoruyub saxlamaq

Üçüncü kursda oxuyanda Tovuzun "Həqiqət" qəzetində təcrübə keçirdim. Qəzetin çox sərt, həm də özü və sözü bütöv redaktoru Musa Musayev bir gün mənə dedi ki, səndən jurnalist olmayacaq. Çox təəccübləndim, hətta dəhşətli dərəcədə heyrətə gəldim: " Necə yəni olmayacaq? Mən bu peşə üçün həyatımın neçə ilini kitablarla yatıb-durmuşam ki, jurnalistika fakültəsinə daxil ola bilim". Ürəyimdən keçənləri dilimə gətirdim: "Yox, Musa müəllim, mən jurnalist olacam". Redaktorun cavabı illərdi yaddaşımdan qopmur. " Bəlkə də sən jurnalist ola bildin, amma yazılarından və imzandan başqa bu dünyada heç nəyin olmayacaq. Çünki jurnalist çox sırtıq olmalıdı, amma ifrat dərəçədə mədəniyyət nümayiş etdirməlidi".

Redaktorun özünəməxsus arqumentinin bir qisminin "həyat vəsiqəsi" aldığını sonralar taleyimdə və həyat təcrübəmdə gördüm, hiss etdim. Amma jurnalist ola bilməyəcəyim haqda söylədiyi fikir öz təsdiqini tapmadı. Mən jurnalist oldum.

Mən jurnalistikaya məbəd kimi baxdım, səcdəgah kimi önündə diz çökdüm. Mən jurnalistikaya heyrətlə gəldim, hələ də heyrət içindəyəm. Otuz beş illik fəaliyyətimdə jurnalistikanın heyrətdən doğurduğu xoş auranı taleyimin şansı hesab etdim.

Mən jurnalistikanın məktəbini oxudum. Beş il müəllimlərimdən dərs aldım. Janrları öyrəndim, xəbər yazmağın, sual verməyin təcrübəsini keçdim. Müsahibə götürəcəyim həmsöhbətimi çözmək, yaxud da, sözün yaxşı mənasında, "sökmək" üçün jurnalistika fakültəsində düz on semestr imtahan verdim, dörd və beş qiymətlər aldım.

Sonuncu kursda "Azərbaycan jurnalistləri böyük vətən müharibəsi illərində" adlı diplom işi yazdım. Müdafiədə müəllimlərim beş verdilər. Mövzunu yazarkən vaxtilə cəbhə xəttində, döyüş bölgələrində səyyar çıxan qəzetlərin tozunu uddum. Günlərlə dövlət arxivində həmin qəzetləri vərəqlədim, jurnalistlərin fəaliyyətini araşdırdım. Və nə qədər pafoslu səslənsə də elə o məqamlarda 40 il əvvəlin qəzetlərinin tozu, saralmış kağız rəngi məni jurnalistikaya bərk-bərk bağladı, bu peşəni sevdirdi, özünə bağladı.

Və beləcə... jurnalistikaya illərimi verdim, həyatımı fəda etdim. Jurnalistika mənim tale yolumda işıq oldu. Dünyadan küsəndə, həyatdan bezəndə jurnalistika əlimdən tutdu...

Mən jurnalistikanın fəhləsi, SÖZün qulu, mətbuatın nökəri oldum. Və bu statusumdan dolayı hər zaman qürur duydum.

Mən jurnalistikaya xəyanət etmədim. Heç vaxt ondan üz döndərmədim. Vaxt oldu ki, o, əlinin arxası ilə məni geri çevirmək istədi, amma mən onun cazibasından çıxa bilmədim. Bu gün, bu an, bu sətirləri yazanda da içində olduğum ahənrübanın "nəfəsini" alıram. Bu nəfəs mənim həyatımdı, taleyimdi. Mən ondan qaça bilmərəm.

Mən jurnalistikanın təmiz, ləkəsiz üzünü yazdım. Jurnalistikanın tələblərinə uyğun ədalətli, obyektiv və qərəzsiz yazılara imza qoydum.

Mən jurnalistkanın bir üzünü yazdım - doğru bildiyim üzünü. Jurnalistikaya gəldiyim gündən bu günə kimi bir əqidədə oldum. SÖZümün yerini bildim, onun dəyərini uca tutdum.

Jurnalistikada bir üzüm, bir simam oldu. Yüz sifət nümayiş etdirmədim. Dünən dediyimi bu gün inkar etmədim. Və bundan dolayı da hər zaman başımı dik tutdum. Kimsənin yanında dilim gödək, üzüm qara olmadı. Jurnalistikadan "zanaveska" kimi istifadə edənlərdən fərqli olaraq əxlaqıma, şərəfimə, qadınlıq ləyaqətimə, xanımlıq qüruruma bir gün olsun belə ləkə salmadım.

Jurnalistm vəsiqəmi hər zaman qürurla daşıdım. Bu vəsiqə mənim şəxsiyyətimi təsdiq edən vəsiqədən də qiymətli oldu.

Jurnalist ömrü, jurnalist taleyi başqalarına bənzəmir. Tam fərqli bir taledir, fərqli bir yaşamdır bu ömür. Bu ömürdə yaşananlar başqa peşə sahiblərinin taleyində olmur. Jurnalistin həyatı çalxantılarla, fırtınalarla dolu olan bir ömürdür. Onun gündəlik iş rejimi də tam fərqlidir. Əsil jurnalistin ürəyi həmişə sızlayır. Əsil jurnalistin beyni daim fəaliyyətdə olduğu üçün ağrıyır. Lakin bu sızıltılar, bu ağrılar çox şirin ağrılardır. Belə ağrılarla yaşadığım üçün onun həzzi də mənə tanışdır.

Bu peşəni seçməkdə səhv etmədim. Bir jurnalist olaraq xalqımın problemləri, vətənimin yaralari iç dünyamda kök atıb. İçimdə daim fırtına qopsa da, dünyam çalxalansa da çox xoşbəxtəm ki, jurnalistəm. Xoşbəxtəm ki, jurnalist taleyimin ağrılarını, hiss və duyğularını yaşada bilirəm. Bəlkə də ömrünün son iyirmi üç ilində yaşadığım talesiz həyatımın ağrılarına jurnalist olduğum üçün dözə bildim. Bəlkə də Tanrının mənə verdiyi Dözüm deyilən, lakin sonu olmayan Əzabın ağır çəkisinə jurnalist olduğum üçün tab gətirdim.

Okeanın ortasında qalmış yelkənsiz gəmini dalğalar gah o sahilə, gah bu sahilə çırpdığı kimi, mənim həyatım da bəzən ömrümün daş qayalarına çırpılıb parça-parça oldu. Lakin jurnalist olduğum üçün onu bərpa edə bildim. Bəzən yatmış bəxtimin şirin yuxularından oyananda "özümü qanıma qəltan olmuş" görsəm də "qanı axan yaralarımı" jurnalist olduğum üçün sağalda bildim. Jurnalist taleyim, jurnalist ömrüm həyatın dolanbac yollarından çıxmağımda həmişə köməkçim oldu.

Jurnalistikaya gəlməyimdən, həyatımı bu çətin və şərəfli, həm də müqəddəs peçəyə həsr etməyimdən qətiyyən peşman olmadım. İkinci bir ömür verilsəydi onu da jurnalistikaya həsr edərdim.

İllər öncə rayon qəzetinin redaktoru haqqımda dediyi bir fikirdə haqlı idi. Bu gün mənim gerçəkdən də imzam və SÖZümdən başqa heç bir sərvətim, varım-dövlətim yoxdu. SÖZümün kəsəri və imzamın ləyaqətindən qeyri jurmalistikadan bir qazanc götürmədim. Həmişə belə düşündüm və indi də o fikirdəyəm ki, jurnalistika məhz budu - mənəvi zənginlik fonunda SÖZün və imzanın şərəfini qoruyub saxlamaq.

Mən sırtıq ola bilmədim. Musa müəllimin bu haqda dediyi sözü heç vaxt qəbul etmədim, yaxınıma belə buraxmadım. Nə yaxşı da olmadım. Sırtıqlıq jurnalist SÖZünün, jurnalist ömrünün ləkəsidir. Bu ləkə ilə qazanılan maddi qazanc mənəvi sərvəti heç vaxt üstələyə bilməz.

P.S. Bu gün milli mətbuat günüdür. Ömrünü jurnalistikaya həsr etmiş, taleyini bu peşənin ağrı-acısına təslim etmiş jurnmalistləri təbrik edirəm.

Züleyxa Nadir


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar