Köçəryan Qarabağda yeni savaşa hazırlaşır

29 Dekabr 2020 14:07    1794 Baxış   
 Köçəryan Qarabağda yeni savaşa hazırlaşır

Ermənistanın sabiq prezidenti Robert Köçəryan yenidən aktiv siyasətə, daha doğrusu, hakimiyyətə qayıtmaq niyyətindədir.

O, bəhs olunan istiqamətdə artıq konkret addımlar atmağa başlayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan da cavab tədbirləri görür.

İlk olaraq Gaqik Cangiryanın vəzifəyə qaytarılmasına hazırlıq gedir.

1997-2006-cı illərdə Ermənistanın baş hərbi prokuroru, 2006-2008-ci illərdə baş prokurorunun müavini olmuş Cangiryan 2008-ci ilin fevralın 23-də İrəvandakı Azadlıq meydanında keçirilmiş müxalifət mitinqində sabiq prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresinin sıralarına qatıldığını, prezident seçkilərinin nəticələrinin total saxtalaşdırıldığını, Robert Köçəryanın qanunları tapdaladığını demişdi.

Elə həmin gün Robert Köçəryan sərəncan imzalayaraq Q.Cangiryanı vəzifəsindən kənarlaşdırmışdı.

Daha sonra həbs edilən Q.Cangiryan 16 aydan sonra azadlığa çıxmışdı. O, hazırda Erməni Milli Konqresinin ən fəal funksionerlərindən biridir.

Paşinyanın bu şəxsi, yəni R.Köçəryana nifrət edən Q.Cangiryanı yenidən hüquq-mühafizə sisteminə, daha doğrusu, prokurluq strukturuna qaytarmasının səbəbi onu sonradan Ali Məhkəmə Şurasına sədr təyin etməkdir.

Təyinat reallaşarsa, Q.Cangiryanın sabiq prezident Robert Köçəryana qarşı yeni ittihamlar səsləndirəcəyi və onu həbsxanaya qaytaracağı gözlənilir.



Nikol Paşinyanın sabiq prezident R.Köçəryanla bağlı aktivləşməsinin səbəbi dəyişməzdir. Əslən Dağlıq Qarabağdan olan və Ermənistanın siyasi, iqtisadi, maliyyə, hərbi və s. sahələrində çox önəmli mövqelər tutan ermənilər, yəni "karabaxtsilər" Paşinyan hakimiyyəti üçün ən ciddi və real təhlükə mənbəyi olaraq qalır.

İkinci Qarabağ Savaşının Ermənistanın kapitulyasiyası ilə başa çatmasından sonra ölkədə başlayan etiraz aksiyaları, mediada və ələlxüsus da sosial şəbəkələrdə N.Paşinyana qarşı aparılan kampaniyanın maliyyə, siyasi və təşkilati mənbəyi məhz "Qarabağ klanı"dır.

Bütün bunlarla yanaşı, Robert Köçəryan Dağlıq Qarabağdakı terrorçu xuntanın rəhbəri Araik Harutyunyanın da "vəzifə"sindən kənarlaşdırılmasına çalışır.

23 illik fasilədən sonra Xankəndidə "hakimiyyəti" tam nəzarət altına almaq niyyətində olan R.Köçəryan məramında qətidir.

61 yaşlı general-mayor, Xocalı canisi Vitali Balasanyanın Dağlıq Qarabağda "Təhlükəsizlik Şurası"na katib təyin edilməsi məhz Köçəryanın səylərinin nəticəsidir.

V.Balasanyan Ermənistanın sabiq prezidentinin ən sadiq kreaturalarından biridir.

Və əsla təsadüf deyil ki, Dağlıq Qarabağdakı terrorçu xuntanın "Təhlükəsizlik Şurası"nın yeni heyətdə ilk toplantısı keçirilib.

Toplantıda "Şura"nın katibi Vitali Balasanyan çıxış edib.

Onun çıxışından əsas tezisləri budur:

"Rusiyalı sülhməramlılarla bərabərhüquqlu təmaslardayıq və əməkdaşlıq edirik

Ermənistan və Rusiya rəhbərliyi ilə birlikdə itirilmiş rayonları geri qaytaracağıq

Qarabağlı ermənilərin mobil ordusu Təhlükəsizlik Şurasına tabe olacaq

Gələn il yanvarın 1-dən etibarən spirtli içki içən və narkotik maddə qəbul edənlər ciddi cəzalandırılacaq. Bu, rusiyalı sülhməramlılara da aiddir. Onlar general Rüstəm Muradovun köməyi ilə cəzalanacaqlar.

Dağlıq Qarabağdakı bütün dini sektalar bağlanacaq. Burada yalnız Erməni Apostol Kilsəsi olacaq.



Dağlıq Qarabağ rəhbərlərinin və məmurlarının hamısının Facebook səhifəsi qapadılacaq. İş vaxtı Facebook-da fəal olunanlar işdən qovulacaq.

Facebook-dan gerçəkliyə qayıtmaq zamanıdır".

Xankəndidəki yerli telekanala verdiyi müsahibəsində isə o deyib: "Qarabağ ordusunda islahatlar zəruridir. Şəxsi heyət sayı ilə bağlı ciddi problemlər var. Hamı orduda xidmət etməlidir. Hərbçilər yüksək maaş alacaqlar. Bundan başqa, Sərhəd Qoşunları yaradılacaq. Ordu isə bilavasitə Təhlükəsizlik Şurasına tabe olacaq".

V.Balasanyanın sözlərinə görə, Dağlıq Qarabağda kontrakt əsasında xidmət edən hərbçilərdən ibarət ehtiyat, "adi ehtiyat" və könüllülərdən ibarət dəstələr yaradılacaq.

"Bizdə normal ordu, hərbi polis, Milli Təhlükəsizlik Xidməti də olacaq. Antiterror əməliyyatlarını xüsusi struktur həyata keçirəcək", - o deyib.

V.Balasanyanın təyinatı qarabağlı ermənilərin, Ermanistandakı revanşist qüvvələrin və ümumiyyətlə, dünya erməniliyinin Qarabağla bağlı planlarının mahiyyətini aşkarlayan məqamlardan biri də sayıla bilər.

Balasanyan noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatı "atəşkəs müqaviləsi" adlandırır.

O, işğaldan azad edilmiş ərazilərimizi "işğal olunmuş" sayaraq deyib ki, "Qarabağ ilk imkan düşən kimi torpaqları geri qaytarmağa çalışacaq".

"Qarabağın mobil ordusu"na gəldikdə isə, deyəsən, Robert Köçəryan əlaltısı Vitali Balasanyanın rəhbərliyi ilə Dağlıq Qarabağda "yeni", İsveçrə sistemi ilə "ordu" qurmaq niyyətindədir. Belə sistem çağırış yaşlı kişilərin çox qısa müddətdə səfərbərliyini və onların ucdantutma silahlandırılmasını ehtiva edir.

Balasanyanın arzusu 1 sutka ərzində 100 min ermənini silahlandıraraq səngərlərə yollamaqdır.



Ermənilər ümid edirlər ki, yaxın iki-üç il ərzində "postsovet məkanı üçün tam yeni ordu" yarada biləcəklər.

Facebook məsələsinə gəldikdə isə, bu, ilk baxışdan göründüyü kimi komik və ya ironik məsələ deyil. Facebok və ümumiyyətlə, sosial şəbəkələr hazırda informasiya savaşlarının ən effektiv vasitəsidir. Ermənistan isə bu savaşda uduzduğundan Robert Köçəryan təftiş apartdıraraq sosial şəbəklərdə yeni fəaliyyət strategiyasını formalaşdırmağa çalışır.

... Görünən budur ki, ermənilər aqressiv, sərt revanşizm hisslərinə qapılıblar. Onlar yeni savaş istəyirlər.

Həmin savaş başlarsa, Ermənistanın taleyinin necə olacağını isə, deyəsən, ermənilər təxminləyə bilmirlər.

Elçin Alıoğlu


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar