Koronavirus göydən enən bəla deyil, bəla ətrafımızdadır

08 Dekabr 2020 10:06    492 Baxış   
 Koronavirus göydən enən bəla deyil, bəla ətrafımızdadır

Azərbaycanda yüz minlərlə insan koronavirusa yoluxub, ölüm sayı kəskin artıb. Səhiyyə sistemi artıq fəlakətə reaksiya vermək qabiliyyətini itirməyə başlayıb. Xəstəxanalar doludur, təcili yardım çağrışlara gedə bilmir, dərmanlar qıtlaşıb və olduqca bahadır. Belə katastrofik vəziyyətdə nə baş verir?


Əhali kütləvi testdən keçirilmir, gündə 17-20 min aralığında test aparılır. Halbuki inkişaf etmiş ölkələrin təcrübəsində dövlət maksimum test etməklə xəstələri müəyyən etməyə, onları təcrid etməklə yoluxmanı və ölüm səviyyəsini azaltmağa çalışır.

Azərbaycaycanda dövlət dəyəri 5 dollar olan testlər alıb tibb müəssisələrinə paylamır. Bu iş bir neçə klinkanın monopoliyasındadır. 5 dollarlıq testi 55 dollara satırlar, əksəriyyətin ondan istifadə etməyə maddi imkanı çatmır.

Koronavirusa qarşı mübarizədə istifadə olunan dərmanlar da hədsiz bahadır, dərman mafiyası onu dəyərindən, az qala 100 dəfə baha satır, yenə də əksəriyyət onu alıb istifadə edə bilmir və nəticədə xeyli insan məhz bu səbəbdən həyatını itirir. Bəzi məlumatlara görə, hətta Türkiyə və s. ölkələrin humanitar yardım kimi göndərdiyi bu dərmanlar əl altından bazara çıxarılır və od qiymətinə satılır.

Xəstəxanalarda yer yoxdur, əlbəttə bu təbiidir, yoluxma hədsiz çoxdur. Amma müasir aparatların olduğu bəzi xəstəxanalarda yerlər məmurlar tərəfindən bron edilir, yaxud insanlar olduqca yüksək qiymətlərlə bu xəstəxanalarda müalicə olunmaq şansı qazanırlar.

Problemlər, süni əngəllər, bürokratiya, özbaşınalıq xirtdəkdəndir. Bir qrup adam insanların qanı, canı, həyatı hesabına milyonlar qazanır və bu cinayətlərə dövlətin reaksiyası təəssüf ki, yoxdur. Cəmiyyət də ibtidai icma quruluşunda olduğu sayaq koronavirusu göydən gələn bəla hesab edib taleyi ilə barışır. Halbuki, korona ilə bərabər onların həyatına bais olan ikiayaqlı milyonçu koronalar var.

Elçin Rüstəmli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar