Laçın-Xankəndi yolunun sıfır nöqtəsindəki sərhəd-buraxılış mənqətəsi: Azərbaycanın açacağı ATƏŞLƏR - TƏHLİL

23 Aprelel 2023 20:35    2996 Baxış   
Laçın-Xankəndi yolunun sıfır nöqtəsindəki sərhəd-buraxılış mənqətəsi: Azərbaycanın açacağı ATƏŞLƏR - TƏHLİL

Azərbaycan dövləti Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsini qurdu.

Bu, Ermənistanın birtərəfli qaydada, aprelin 22-də Azərbaycanla sərhədin Laçın-Xankəndi yolunun girişində buraxılış məntəqəsinin qurulmasına adekvat cavabdır.

Hadisəni 10 Noyabr Bəyanatının 6-cı maddəsinin icrasında gəlinən yekun nöqtə hesab etmək olar. Çünki həmin məntəqə Bəyanatda qeyd olunan “Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir” prinsiplərinə əsaslanır.

10 Noyabr Bəyanatının qüvvədə olma müddəti yekun nöqtəyə doğru yaxınlaşdıqca, Azərbaycan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərində bir sıra mühüm addımlar atması üçün yeni şansa yiyələndi.

Proseslərə son həftələrdə Qərbdən regiona intensiv səfərlər və Rusiyanın maraqları fonunda izah vermək zərurəti də yaranır.

Konseptul olaraq Azərbaycan və onun sərhədləri məsələsi Qərb, əsasən də ABŞ - Böyük Britaniya ikilisinin diqqət mərkəzində dayanır, hərçənd ki, Vaşinqton Londondan fərqli olaraq ara-sıra bəzi cığal davranışları Ermənistanın xeyrinə nümayiş etdirib.

Avropa İttifaqı isə Qərbdəki Azərbaycanla Ermənistan arasında seçim edən qüvvələrin əlində yellənərək qəti və vahid mövqe qoymaqdan çəkinirdi, lakin Brüssel Bakı ilə münasibətlərin ruhunu sarsıtmaqda maraqlı deyil.

Rusiya isə Azərbaycanın sərhədlərinin təhlükəsizliyi məsələsinə Bakının strateji maraqları kontekstindən deyil, özünün maraq dairəsi bucağından baxır, lakin Kremllə Bakı bir sıra məsələləri böyük ölçüdə razılaşdırmış kimi görünür.

Rusiyanı narahatlıq içərəsinə salan Ermənistanın sərhədlərindəki hadisələrin İrəvanı əridib yox etmək potensialı deyil, Moskvanı düşündürən hadisələrin Qarabağdakı nizamlanma oxuna təsirləridir.

Rusiya hər vəchlə Qarabağdakı sülhməramlı qüvvələri vasitəsilə özünün tənzimləmə müstəvisindəki monopoliyasını qurmağa cəhd edir və gələcək üçün mümkün böhranların idarə edilməsi üçün barmaq yeri saxlayır.

Ancaq Azərbaycan regionda birbaşa hərbi iştirakı olan Rusiya ilə danışıqları, onun nəticələrini kənara ata bilməz, əksinə bir sıra məsələlər Moskva ilə danışıqlar nəticəsində ortaya çıxır.

Ona görə də, Laçın-Xankəndi yolunun sıfır nöqtəsindəki buraxılış məntəqəsi üzrə nəzarət mexanizminin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirmə şəraitində həyata keçiriləcəyi başadüşüləndir.

Əlqərəz, budəfəki hadisə Qarabağda yaşayan ermənilərin seçim imkanını ikidən artıq edə bilmir, hərçənd ki, yeni-yeni təhlükəli versiyalar ortaya çıxa bilər. Məsələn, Azərbaycan Rusiyanın Qərblə dərinləşən və kəskinləşən mübarizəsi fonunda Qarabağdakı erməni əhali ilə manipulyasiyaya başlaya bilmə ehtimalını nəzərə almalıdır.

Düzdür, Azərbaycan baş verə biləcək təxribatlara da adekvat cavab tədbirləri düşünür, onun planını tərtib edir, amma prosesin uzanması Bakı üçün situativ çətinliklər yarada bilər.
Lakin təcrübə göstərir ki, Azərbaycan bu zamana qədər istər Qərb, istər Rusiya, istərsə də İran mərkəzli təxribatların öhdəsindən gələrək ən çətin mərhələləri adlayıb, Qarabağ üzrə təxribat kanallarını böyük miqyasda qapada bilib.

Deməli, nəticə olaraq, Qarabağdakı ermənilərin seçimi həqiqətən də 2-dən artıq deyil – ya Azərbaycan Konstitusiyanı qəbul etməli, ya da Azərbaycan ərazilərini tərk etməlidirlər.

Sərhəd-buraxılış məntəqəsinin qurulması erməni əhalinin seçim qərarlarının aydınlaşdırılmasına kömək edəcək. Yox, əgər iki variantdan da imtina edilsə, Azərbaycan milli təhlükəsizlik prizmasından çıxış edərək ölkə qanunlarına itaətsizlik göstərəcək şəxslərin cəzalandırılması qaydasını nümayiş etdirəcək.

Hər halda, görünən odur ki, sərhəd-buraxılış məntəqəsi Qarabağdalkı ermənilərin Azərbaycanın ictimai-siyasi həyatına inteqrasiyası üçün yeni mərhələdir – indi separatçılar, mülki ermənilər bu şansı dəyərləndirməlidir. İndi separatçıların özləri və mülki erməni əhali üçün düzəltdiyi saxta pasportların da əhəmiyyəti qalmır, çünki keçid zamanı o pasportlar tanınmayacaq. Deməli, keçidin təmini üçün həmin pasportlar Azərbaycan, ya da Ermənistan pasportları ilə əvəzlənməlidir.

Azərbaycanın quraşdırdığı sərhəd-buraxılış məntəqəsində naryad Dövlət Sərhəd Xidməti tərəfindən təşkil ediləcək, artıq Azərbaycan ərazilərinə giriş üçün heç bir alternativ yol qalmır. Sərhəd naryadı mümkün təxribatların qarşısını almaq üçün atəş açmaq, təhlükəli ünsürləri zərərsizləşdirmək üçün beynəlxalq norma və hüququn tanıdığı addımlar atmaq səlahiyyətinə malikdir. Deməli, Azərbaycan Laçın-Xankəndi yolundakı sərhəd məntəqəsi ilə növbəti ATƏŞ açmaq üçün beynəlxalq dəstək də qazanmış olacaq.

Ermənistanın bundan sonra Qarabağa silah daşıması üçün kanallar bloklanır, təbii ki, burada aviasiya uçuşları ilə silah ötürülməsindən söhbət heç gedə bilməz.

Hər halda, Azərbaycan indi Xocalıdakı aeroporta da nəzarəti bərpa etməyi düşünür, ən azından növbəti reallaşdırıla bilməyən, lakin Bakını təxribata çəkmək üçün verilə biləcək bəyanatlara cavab olaraq.

NƏTİCƏ:

Laçın yolundakı məntəqə regional hərbi tarazlığın pozulması cəhdlərinə, Azərbaycan sərhədləri yaxınlığında silahlı təxribatlara cavab olaraq quruldu.

Bu, sərhəd mübahisələrinin daxili məsələlərlə əlaqələndirilməsi, münaqişənin yenidən zühur etdirilməsinə qarşı, real və potensial təhdidlərin dəf edilməsini asanlaşdıran addımdır.

Hadisə Azərbaycan-Ermənistan şərti sərhədlərindəki təhlükəsizlik sistemi üçün presedent rolunu oynaya bilər, hərçənd sərhəddə Azərbaycanın xeyrinə daha böyük hadisələrin olacağını proqnozlaşdıra bilən əlamətlər çoxdur…(oxu.az)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar