Məhz bu faktor Rusiyanın düzələcəyinə ümidi azaldır...

23 Yanvar 2021 20:18    345 Baxış   
Məhz bu faktor Rusiyanın düzələcəyinə ümidi azaldır...

Bu gün həm Rusiyanın, həm də dünyanın bir çox yerində Aleksey Navalnı tərəfdarlarının icazəli-icazəsiz aksiyaları keçirilir. Rusiyanın daxilində keçirilən aksiyaların, demək olar ki, hamısı icazəsizdir. Ona görə yox ki, müxalifət nümayəndələri qayda pozmağı sevir və bundan həzz alır. Sadəcə onların başqa yolu yoxdur, necə deyərlər, alternativləri əllərindən alınıb.

Putin iqtidarı illərdir bütün siyasi və ictimai haqları daraltmaqda, insanların sərbəst fəaliyyətinə maneələr törətməkdə, inzibati resurslardan istifadə edərək, müxalifləri təqib etməkdədir. Yeni bir şey yoxdur, diktatura və avtoritarizmin klassik formasıdır.

Bununla belə, Rusiyanın ictimai qüvvələri də yeni bir şey göstərə bilmir. Ölkə əhalisinin, təxminən, yarısı yerli (köklü) xalqlar olduğu halda, velikoros şovinizmi tüğyan edir, amma müxaliflərdən heç səs çıxmır bir yana, hətta onların da arasında bu siyasi xəttin nümayəndələri az deyil.

Qarabağ müharibəsi vaxtı və Azərbaycanın ərazi bütünlüyü məsələsində dəfələrlə şahidi olduq.

Bütün şüarları sosial-iqtisadi sahəyə, korrupsiya ilə mübarizəyə aid olan rusiyalı müxaliflərin əksəriyyəti (demirik, hamısı) demokratikləşmə və insan haqları mövzusunda, əslində səmimi deyil.

Bir insanın milli haqlarının ən təməl insan haqları çərçivəsində görüldüyü bir əsrdə yaşayırıq. Ancaq Rusiyanın iqtidar və müxalifət qüvvələrinin, sanki bu məsələdən xəbərləri yoxmuş kimi, tamamilə lal və kar obrazında çıxış etmələri bizi narahat etməyə bilməz.

Baxın, Moldovanın rus işğalı altında olan Dnestryanı hissəsinə. 30 ildir, Rusiya qoşunları sülhməramlı adı altında bu əraziləri zəbt edib, qondarma Dnestryanı Respubllika qurub və çıxmaq istəmir. Dünən və bu gün alınan son xəbərlərə görə, qondarma Dnestryanı Respublikasının qondarma Daxili İşlər Nazirliyi vətəndaşları ehtiyacı olan insanlara şəfqət göstərməyə çağırır. Köməklik göstərilməsi gərəkən insanlar isə sən demə, evsiz, işsiz, küçələrdə gecələyən təbəqənin nümayəndələridir.

Bu ağır vəziyyətin miqyasını anlamaq üçün aşağıdakı xəbərə baxmaq kifayətdir: “İnsanlar soyuqda açıq havada qalıblar. Ona görə də Dnestryanı ərazisi boyunca isinmə və soyuqdan qorunma nöqtələrinin yerləşdirildiyi bildirilır”.

Ərazisi boyunca! Bu da qondarma müstəqillik və Rusiyanın dövlət quruculuğu ənənəsinin sonu.

Halbuki, Dnestr çayının digər sahilində, müstəqil Moldova Respublikasında buna bənzər hal yoxdur.

Elə bircə bu hal özü hər şeyi göstərməyə bəs edərdi, amma Abxaziyadamı, Güney Osetiyadamı, Krımdamı vəziyyət fərqlidir? Xeyr, oralardakı xalqların da halı, demək olar, eynidir ya da fərqli problemlərin içində boğulurlar.

Əmin olun ki, bir azdan Qarabağda da eyni hal yaranacaq, ermənilər rus sülhməramlılarının fəaliyyətindən narazı qalıb, Azərbaycandan imdad diləyəcəklər. Çünki Rusiya öz xalqına gün ağlaya bilməyən bir ölkədir, başqasınamı faydalı olacaq?

Bu baxımdan mən son vaxtlar bütün yazılarımda, çıxışlarımda xüsusilə vurğulayıram ki, saatın əqrəbləri bizim xeyrimizə işləyir... Zamanı doğru dəyərləndirmək lazımdır.

İndi Rusiya küçələrində etirazçılar ilə polis qüvvələri arasında iğtişaşlara baxırıq, döyən də, döyülən də rus milliyyətçiləridir böyük ölçüdə.

Kimisi SSRİ üçün darıxan, kimisi çarizmi qaytarmaq istəyən, kimisi də liberal imperiyaların xəyalı ilə yaşayan...

Biz əlbəttə ki, avtoritar Rusiya yerinə demokratik və hüquq aliliyinin olduğu Rusiyanı tərcih edirik. Yalnız, nədənsə belə bir Rusiyanın qurulacağına inam azdır. Ona görə yox ki, Şimal qonşumuz demokratiyanın çətin gediləsi yol olduğundan qorxur, qətiyyən, ona görə ki, imperialist təfəkkuründən millət olaraq xilas ola bilmir.

Və məhz bu faktor Rusiyanın düzələcəyinə ümidi azaldır...

Anar Əsədli

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar