Milli Məclisin Mədəniyyət komitəsinin sədri qazaxıstanlı politoloq və bloqgerlərlə görüşüb

17 Noyabr 2020 14:34    538 Baxış   
Milli Məclisin Mədəniyyət komitəsinin sədri qazaxıstanlı politoloq və bloqgerlərlə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ölkəmizdə səfərdə olan Qazaxıstan politoloq və bloqgerlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Qardaş ölkədən gəlmiş politoloq və bloqgerləri salamlayan Komitə sədri, onların əlsində qonaq olmadığını, bir vətənlərindən o biri vətənlərinə gəldiklərini vurğulayaraq, Qazaxıstan-Azərbaycan dostluq-qardaşlıq münasibətlərinin tarixindən, bugünündən və gələcəyə ortaq baxışdan danışıb. Məhz qazax politoloq və bloqgerlərin bizimçün həssas günlərdə respublikamıza səfərə gəlməsinin özünü də qardaşlığın təsbiti kimi qiymətləndirən Qənirə Paşayeva, belə ixtisaslaşmış heyətin müşahidələrinin, yazdıqlarının xüsusi önəm daşıdığını deyib.

Qazaxıstana səfərlərini, eləcə də, Azərbaycana səfər etmiş qazax ziyalıları ilə çoxsaylı görüşləri xatırladan Qənirə Paşayeva, ziyalıların qardaşlıq bağlarının möhkəmlənməsi və həqiqətlərin yayılmasında müstəsna rol oynadığını bildirib:

“Mən çox məmnunam ki, bu gün sizinlə görüşüb, fikir mübadiləsi aparırıq. Məlumat vermək istərdim ki, Beynəlxalq Türk Akademiyası ilə birgə hazırladığımız “İtirdiyim xoşbəxtlik” adlı antologiyanın birinci cildi bugünlərdə Nur-Sultanda qazax dilində nəşr olunub. Antologiyada Qarabağ hekayələri toplanıb. Adından da gördüyünüz kimi, insan üçün ən ağır itkidən – qeyb olan, uzun illər əlimizdən alınan xoşbəxtlikdən söz açılıb o hekayələrdə - oğurlanan uşaqlıq, yarıda qalan arzular, qırılan talelər... – bunlar bizim acı amma gerçək həyatımız, ömrümüz olub... Biz o hekayələri yazanda və antologiyanı tərtib edəndə torpaqlarımız işğal altındaydı. İndi çox şükür, müzəffər Azərbaycan Ordusu torpaqlarımızı azad edib. Artıq zəfər hekayələri yazılacaq və onları da qazax qardaş-bacılarımızla paylaşacağıq”.

Qənirə Paşyeva Qazaxıstanlı heyət üzvlərindən daha öncədən tanıdıqlarının olduğunu, yeni tanışlıqlardan da çox məmnun qaldığını qeyd edib.

Qazaxıstanlı heyət üzvlərindən Nurqali Jusufbay (Ea-news.kz portalının baş redaktoru), Ashat Kasenqali (Bloqer, politoloq), Samat Nurtaza (Avrasiya İnteqrasiya İnstitutu, politoloq), Almas Altay (Bloqer), Kuanış Edilxanov (Bloqer), Serik Maleyev (Halyk.kz “youtube” kanalının və Altyn-Orda.kz saytının rəhbəri), Baurjan Serikbayev (Politoloq), Nurgeldi Usbonov (Abai.kz saytının baş redaktoru), Aman Mambetaliyev (Bloqer, politoloq) çıxış edərək, respublikamıza səfər təəssüratlarını bölüşüblər.

Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşdə, qazax ziyalıları 44 günlük Azərbaycan Böyük Vətən Müharibəsinin zəfərlə başa çatması münasibəti ilə Azərbaycan xalqına öz təbriklərini, istək və arzularını çatdırıblar.

Qənirə Paşayeva görüş bitdikdən sonra qazax KİV-lərinə müsahibə verib, onları maraqlandıran sualları cavablandırıb.

Görüşdə “Regional Hüquqi və İqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, araşdırmaçı-yazarlar Əkbər Qoşalı, Aida Eyvazlı və Beynəlxalq Türk Akademiyası Prezidentinin müşaviri Füzuli Məcidli iştirak edib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar