Moskvaya "proşay", Ankaraya salam!

12 Oktyabr 2020 11:50    694 Baxış   
Moskvaya "proşay", Ankaraya salam!

"Rusiyanı Qarabağ probleminin həllində neytrallaşdırmaq ən vacib məsələsidir

Dünəndən yenə Rusiya ilə bağlı ehtiyatlı davranmağa, Rusiyanı birbaşa düşmən kimi göstərməməyə çalışan bir çox yazı və mesajlara rast gəlirəm.

Məmləkətimin gözəl insanları bir həqiqəti qəbul edin, artıq, biz Rusiyaya dost deməklə Rusiya bizə dost olmayacaq. Tarixən də belə olub, indi də belədir və belə olacaq. Özünüzü yormayın.

Yaxşı, bizə inanmırsınız, gedin, kitab açın, tarix və siyasət elminin uzmanlarını oxuyun. Məsələn Samuel Hantinqtonun, Francis Fukuyamanın son əsərlərinə baxın, görün, Rusiya və Ermənistanın tarixi maraqları nədir və neçə illərdir, necə qorunur. Ermənistan həmişə Rusiyanın iqtisadi və hərbi yardımından asılı olub. Hər iki ölkənin üst-üstə düşən strateji maraqları var. Bu tarixi həqiqətlərin üzərindən çıxış edərək təhlillər aparılmalı və cəmiyyəti buna görə hazırlamaq lazımdır.

Sizin kimi düşünən insanlara güvənərək Moskva "Gürcüstandan fərqli olaraq, Azərbaycanda hər zaman yerim var", - deyə rahat siyasət yürüdür.

Baxın, Moskvanın vasitəçiliyi ilə Humanitar atəşkəsin ilk günü Gəncədə mülki əhaliyə bomba atılır. Qafqazda Qarabağ kimi qan ocağı yaradan, Azərbaycanı qanlı münaqişəyə cəlb edən Rusiyanın "atəşkəs" üzü elə belə olmalı idi. Bu, təsadüfi deyil.

Cəmi bir neçə ay öncə Rusiya sevdalısı Zahid Orucun Rusiyanın Qafqaz siyasəti ilə bağlı yazısına cavab verərkən xüsusilə Rusiya məsələsini qabardaraq və israrla qeyd edərək bildirdim ki, Rusiya regionda heç vaxt bizim haqq səsimizi müdafiə etməyəcək, bu regionda erməni onun siyasi alətidir, Qarabağ münaqişəsi ölkəmizin suverenliyinə şantaj yeridir. Təəssüf ki, bu mövqeyimiz tam düzgün qiymətləndirilmədi, cavab şəxsən Zahid Oruc və mənim aramda olan polemika səviyyəsində qəbul olundu və hətta bir çox media rəhbəri yazını dərc etməkdən imtina edib bildirdi ki, deputatla şəxsi dostluğu var...

Amma baxın, faciənin əsası həm də buradan qaynaqlanır, yazının mahiyyətindən deyil, onun bu dönəmdə, yəni Rusiyaya qarşı dirəniş göstərdiyimiz bir vaxtda nə qədər əhəmiyyətli olduğundan çıxış etmək əvəzinə, yalnız şəxsi prizmadan yanaşılaraq, “bu yazını versək, deputatla aramız dəyər, xeyirdə-şərdə işimizə yarayır” deyə düşüncə sərgilənir...

Bu düşüncə sahibləri ilə bu dövlət müharibəni necə aparsın?! Və bu düşüncə sahibləri yalnız medianı iqtidarı və müxalifəti təmsil etmirlər. Bu məsələ cəmiyyət olaraq problemimizdir.

"Rusiya başımıza bomba yağdırar, Türkiyə bura gəlsə Qarabağı almamıza mane olacaq" deyən təfəkkür və zehniyyətin "dostları" ilə necə bir milli savaş verə bilərdik?

İqtidar aydın idi, uzun illər bir qismi Moskvanın "fortuçkasından" baxdı dövlətə, yeni gələnlərin əksəriyyətinin isə dövlət anlayışı yox idi, şirkət kimi baxırdı respublikaya...

Ona görə də ortada bu boyda komandadan bir çox sahədə işləyən, demək olar ki, vuruşan yalnız Hikmət Hacıyevdir.

Niyəsi və səbəblərini qısaca qeyd etdik, bu, indi müzakirə olunacaq məsələ deyil. İndi yalnız bir məsələ var - informasiya cəbhəsində uduzmamaq və dövlətə dəstək. Bütün dünya görməlidir ki, bu savaşı yalnız Prezidentlə köməkçisi Hikmət Hacıyev aparmır, bütün xalqın istəyidir bu savaş!

Çünki bu xalq işğal olunmuş torpağını geri almaq istəyir, doğulduğu, böyüdüyü yerlərə dönmək istəyir və bu onun müqəddəs haqqıdır.

Məhz elə bu baxımdan bizim həm hərbdə, həm diplomatiyadakı tək və yenilməz gücümüz xalqdır.

Həmin o xalq ki, 30 ildir Rusiyaya qarşı həm müstəqilliyini həm ərazi suverenliyini qorumağa çalışır və bu mübarizədə dirəniş göstərir. Bu 30 ildə Rusiya da eyni əzmlə xalqımıza qarşı öz məkrli siyasətində dirəniş göstərir.

Ermənistana daim və son günlərdə isə xüsusən durmadan silah daşıyan Rusiya diplomatiya sahəsində də öz terrorist “yavru”suna qayğısını və himayəsini əsirgəmir.

Həm tarixən regionda apardığı işğalçılıq siyasəti, həm də dövlətimizə qarşı olan qərəzli strategiyası, terrorçu ölkəni silahlandırması göstərir ki, Rusiyanı Qarabağ probleminin həllində neytrallaşdırmaq günümüzün ən vacib məsələsidir.

Bütün dünyaya izah etməliyik ki, bu savaş sadəcə bizim torpaqlarımızın azadlığı uğrunda deyil, müharibənin əsas məqsədi Qafqazda illərdir, axan qanı dayandırmaq, regionda Rusiyanı zərərsizləşdirmək və bununla da sülhə nail olmaqdır.

Əlbəttə ki, bu məsələ bizim tək bacaracağımız iş deyil. Bizim güclü beynəlxalq dəstəyə ehtiyacımız var. Bu güclü dəstəyi isə bizə regionda verə biləcək tək ölkə Türkiyədir. Türkiyə həm də qərbin regiondakı maraqlarının yeganə təminatçısıdır.

Azərbaycan siyasiləri olaraq, Ankaranın Qafqaz regionu siyasətində baş rol alması, Rusiyanın isə erməni terroruna dəstək verən ölkə olduğunu vurğulamalı və bu istiqamətdə çağırışlarda bulunmalıyıq.

Ölkənin siyasi elitası dövlətin diplomatiya baxımından edə bilmədiklərini siyasət meydanlarında göstərməlidir. Hakimiyyətin bütün bu savaş dönəmi atdığı addımların xalqdan qaynaqlandığını, xalqın istəyinə söykəndiyini göstərmək zamanıdır.

Bu gün həm də Moskvaya qəlblərdə və şüurda birdəfəlik “YOX” demək, Ankaranı isə salamlamaq lazımdır.

Anar Əsədli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar