Müdafiə Nazirliyini 17 əsgər məzarı ətrafında baş verən bu boyda qarışıqlıq heçmi narahat etmir?

27 Yanvar 2021 13:00    1484 Baxış   
Müdafiə Nazirliyini 17 əsgər məzarı ətrafında baş verən bu boyda qarışıqlıq heçmi narahat etmir?

İki gündür izləyirəm və gözləyirəm. Bəlkə aidiyyəti qurumlar çıxıb hər hansısa bir açıqlama verər, izah verər və nəhayətdə anlayarıq ki, əslində nə baş verir və ortadakı mənzərənin günahkarı kimdir və yaxud necə olub ki, belə bir mənzərə yaranıb? Amma baxıram ki, bekara gözləyirəm, nə qədər ki, susublar qoy suallarımı mən də verim. Ona görə də deməsəm olmaz.

Bütün sosial şəbəkələr silkələnir. Şəhid övladlarının məzarını su basan valideynlər etiraz edirlər.

Niyə? Ona görə ki, övladlarının köhnə zibilxana və bataqlıq yerdə dəfn edilməsi ilə barışmırlar, onların nəşinin Şəhidlər Xiyabanına köçürülməsini istəyirlər. 17 şəhid ailəsinin, hətta gecəni məzarlıqda keçirdikləri deyilir...

Susan qurumların susmaq bilməyən trolları hər vəchlə iddia edirlər ki, "köhnə zibilxana və bataqlıq yer" deyil, orda çox gözəl Xiyaban salınacaq, güllük gülüstanlıq olacaq və s. Bir sözlə, onlar hər şeyi görür, biz koruq ... Mənim gözüm "-6"-dır deyə mübahisə etmirəm, bəs başqaları necə? Hamı kor ola bilməz axı.

Bütün sosial aləm qaynayır, bircə aidiyyəti qurumlar ağızlarına su alıb oturub. Sanki nə onlar bu ölkədə deyillər, nə də heç nədən xəbərləri yoxdur.

Biri çıxır deyir, "təxribatdır", o biri çıxır deyir "özləri istəklərinə çatmaq üçün belə ediblər", "biri deyir, qəbirləri dağıtmağa cəhd etməklə təxribata yaradırlar" və s və ilaxır.. Bircə nəfər çıxıb demir ki, qrunt suları bu qəbirlərə necə dolub?!

Bir milyon müxtəlif fikir var... Qaynaşma, əsəb, stress, qışqırıq, gərginlik... Amma zati möhtərəm bütün aidiyyəti qurumlar susur. Heç olmasa, icra hakimiyyəti səviyyəsində də demirəm, qəbiristanlıq rəhbərliyi səviyyəsində belə, çıxıb kimsə bir açıqlama vermir ki, adam bilsin, məsələnin kökü nədir...

Varsa, hansısa rəsmi bir münasibət, açıqlama və ya izah paylaşın, agah olaq... ola bilər gözümdən qaçıb.

Bir şəkil də yayılıb və deyirlər ki, guya o ərazinin Şəhidlər Xiyabanı olacağı ölçülüb, biçilib, planı filan hazırlanıb.. amma demirlər ki, kim hazırlayıb, hansı qurumun layihəsidir, qəbirlərə dolan qrunt sularının axırı necə olacaq?...

Bu insanlar daha neynəməlidirlər ki, MN başda olmaqla, hansısa aidiyyəti qurum çıxıb rəsmi bir açıqlama versin? Ola bilər, MN-yi bu məsələdə birbaşa cavabdeh qurum deyil, amma söhbət onun əsgərinin məzarından gedir axı. Onun əmrinə əsasən həyatından keçən 17 əsgər məzarı ətrafında bu boyda qarışıqlıq heçmi narahat etmir qurumu? Düşünmürlərmi bu durum hazırda xidmətdə olanlara, qazilərə necə ağır psixoloji zərbə vurur?... Susmaqla nə dəyişəcək?

Bu qədər qurumların içində bu 17 ailə başçısını başına yığıb məsələnin həlli variantını təklif edə biləcək, məsələnin həlli üçün dil tapacaq bir nəfər adam yoxdur? Əgər bunu edən olubsa, niyə heç kimin heç nədən xəbəri yoxdur? Qardaş, istəyirlər Şəhidlər Xiyabanında dəfn edilsinlər, edin də. Kimin üçündür o Xiyaban, Şəhidlər üçün deyil?

Hər hansısa bir səbəbdən olmzsa bunu etmək, çıxın izah verin, anlasın da bu millət sizin beyninizdən keçənin nə olduğunu...

Niyə yenə polislə vətəndaşı üz-üzə qoyursunuz, niyə polisin anasını-bacısını söydürürsünüz? Polisə əmr verməklə düzəlir bu iş? Siz razı olarsınızmı qohumunuzun məzarı bu vəziyyətdə olsun?

Hara kimi uzadacaqsınız bu məsələni? Prezident çıxıb deməlidir ki, "gedin, belə edin", yoxsa illah ki, məsələ Prezidentə çatacaq qədər şişməli, ən eybəcər forma almalıdır ki, siz bir yerinizi tərpədib kabinetinizdəki koja kreslodan tərpədəsiniz özünüzü?

Ay möhtərəmlər, hər şeyi Prezident edəcəksə, siz nə üçün mövcudsunuz? Sizin əsgəriniz əlində silah xidməti ərazidən sosial şəbəkə vasitəsi ilə birbaşa Ali Baş Komandana çıxılmaz problemləri ilə bağlı məruzə edir və bu, sizin tükünüzü belə tərpətmir?

Dünən, ya srağagün əziz Hikmət Hacıyev mətbuat xidmətlərinə təlim keçibmiş. Yazılanlara inansaq, operativ, vaxtında cəmiyyətin suallarını cavablandırmaqdan filandan danışıbmış...Bir xeyli də tərif yağdırıldı. Əla. Hacıyevi mən də sevirəm. Bəs nəticə?

Başa düşürük ki, bəzi mətbuat xidmətləri şefindən icazəsiz adama salam vermə cəsarətində belə deyil, ona görə mətbuatı qoyaq kənara, heç olmasa, öz şeflərinəsə də demirlər ki, "rəhbər həzrətləri, cəsarətimi bağışlayın, amma məhz sizin nüfuzunuz üçün bunu demək məcburiyyətindəyəm ki, vəziyyət əleyhimizə işləyir. Narazılıq daha eybəcər müstəviyə keçir. Dövlətə, dövlətçilik maraqlarına ziyan dəyir, nəsə bir açıqlama verməmiz lazımdır. İcazə verin, necəsə aydınlıq gətirək bu məsələyə"... Ciddidən heç nə umrunuzda deyil?

Hara kimi də, cənablar, hara kimi?

Əzizə İsmayılova, jurnalist



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar