Müharibənin hərbi mərhələsi bitdi,siyasi və diplomatik mərhələ davam edir

15 Dekabr 2020 21:04    594 Baxış   
Müharibənin hərbi mərhələsi bitdi,siyasi və diplomatik mərhələ davam edir

27.09.2020-ci il tarixdən başlayan və 44 gün davam edən II-ci Qarabağ müharibəsi bitdi. Bu 44 gün ərzində müzəffər Azərbaycan Ordusu tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Xocavənd rayonunun Hadrud qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan qəsəbəsi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, eyni zamanda, Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər erməni işğalından azad edildi. Bu döyüşlərin son nöqtəsi olaraq isə Qarabağın tacı olan Şuşa şəhəri 08.11.2020-ci il tarixdə düşmən işğalından azad edildi. Azərbaycan Ordusu Xankəndi şəhəri istiqamətində hücuma hazır idi. Lakin tam darmadağından qorxan Emənistan Respublikasının baş naziri N.Paşinyanın xahişi ilə və Rusiya Federasiyasının Prezidenti V.Putinin təşəbbüsü ilə Ermənistanın faktiki olaraq kapitulyasiyası nəzərə alınmaqla atəşkəsin dayadırılması baş verdi.

09 (10) noyabr 2020-ci il tarixində Rusiya prezidenti V.Putin, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri N.Paşinyanın 3 tərəfli qaydada imzaladıqları bəyanata əsasən, Ermənistanın kapitulyasiyası rəsmiləşdirildi. Bu bəyanata əsasən, bütün hərbi əməliyyatlar dayandırıldı və bölgəyə Rusiya Federasiyasının sülhməramlı qüvvələri yeridildi. Eyni zamanda, Ermənistanla Qarabağ arasından Ermənistan silahlı qüvvələrinin çıxarılması, mülki şəxslərin Qarabağa qayıtması, humanitar yüklərin daşınması və Qarabağda yaşayan ermənilərin Ermənistanla əlaqəsi üçün 5 km enində Laçın koridoru adlanan təhlükəsizlik dəhlizi yaradıldı. Bu dəhlizdə təhlükəsizliyin təmin edilməsi məqsədilə Rusiya Federasiyasının sülhməramlıları bölgəyə yerləşdirildi və onlar tərəfindən nəzarət müşahidə postları yaradıldı. Həmin bəyanata uyğun olaraq, 15.11.2020-ci il tarixdə Ağdam rayonu, 25.11.2020-ci il tarixdə Kəlbəcər rayonu və 01.12.20-ci il tarixdə isə Laçın rayonu erməni silahlı qüvvələrindən azad edildi və bu rayonlara Azərbaycan Ordusu yerləşdirildi. Bu ərazilərdə Azərbaycan Respublikasının Dövlət bayrağı ucaldıldı və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edildi.

Lakin, Xankəndi şəhəri, Ağdərə, Xocalı, Əskəran, Xocavənd rayonunun bir hissəsi erməni tərəfinin nəzarəti altında qaldı. Bu ərazilərdə faktiki olaraq erməni silahlı qüvvələri, qanunsuz silahlı birləşmələr hələ də qalmaqda davam edir. Xankəndidə idarəçilik yenə də tanınmamış Artsax Respublikasının separat rejiminin əlindədir. Bütün bunlar Azərbaycan Respublikasının ərazi bütövlüyünə və Konstitusiya quruluşuna ciddi təhlükə yaradır.

Müharibənin qələbə ilə bitməsinə baxmayaraq, bölgədə əsaslı sülhü, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini təmin etmək üçün görüləsi işlər qarşıdadır. Belə ki, yuxarıda adları çəkilən, ermənilərin nəzarətində olan yaşayış məntəqələrində Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq dövlət idarəçilik institutları yaradılmamış və Azərbaycan Respublikasının qanunlarının işləməsi təmin edilməmişdir. Sözsüz ki, hal-hazırda keçid dövrüdür və bu dövrdə müəyyən boşluqlar və qeyri-müəyyənliklər ola bilər. Hal-hazırda cəmiyyətimizdə insanlar arasında çoxlu suallar doğuran məqamlar mövcuddur. Müəyyən qüvvələr tərəfindən sosial şəbəkələrdə insanlarda çaş-başlıq yaratmaq məqsədilə fikirlər paylaşılır, insanlarda inamsızlıq və qeyri-müəyyənlik yaradılır. Bundan istifadə edən bəzi qüvvələr böyük qələbəmizi küçüldməyə, insanlarda olan qələbə əzmini, uğur sevincini azaltmağa çalışır. Bunun qarşısı dövlətimiz tərəfindən alınmalıdır. Bunun üçün əhali arasında geniş izahat işləri aparılmalıdır.

Lakin, bölgədə sülhü və əmin-amanlığı, Azərbaycan Respublikasının suveren hüquqlarını, ərazi bütövlüyünü, dövlət idarəetməsini, Azərbaycan Respublikasının qanunlarının işləməsini və Konstitusiya quruluşunu təmin etmək üçün ardıcıl və məqsədəyönlü tədbirlər həyata keçirmək üçün geniş həcmli Yol Xəritəsi işlənilməlidir.
Düşünürəm ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən lazımı tapşırıqlar verilib və müəyyən işlər görülür.

Mən öz növbəmdə bir vətəndaş, bir hüquqşünas olaraq müəyyən təkliflər, tədbirlər barədə öz fikirlərimi bölüşmək istərdim və aşağıdakı tədbirlərin həyata keçirilməsini məqsədəmüvafiq hesab edirəm:

1. Dövlət səviyyəsində müharibənin bitməsi Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün bərpa edilməsi rəsmi bəyan edilməlidir;

2. Müəyyən edilmiş qıssa müddətdə (1-2 ay) ərzində Ermənistan Respublikasının hərbi qüvvələri, qanunsuz silahlı dəstələri, muzdlu döyüşçülər, terrorçu qruplaşmalar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər, onlara məxsus silah və sursat, hərbi texnika ölkə ərazisindən çıxarılmalı, və yaxud Azərbaycan Respublikasının müvafiq dövlət strukturlarına təhvil verilməlidir;

3. Bölgədə qıssa müddətli amnistiya elan edilməlidir. Bu amnistiya dövründə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçərək bölgəyə daxil olmuş milliyətindən, peşəsindən asılı olmayaraq Azərbaycan vətəndaşı olmayan bütün şəxslər, o cümlədən müvafiq qaydada akkreditasiyadan keçməyən jurnalistlər Azərbaycan Respublikası ərazisini tərk etməlidir. Onların Azərbaycan Respublikası ərazisində qalmasına yalnız Azərbaycan Respublikasının müəyyən dövlət strukturları tərəfindən xüsusi razılıq əsasında yol verilə bilər. Bu amnistiya dövründə elan olunmuş tələblərə riayət etməyən şəxslər Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun olaraq məsuliyyətə cəlb edilməlidirlər;

4. Ermənilərin kompakt yaşadıqları Xankəndi və digər yaşayış məntəqələrində tanınmayan Artsax Respublikasının bayrağları, gerbləri və digər atributları yığışdırılmalıdır. Bütün dövlət orqanlarının binalarında Azərbaycan Respublikasının dövlət bayrağları ucaldılmalıdır;

5. Keçid dövrü üçün Xankəndidə və ermənilərin kompakt yaşadıqları digər yaşayış məntəqələrində dövlət idarəçiliyini həyata keçirmək, ictimai əsayişi, qanunçuluğu təmin etmək məqsədilə müvafiq komendaturalar yaradılmalıdır. Bölgədə fəaliyyət göstərən separatçı rejimin bütün səlahiyyətləri bu komendaturalara təhvil verilməlidir;

6. Bölgədə separatçılığı təbliq edən partiyaların, qeyri-hökümət təşkilatlarının və digər qurumlarının fəaliyyəti dayandırılmalı və qadağan edilməlidir;

7. Münaqişə dövründə ağır cinayətlər törətməmiş, mülki əhaliyə qarşı zorakılığ tətbiq etməyən sıravi hərbiçilər, mülki şəxslər məsuliyyətdən azad edilməlidirlər. Hərbi cinayətlər törətmiş şəxslər, o cümlədən, hərbi birləşmələrin zabit və rəhbər heyyəti könüllü təslim olmalı, və yaxud Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. Amnistiya hüququndan istifadə etməyənlər isə Azərbaycan Respublikası qanunlarına uyğun olaraq məsuliyyətə cəlb edilməlidirlər;

8. Azərbaycan Respublikası doğulmuş münaqişə başlayana dək Azərbaycan SSR-nin vətəndaşları olmuş şəxslər, onların yaxın qohumları istisna olmaqla digər şəxslər, elan olunmuş amnistiya dövründə Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər;

9. Münaqişə gövründə öz evlərini, yaşadıqları əraziləri tərk etmiş Azərbaycan Respublikasının vətəndaşlarının bölgəyə qayıdaraq yaşaması təmin edilməlidir.

10. Amnistiya dövrü bitdikdən sonra Laçın dəhlizinin Ermənistanla Azərbaycan Respublikası sərhədində, Laçın dəhlizinin girişində, Azərbaycan Respublikasının sərhəd keçid, gömrük buraxılış və digər dövlət strukturlarının məntəqələri yaradılmalı və onların fəaliyyəti Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun olaraq tənzimlənməlidir. Keçid dövründə bu məntəqələrdə xidmət Rusiya Federasiyasının sülhməramlılarının nümayəndələrinin iştirakı ilə həyata keçirilə bilər;

11. Laçın dəhlizinin, Laçın şəhərinin ərazi daxilindən keçməsini, ətraf 5km ərazini əhatə etməsini, bu ərazilərin üçtərəfli bəyənata əsasən Azərbaycan Respublikasına qaytarıldığını nəzərə alaraq orada məskunlaşmış Ermənistan vətəndaşları, digər ölkələrdən köçürülmüş şəxslər ərazidən çıxarılmalıdır, bu ərazilərə münaqişəyə qədər yaşayan Azərbaycan Respublikasının vətəndaşları köçürülməlidir;

12. Elan olunmuş amnistiya müddətləri bitdikdən sonra Ermənistan Respublikası Silahlı qüvvələrinə, qanunsuz yaradılmış özünümüdafiyə dəstələrinə məxsus və Azərbaycan Respublikası ərazisindən çıxarılmamış hərbi texnika, silah və döyüş sursatları Azərbaycan Respublikasının müvafiq dövlət strukturlarına təhvil verilməlidir.

13. Amnistiya müddətləri bitdikdən sonra Ermənistan Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə hərbi texnika, silah-sursat və digər hərbi təyinatlı malların gətirilməsi, o cümlədən, bölgədə Azərbaycan Respublikası qanunlarına zidd olaraq silah saxlamaq, gəzdirmək qadağan edilməlidir;

14. Yuxarıda qeyd olunan sərhəd və gömrük buraxılış məntəqələrində ölkəyə giriş-çıxış, yüklərin daşınması Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun həyata keçirilməlidir;

15. Elan olunmuş keçid dövrü bitdikdən sonra ermənilərin kompakt yaşadığı Xankəndi və digər məntəqələrində Azərbaycan Respublikası Dövlət orqanlarının, təşkilatlarının və qurumlarının fəaliyyəti təşkil edilməlidir;

16. Münaqişədən əvvəl bölgədə yaşayan və münaqişə nəticəsində bu yerləri tərk etmiş Azərbaycan vətəndaşların hal-hazırda ermənilərin nəzarətində olan yaşayış məntəqələrinə qayıtması, təhlükəsiz yaşaması təmin edilməlidir;

17. Münaqişə dövründə separatçı rejim tərəfindən dəyişdirilmiş şəhər, rayon, kənd məntəqələrinin, tarixi məkanların, dini məbədlərin adları özlərinə qaytarılmalıdır;

18. Bölgədə Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin istifadəsi təmin edilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası hökümətinin müvafiq qərarlarına əsasən 2-ci dil olaraq erməni dilinin istifadəsinə icazə verilə bilər;

19. Yerli və özünü idarəetmə orqanlarında Azərbaycan Respublikası qanunlarına uyğun olaraq seçkilərin keçirilməsi təşkil edilə bilər;

20. Bölgədə Azərbaycan Respublikasının müvafiq nazirliklərinin, dövlət orqanlarının struktur bölmələrinin yaradılması təmin edilməlidir;

21. Bölgədə Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq əsas insan azadlıqları, o cümlədən, vicdan azadlığı təmin edilməlidir;

22. Bu bölgədə yaşayan vətəndaşların hamısı müəyyən olunmuş qaydada Azərbaycan vətəndaşlığını qəbul etməli, və yaxud müvafiq qaydada oturum icazəsi almalıdırlar, Azərbaycan Respublikası vətəndaşlığını qəbul edən şəxslər digər ölkələrin vətəndaşlığından imtina etməlidirlər;

23. Bölgədə Azərbaycan Respublikası qanunlarına zidd olaraq silahlı qüvvələrin, qruplarının, birləşmələrinin, özünü müdafiyə dəstələrinin yaradılması və fəaliyyət göstərilməsi qadağan edilməlidir.

24. Məqsədindən asılı olmayaraq Ermənistan Respublikasının dövlət qurumlarının, hərbi birləşmələrinin, siyasi partiyalarının əməkdaşlarının Azərbaycan Respublikası dövlət qurumlarının icazəsi olmadan bölgəyə gəlməsi qadağan edilməlidir.

25. Bölgə komendaturalarının əməliyyat məlumatları əsasında bölgədə mövcud olan silahlı birləşmələr Rusiya Federasiyasının sülhməramlıları ilə birgə keçirilən əməliyyat tədbirləri zamanı tərki-silah edilməli və silahlar yığılmalıdır.

26. Ermənistan Respublikası və digər dövlətlər tərəfindən fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının icazəsi olmadan, bölgədə hər hansı qurum yaratması və fəaliyyət göstərməsi qadağan edilməlidir.

Sözsüz ki, yuxarıda qeyd etdiyim təkliflər və görüləcək işlər barədə qeydlərim düşündüklərimin bir hissəsidir. Bu sıranı davam etdirmək də olar. Mən çalışdım ki, zəruri olanları qeyd edim. Ola bilsin ki, hansısa dövrdə bunların bəziləri avtomatik həll olunacaq, bəzilərinin isə həyata keçirilməsinə ehtiyac olmayacaq. Lakin, burada çox əhəmiyyətli tədbirlər var ki, onlar mütləq həyata keçirilməlidir. Onlar həyata keçmədən Qarabağ bölgəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi tam həcmdə təmin ediləyəcək, bölgədə sülh və təhlükəsizlik bərqərar olmayacaq.

Son olaraq qeyd etmək istəyirəm ki, yuxarıda qeyd etdiyim tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının müstəsna hüquqlarına aid olsa da, bunların həyata keçirilməsi, yaranmış mövcud vəziyyətdə bölgəyə yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlılarının yaxından köməyi, dəstəyi və iştirakı ilə baş tuta bilər. Bunun üçün dövlət səviyyəsində Rusiya Federasiyasının sülhməramlı qoşunlarının komandanlığı ilə ciddi danışıqlar aparılmalı, görüləcək işlər müzakirə edilməli, tədbirlər planı hazırlanmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası və Rusiya Federasiyası ilə dövlətlərarası danışıqlarda keçid dövrü bitəndən sonra sülhməramlı qüvvələrin görəcəyi işlər, onların hüquqlarının çərçivəsi müəyyən edilməlidir.

Sülhməramlı qüvvələrin Azərbaycan Respublikasının qanunlarına və suveren hüquqlarına hörmətlə yanaşması təmin edilməlidir.

Natiq Kamil oğlu Babayev - Hüquqşünas, I Qarabağ müharibəsi veteranı, təqaüddə olan polis mayoru



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar