Müşviq Abbasov, xəcalət çəkdinmi heç?

23 Yanvar 2022 20:50    2047 Baxış   
Müşviq Abbasov, xəcalət çəkdinmi heç?

Şuşanın adından imtina etməklə, Şuşanı düşmənə satmaq arasında heç bir fərq yoxdur. Çünki ikisində də Vətəni düşmənə qurban verirsən. Bu gün yüngül hədə ilə şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına azad edilən Vətən torpağının adından imtina edən sabah təhlükə qarşısında Şuşanın - Vətənin özünü də satar.

Hər kəsə məlumdur ki, Vətən müharibəsində Azərbaycan əsgərlərinin göstərdiyi qəhrəmanlıq nümunələri, şücaətləri dillərə dastan oldu və ordumuz tarix yazmaqla gücümüzü, qüdrətimizi bütün dünyaya sübut elədi. Hətta əsgərlərimiz ölümlə üz-üzə qalsalar belə, yenə də qorxmadılar, rəşadətlərini itirmədilər, əsl Azərbaycan əsgərinə layiq davranış sərgilədilər. Məhz bu qəhrəmanlıq dastanının nəticəsində Şuşa da daxil olmaqla, uzun illər işğal altında qalan torpaqlarımız azad edildi, həqiqi sahiblərinə qovuşdu. O torpaqlarımız ki, əsgərlərimizin qan uddurduğu əli silahlı, quldur ermənilərdən geri alındı. O ermənilər ki, əli silhasız olsalar da, Azərbaycanı təmsil edən yumoristi qorxudub Vətənə xəyanətə məcbur etdilər.

Yəqin mənim kimi hər kəsə bir məqam çox maraqlıdır: Görəsən, festivalda erməni Ruben Jaqiyanın təkidi və ya hədə-qorxusu ilə Şuşanın adından imtina edən Müşviq Abbasov həmin an vicdan əzabı çəkib, xəcalət təri tökdümü? Şəhidlərin ruhundan, qazilərin yarımcan bədənindən utandımı?

Qeyd edim ki, Müşviq Abbasov "Bu şəhərdə" layihəsinin baş prodüseridir. O "Bu şəhərdə" ki, konsertlərində davamlı olaraq ermənilərə və Ermənistana ironiyalı, kinayəli, hətta təhqiramiz ismarıclar gödnərir, ələ salır, lap siyasi terminlə desək, əzələ nümayiş etdirirdi. Düzdür, onlardan fərqli olaraq ordumuz konsert salonlarında, teleməkanlarda, teatr səhnələrində deyil, döyüş meydanında kimin kim olduğunu sübut elədi və Vətən torpağını dığalardan təmizlədi. Lakin məni düşündürən başqa məqamdır. Hər konsert tamaşalarında ermənilərə meydan oxuyan Abbasov və komandası hədələdiyi ermənilərlə üz-üzə gələn kimi niyə qorxub, geri çəkildi? Xəcalət çəkdimi ki, arxada dediklərini ermənilərin üzünə deyə bilmədilər? Əl qərəz, təkcə bu səbəb bəs edir ki, artıq Müşviq Abbasov başda olmaqla, bütün komandasına verilən dəstəkdən imtina edilsin, efirlərdən uzaqlaşdırılsın, konsertlərinə qadağalar qoyulsun.

Vətənpərvərlik elə bir ali hissdir ki, Vətənin hər qarışına hörmət və ehtiram tələb edir. Düşmənin hədə-qorxusu ilə Vətəndən imtina etmək isə Vətənə xəyanətdir. Vətənə xəyanətin cəzası da məlumdur. Biz də səbrsizliklə bu cəzanı gözləyək.

Mərahim Nəsib


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar