Nə baş verib Balaxanıda ki, hamı ora gedir? - FOTOLAR

13 Sentyabr 2020 00:22    1352 Baxış   
Nə baş verib Balaxanıda ki, hamı ora gedir? -  FOTOLAR
Həə, başlayım "Gedək Balaxanıya, ya getməyək?" sualından.

Əlbəttə ki, "min eşitməkdənsə, bir görmək yaxşıdır" deyib atalarımız. Elə mən də tv süjetlərdən, gedənlərin dedikıərindən eşitdiklərim və gördüyüm kadr və şəkillər əsasında getdim.

Balaxanıda hansı tərəf?

Qum hamamı tərəf.

Necə yerdi?

Əla. Kənddir də. Tipik və qədim Bakı kəndi. Heç vaxt o kənddə olmadığım üçün dünəni ilə müqayisə edə bilmərəm, təbii.

Günorta saatlarında getdiyim üçün yolda, öz işi ilə məşğul olanları nəzərə almasaq, 5-10 adam olardı ya olmazdı. Onlardan da 4-ü fotoqraf idi, şaqqaşaq kimlərisə fotosessiya edirdilər. Kənd camaatı çox istiqanlı, qonaqpərvərdir, deyirlər amma günün günortasında camaatın çöldə nə işi? Ona görə başına örpək çəkib harasa tələsən bir nurani nənə, bir də velosiped sürən, 10-11 yaşlı toppuş bir balaşkadan başqa diqqətimi çəkən kənd adamı olmadı. Uşaq elə şirin idi ki, hələ hal-əhval da tutdum.



Nə baş verib Balaxanıda ki, hamı ora gedir?

Yaxşı işlər görürlər. Kəndin bir neçə küçəsinə daş yol döşənib (qənbər-deyirlər, qarışdırmıramsa), divarları, qapıları, eyvanları müxtəlif rənglərdə boyayıblar, üstünə qəşəng-qəşəng şəkillər çəkib maraqlı kompozisiyalar yaradıblar. Divarlar boyu kiçik taxta yeşikciklərdə zərif çiçəklər əkilib, bəzi hissələri süni yaşıl yarpaq və ya güllə bəzəyiblər. Qısası, gözümüzün alışmadığı fərqli bir guşə yaradıbıar Balaxanıda.


Güllərdən söz düşmüşkən. Bir neçə il əvvəl Binəqədidə, Məsud Davudoğlu küçəsinin Azadlıqla kəsişməsindən ta ki, 6 mkr dairəsinə kimi, eyni belə gözəl mənzərə yaratmışdılar. Müxtəlif dekorasiyalı qablar, içində salxım-salxım gülləri ilə. Bir müddət süpürgəçilər su verdi, sonra su verən olmadı. Bir-iki ay sonra susuzluqdan divara vurduqları dibçəklər məhv oldu, sonra o dekorativ qabları qopdu, divara çəkilən şəkillərdən də yalnız bir velosiped şəkli qalıb...



Ümid edirəm burda belə olmaz. Marağa bir neçə dibçəyin dibini barmağımla eşələdim, nəm idi.
O ki, qaldı divardakı o taxta qutuların ömrü və rənginin solması məsələsinə, uzunömürlü olmasını və daim yenilənməsini arzulayıram...

Diqqətimi nə çəkdi? Kəndçi adamam, o gözlə baxdım. Soruşan olsaydı, təklif edərdim. Bəlkə heç gec deyil hələ?

1) Yaşıllıq məsələsi. Divarların dibinə gördüyünüz güllər və sarmaşıq fason bitkilər əkiblər. Bəzək kimi əla ola bilər amma kaş ki, əvəzində hər 5 metrdən, 10 metrdən bir Balaxanı üçün xarakterik olan bir meyvə ağacı və ya üzüm tingi əkəydilər, gələcəkdə həm təmiz hava udulsun, həm də bu gün çəkilən əziyyət bəhrə versin, həm də əsl kənd ab-havası olsun deyə... Bizim ağaclardan e, dünyanın o başındakı dekorativ ağaclardan yox.



2)Bir halda ki, insanların diqqətini çəkib, o zaman gələni qarşılamaq da lazımdır axı. Məsələn, çöldə yaxşı bir neçə samovar oddayın, qəşəng bir pürrəngi çay verin. Gələn adam da pulunu versin, ağız dadı ilə bir çay içsin. Görülən bəzəkli işlərin fonunda bunun da yeri var axı. İki "kafe" yazılan qapıya getdik ikisi də bağlı idi.

3) Ruh məsələsi. Hər şeyi "sovremenni" etmək, düşünürəm ki, o qədər də uğurlu yanaşma deyil. Balaxanıda kofe içmək ləzzət edər, ya kömürlə pakhapak qaynayan samovarın dəmkeşindən götürüb süzdüyün pürrəngi çay? Hələ onu vetən tipik çayçı geyimindədirsə..



Görə bildiyim yerlər haqda təəssüratım bu qədər. Orda gənclər var, əyinlərində "Məndən soruş" yazılan futbolka geyiniblər. Sən demə, onlara sual verəndə cavab verirlərmiş. Biz gec bildik. İki nəfər yönləndirdi, fırlandıq eyni yerə çıxdıq. Bəlkə kənd adamı ilə gəzmək daha maraqlı olardı.

Bütün iş görənlərə, əziyyət çəkənlərə, gözəllik yaratmaq istəyənlərə dərin hörmət və minnətdarlıq hissi ilə...

Əzizə İsmayılova





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar