Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə Azərbaycana rəsmi səfəri çərçivəsində TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib.
Dominant.az xəbər veir ki, bu barədə TÜRKPA-dan məlumat verilib.
Türkiyə Parlament sədrini qarşılayan TÜRKPA Baş katibi Ramil Həsən bu ziyarətdən məmnunluğunu ifadə edib və TÜRKPA-nın qurucu dövlətlərdən biri olan Türkiyə Cümhuriyyətinin Parlament sədrinin TÜRKPA Beynəlxalq Katibliyini ziyarət etməsinə xüsusi əhəmiyyət verdiklərini diqqətə çatdırıb.
TÜRKPA Baş katibi Parlament sədrinə Təşkilatın son dövrdə həyata keçirdiyi fəaliyyət istiqamətləri və görülmüş işlər, həmçinin nəzərdə tutulmuş gələcək layihələr və atılacaq addımlar barədə ətraflı məlumat verib.
Türkiyə Parlamentinin sədri, öz növbəsində, TÜRKPA-nın son dövrdəki fəaliyyətini yüksək qiymətləndirərək, gələcək fəaliyyəti dövründə də Təşkilata Türkiyə Cümhuriyyəti tərəfindən hərtərəfli dəstəyin davam etdiriləcəyini vurğulayıb və TÜRKPA-ya gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Baş katibin müavinləri Talqat Aduov və Muhammet Alper Hayali, Komissiya katibi Dr. Kadir Yaman və Hüquq məsələləri üzrə mütəxəssis Azər Məmmədov iştirak edib.
TBMM nümayəndə heyətinin tərkibinə TBMM üzvü, İstanbul millət vəkili (AK Parti), Türkiyə – Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım; Çanaqqala millət vəkili (İYİ Parti), TBMM Rəyasət Heyətinin katib üzvü Rıdvan Uz; Nevşehir millət vəkili (AK Parti) Emre Çalışkan; Kütahya millət vəkili (MHP) Ahmet Erbaş; TBMM sədrinin Katibliyinin rəisi Aydın Demiröz; TBMM Xarici əlaqələr və protokol idarəsinin rəisi, Səfir Ahmet Aydın Doğan və TBMM sədrinin mətbuat müşaviri Ahmet Özgür daxil olub.