O, haqlılara “haqsızsan” deyə bilmirdi - ELŞAD QULİYEV – 80

23 Yanvar 2021 15:14    283 Baxış   
O, haqlılara “haqsızsan” deyə bilmirdi -  ELŞAD QULİYEV – 80

Hərdən fikirləşirəm ki, imza atdığım uğurların, gördüyüm işlərin heç birinin müəllifi özüm deyiləm. Nəyə nail olmuşamsa, əlim, səsim, sözüm hansı mərtəbəyə çatıbsa, hamısı Allahın qismətidir. Çünki Allah qismətimə həyatımın ayrı-ayrı dönəmlərində istiqamət göstərən xeyirxah insanlarla görüşmək fürsəti verməsəydi... bəlkə də, heç nəyə nail olmadan, yolun yarısında qala bilərdim.

Belə insanlardan biri də məhz Əməkdar incəsənət xadimi, tarix elmləri namizədi, Beynəlxalq Tele­viziya Akademiyasının həqiqi üzvü olmuş Elşad Quliyevdir. Yanvarın 23-də onun 80 yaşı tamam olur və bu sətirlərdə həmin dəyərli ziyalı barədə bəzi xatirələrimi qələmə alıram.

... 1988-ci ilin sentyabrı idi. Paytaxtın 26 Bakı Komissarı (indiki Səbail) rayonundakı təhsil müəssisələrinin birində ilk partiya təşkilatının katibi idim. Eyni zamanda təlim-tərbiyə işləri üzrə direktor müa­vini vəzifəsini də icra edirdim. Rayon partiya komitəsindən telefonoqram gəldi ki, sabah saat 2-də “partkom” və tərbiyə işləri üzrə direktor müavini Mərkəzi Komitənin akt zalında olma­lıdırlar. Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirov ölkədəki vəziyyətlə bağlı paytaxtın ideoloji və tərbiyə işində çalışanlarla görüşməli idi. Yəni mən o tədbirə iki vəzifəni təmsil edən şəxs kimi getdim.

... Hamının maraqla gözlədiyi tədbir olduqca maraqsız keçdi. Çünki həm birinci katib azərbaycanca danışa bilmirdi, həm də gündəlikdəki məsələ ilə bağlı verilən tövsiyə və tapşırıqlar heç kəsin ürəyincə deyildi. Vəzirov birdən dayandı, zala boylandı və soruşdu: “Hanı mənim dostum, Teleradio Komitəsinin sədri Elşad Qu­liyev?” (Elə iclas zalındaca öyrəndim ki, Elşad müəllimlə onun heç bir dost­luğu olmayıb və birinci katib sadəcə vəziyyəti Moskvanın istədiyi məcraya yönəltmək üçün saxtakarlıq edirmiş – İ.M.).

Elşad müəllim ayağa qalxdı. Katib saxta təbəssümlə onu salamladı və televiziyanın ermənilərə cavab vermək istəyən soydaşlarımızı sus­durmadığına görə çox “ciddi” iradla­rını səsləndirdi: “Niyə insanların özba­şınalığına lazımi cavab vermirsiniz? Axı siz Moskvada oxumusunuz və bu məsələlərə Kremlin münasibətini bilirsiniz. Niyə xalqı sakitləşdirən addımlar atmırsınız?”

Hamı elə bildi ki, Elşad müəllim çətinə düşüb. Ancaq Teleradio Komitəsinin sədri ona sərrast cavab verdi: “ Yoldaş Vəzirov, biz televizi­yanın maarifləndirici funksiyasından lazımınca istifadə edirik. Ancaq haqlı olanlara haqsızsan deyə bilmirik”. Katib “cin atına” minsə də, salondakı­ların çoxu sovet dönəmində respub­lika rəhbərinə “baş üstdə” deməyən Teleradio sədrini alqışladı. Amma ürəyində. Elə mən də ürəyimdə alqış­lamışdım.

... İş elə gətirdi ki, Elşad Quliyev Respublika “Bilik” Cəmiyyətinə sədrlik edəndə həmin qurumun nəzdində “Dalğa” adlı elmi-kütləvi qəzet təsis etdi. Qəzetin baş redaktoru Nahid Hacızadə məni də oraya işə götürdü. Ondan əvvəl on ilə qədər müxtəlif qəzetlərdə ştatdankənar müxbirlik etsəm də, “Dalğa” qəzeti jurnalist kimi ilk iş yerim oldu. Yəni müəllimlikdən mətbuata gəlişim barədə ilk əmri Elşad Quliyev verdi.

Orada işlədiyim ilk ayın sonuna yaxın baş redaktor dedi ki, cəmiyyətin sədri səni görmək istəyir. Sabah axşamüstü get qəbuluna. Ertəsi günü getdim. Qapıda dayanıb (qapısı həmişə açıq olurdu) “Salam, Elşad müəllim, İttifaq mənəm” – dedim. Gü­lümsündü: “Daha tanıyıram. Üç yazını oxumuşam”. Hiss etdim ki, mənim əvvəllər mətbuatda çalışmadığıma görə narahat imiş ki, kənardan gələn adam yeni təsis olunmuş qəzetə necə töhfə verə bilər.

Elşad müəllimlə bağlı bəzi qəzet məqalələrində xatırlatdığım məqamlar var ki, onları ustadın yubiley günlərində də yada salmaq istərdim. Məsələn, onun 50 yaşı tamam olanda ( o zaman bilirdim ki, kargüzarların səhvi üzündən onun təvəllüdü iki fərqli ayda qeydə alınmışdır ) əhatəli bir məclis təşkil edilmişdi. Natiqlərdən biri dedi ki, mən arzu edirəm “Dalğa” qəzeti də “Arqumentı i faktı” kimi po­pulyar olsun. Elşad müəllim mülayim şəkildə irad bildirdi: “ Arqumentı i fak­tı” İttifaq büdcəsindən maliyyələşərək uzun illər ərzində oturuşmuş, geniş maddi-texniki bazası, çoxsaylı yara­dıcı heyəti olan qəzetə çevrilib. Real olan nələrisə arzulayın”.

Yaxud, “Dalğa”nın ilk nömrəsinin bir yaşı tamam olanda Elşad müəllim bizə mətbuat tarixi ilə bağlı bir kitab hədiyyə etmiş və titulda öz əli ilə yazmışdı: “Bu üç nəfər bir otağın bir stolunda oxunaqlı qəzet ərsəyə gətirdi”. Xatırladım ki, ilk nömrənin hazırlanmasında Nahid Hacızadə, Ələkbər Abbasov və mən iştirak et­mişdik. Firudin Şahbazov məsul katib, Mürsəl isə onun müavini – buraxıcı idi. Sonralar otaqlarımızın da sayı çoxaldı, işçilərimizin də, tirajımızın da, ölkənin elm ictimaiyyətini təmsil edən kənar müəlliflərimizin də. “Karvan” jurnalın­dan Dilarə Vəkilova, “Elm və həyat” jurnalından Arif Quliyev, “Kənd həyatı” jurnalından Mübariz Hümbətoğlu, Bakı Dövlət Universitetindən Aynur Bəşirli (Dilarə Vəkilovanın qızı), Lalə Cəfərova (Mailə Muradxanlının qızı), ictimai sektordan Çingiz Qəribli və digər sanballı qələm sahiblərinin gəlişi qəzeti kifayət qədər populyarlaşdırdı.

Yuxarıda qeyd etdim ki, o, xalqın mövqeyini müdafiə etdiyinə görə bi­rinci katibin iradı ilə üzləşmişdi. “Bilik” Cəmiyyətinə rəhbərlik edəndə də milli tariximiz, xüsusən, Azərbaycan Xalq Cümhuriyyəti və xaricdə yaşayan soydaşlarımızla bağlı daha çox ma­teriallar hazırlanmasını tövsiyə edirdi. Həmin materialları əsasən Nahid müəllimin özü, Ələkbər Abbasov ( Şəhrili) və Dilarə Vəkilova, eləcə də, Elmlər Akademiyasının əməkdaşları yazırdılar.

Yadımdan çıxmayacaq başqa bir fakt. Xeyli müddət “Dalğa”da çalış­dım və rəhmətlik Mailə Muradxanlı məni dövlət radiosunda işləməyə dəvət etdi. Orada iki il işləyəndən sonra Son xəbərlər şöbəsinin müdiri təyin edildim. “Bilik” Cəmiyyətində keçirilən tədbirlərdən hansındasa Ələkbər Abbasov Elşad Quliyevə dedi ki, “Dalğa”nın ayağı yüngül oldu, İttifaqa radioda vəzifə veriblər”. Ələkbər müəllim “Amma o, qətiyyən dəyişməyib”- deyə ənənəvi zarafatını davam etdirdi. Elşad müəllim məni təbrik etdi və Ələkbər Abbasova ca­vab verdi: “İttifaq heç 60 - 70 yaşında da dəyişməyəcək, həmişə bugünkü kimi olacaq”. Altmış yaşımın tama­mında bu barədə yazmışdım.

Mən Teleşirkətə Məmməd İs­mayılın və Babək Hüseynoğlunun rəhbərlik etdiyi dövrdə də orada çalış­mışam. Məmməd İsmayıl milli-mənəvi dəyərlərimizə möhkəm tellərlə bağlı, Azərbaycanın daha firavan sabahı üçün canını verməyə hazır olan ziyalı, Babək Hüseynoğlu isə ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin yorulmaz təbliğatçısı və daşıyıcısı idi. Yəni hər ikisi müsbət xarakterli adamlar kimi yaddaşı­ma yazılıb. Ancaq onların heç biri Azərbaycan Televiziyasını Elşad Quliyevin qaldırdığı zirvəyə çatdıra bilmədilər.

Bu məqamda obyektivlik naminə başqa bir şəxsin də adını çəkmək istəyirəm. Belə ki, Elşad müəllim “Bilik” Cəmiyyətinə rəhbərlik edəndə onun hər iki oğlu tez-tez cəmiyyətə gəlir, həmsöhbət olurduq. İş elə gətirdi ki, sonradan ancaq Cəmil Quliyevlə ünsiyyətdə olduq. O, İctimai Televiziyanın rəhbəri təyin ediləndə köhnə televiziya işçilərinin bir çoxun­dan eşitdim ki, televiziyaya Elşad Qu­liyev ənənələri qaytarılacaq. Amma Cəmil Quliyev də Məmməd İsmayıl və Babək Hüseynoğlu kimi həmin zirvəni fəth edə bilmədi.

Sonda bir arayış: Elşad Quliyev 23 yanvar 1941-ci ildə Cəlilabad şəhərində anadan olub. ADU-nun filologiya fakültəsini və Moskva İcti­mai Elmlər Akademiyasını bitirib. 3 il Lənkəranda müəllimlik edəndən son­ra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləyib. Bir müddət tərcüməçi, sonra isə tele­viziya proqramlarının baş redaktoru olub. 1972-ci ildə komitə sədrinin birinci müavini təyin edilib. 1983-cü ildən 1990-cı ilədək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb. 1993-cü ildən 1994-cü ilə qədər Azərbaycanda ilk müstəqil televiziya kanalı olan BMTİ-nin baş direktoru işləyib. 1990-cı ildən həm də "Bilik" Maarifçilik Cəmiyyətinin sədri olub. Ayrı-ayrı illərdə kütləvi informasiya vasitələri sahəsində xidmətlərinə görə orden və medallarla təltif edilib.

Elşad müəllim televizi­yanın ən incə məqamlarını bilən, ekran mədəniyyətimizə özünəməxsus töhfələr vermiş həqiqi mütəxəssislərimizdən biri idi.

Allah rəhmət eləsin!

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar