Ölümlərə görə əsas məsul şəxs özü, oğlu, arvadı ilə təxribatlar törədən Paşinyandır

01 Oktyabr 2020 10:03    438 Baxış   
Ölümlərə görə əsas məsul şəxs özü, oğlu, arvadı ilə təxribatlar törədən Paşinyandır
Qarabağ müharibəsində ən son qınanılacaq, bəlkə də heç qınanılmayacaq tərəf Azərbaycandır.

Müharibə insan həyatı baxımından faciəvi, siyasi baxımdan riskli, iqtisadi baxımdan ağır bir prosesdir. Heç bir özünə hörmət edən dövlət öz vətəndaşlarının ölümünü istəməz, heç bir özünə hörmət edən vətəndaş isə ölkəsinin müharibəyə girməsini istəməz.

Ancaq Azərbaycan beynəlxalq hüquq baxımından da, siyasi baxımdan da, tarixi baxımdan da haqlı tərəfdir. Bütün dünyanın bizim ərazi kimi qəbul etdiyi ərazi və ətraf rayonlar 30 ildir işğal altındadır, Azərbaycan danışıqlar prosesində hər dəfə güzəştlər, razılıq üçün geri çəkilmələr təklif etsə də, Ermənistan tərəfi maksimalist, qeyri-konstruktiv mövqe sərgiləyərək, status-kvonu qorumağa çalışırdı.

Bu da yetmir, Paşinyan hakimiyyətə gələndən sonra gah özü Qarabağa gəlib, orada "Qarabağ Ermənistandır və nöqtə" deyirdi, gah oğlunu Qarabağda xidmətə göndərir, gah arvadının əlinə avtomat verib, əyninə forma geyindirib, silahı Azərbaycan tərəfə tuşlayırdı. Bu da yetmirdi, Şuşanı paytaxt elan etmək istəyirdilər, Azərbaycan-Ermənistan sərhədində təxribatlar edirdilər.

Sülh danışıqlarının müharibə ilə əvəzlənməsinin tək günahkarı Ermənistan, ona rəhbərlik edən Paşinyandır. Həm Azərbaycan tərəfdən, həm Ermənistan tərəfdən istər hərbiçilər arasından, istərsə də mülki insanlardan ölümlərə görə əsas məsul şəxs özü, oğlu, arvadı ilə təxribatlar törədən Paşinyandır.

Ondan sonra Ermənistana bu 30 ildə bütün şıltaqlıqları etmək üçün şərait yaradan, ədalətsizliyə səssiz qalan bir çox Qərb ölkələridir. Ermənistana açıq və dolayı yollarla dəstək verən bəzi qonşularımızdır.

Azərbaycan bu gün ÖZ TORPAĞINDA, öz ərazi bütövlüyü üçün hərbi əməliyyatlar aparır. Qınanılacaq birinci tərəf sülh danışıqlarını şıltaqlıqları ilə pozanlardır. Qınanılacaq ən son tərəf isə Azərbaycandır.

Bəxtiyar Hacıyev



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar