Ötən ilin mədəniyyət mənzərəsinə bir baxış

05 Yanvar 2021 15:39    135 Baxış   
 Ötən ilin mədəniyyət mənzərəsinə bir baxış

Dominant.az Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın “Ötən ilin mədəniyyət mənzərəsinə bir baxış…” adlı məqaləsini təqdim edir.

Daha bir təqvim ilini geridə qoyduq. Yeni ümid, yeni arzularla və əlbəttə, inamla 2021-ci təqvim ilinin ilk günlərini yaşayırıq. Ümidimiz, arzumuz, inamımız dedikdə, mədəniyyətimiz, xalqımız, ölkəmiz, dövlətimizlə bağlı olanları nəzərdə tuturam, əlbəttə. Əlbəttə, ölkəmiz, xalqımız xoşbəxt olanda biz də xoşbəxt oluruq.

Keçən təqvim ilində qarmaşıq duyğulara kökləndiyimiz, qarışıq hisslərlə yaşadığımız günlər çox oldu... Qlobal pandemiya ilə mübarizədə özünəməxsus iştirakımız, töhfələrimiz oldu, sıxıntılar yaşadıq, doğmalarımızı, tanıdıqlarımızı əbədi itirdik... Bununla belə, 2020-ci il, 30 ilə yaxındır həsrəti içində olduğumuz yurd yerlərimizin, əziz torpaqlarımızın azadlığına səhnə oldu; 44 günlük Vətən Müharibəsində bir ağladıq, bir güldük, kədərləndik, sevindik, dərdləşdik, uğurlaşdıq... O 44 gün 44 ildən daha artıqdır bəlkə..!
Ötən il bir çox sahələrdə baş verən hadisələrlə yanaşı, mədəniyyət sahəsində yaşananlarla, yaxud baş verənlərin mədəniyyət planına diqqətlə də yadda qaldı. “COVİD-19”la bərabər ölkə əhalisinin səhiyyə mədəniyyəti, davranış mədəniyyəti, hüquq mədəniyyəti önplana çıxdı. Vətəndaşımız, bu planda, (kiçik istisnalar xaric) öz yüksək mədəni səviyyəsini, anlayış mədəniyyətini göstərdi. Dövlət orqanlarının əhalinin tibbi təhlükəsizliyi ilə bağlı məcburi addımlarını, təcridləri anlayışla qarşılayan xalqımızla qürur duyuruq!

Dövlətimiz “COVİD-19”a qarşı qlobal əməkdaşlıq mühitinin yaranması üçün öncül mövqe tutdu, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurası, Qoşulmama Hərəkatı, nəhayət BMT Baş Assambleyası müzakirələr apardı, qətnamələr qəbul edildi, mövzu üzrə benəlxalq durum dəyərləndirildi və s. Dövlətimiz bir sıra ölkələrə, o cümlədən ÜST-ə ianələr etdi. Dövlətimizlə, dövlət başçımızla qürur duyuruq!
Mart-aprel aylarında Dağlıq Qarabağda yuvalanmış qondarma rejimin qondarma “seçki” oyununa və Şuşada qondarma “andiçmə mərasimi”nə münasibətdə Vətəncanlılıq, Qarabağa bağrımızın, ürəyimizin başı ilə bağlılıq mədəniyyəti özünü göstərdi. Hətta, mədəniyyət beşiyimizin tapdaq altında zorən “andiçmə” oyununa səhnə olmasına dözməyən vətəndaşın “Şuşanı vur!” çağrısına, yanğısına dövlətin təmkinli yanaşma mədəniyyəti ilə qarşılaşdıq. – Bir müddət bəlkə anlaşılmazlıq kimi görünən o məqama, Ali Baş Komandanın 44 günlük Vətən Müharibəsi zamanı Xalqa Müraciətlərində tam aydınlıq gəldi. Şuşa azad olunarkən ağır texnikadan istifadə olunmaması, şəhərimizin mümkün miqdar dağıntısız azad olunması hadisəsi isə Azərbaycan Dövlət Ağlını göstərdi! Dövlətimizlə qürur duyuruq!
Ümumən Vətən Müharibəsi günlərində Azərbaycan əsgəri döyüş mədəniyyəti nümayiş etdirdi, döyüşdə qızıl ləyaqət göstərdi. Ləyaqət – elə bir mənəvi katqeqoriyadıdr ki özün tək olanda da davranışında sabitsən, özünsən – yəni kiməsə göstərməlik eləmirsən! Azərbaycan əsgəri düşmənlə döyüş meydanında mübarizə apardı, onu zərərsizləşdirdi, texnikasını sıradan çıxardı, ancaq uşaqla, qadınla, qoca ilə işi olmadı. Atılmış erməni uşağı, qadını, qocası Azərbaycan əsgərinin şəfqətini gördü. Oysa, düşmən öncəbhədən uzaqdakı Gəncəni, Bərdəni, Tərtəri, başqa şəhərlərimizi, kəndlərimizi kasetli bombalarla, qadağanedilmiş raketlərlə atəşə tuturdu… Özü də, gecədən keçmiş, uşaqlar yatağındaykən... O silahlar da sıradan çıxarıldı, o insan düşməni “insan”lar da zərərsizləşdirildi, lakin bizim əsgər mülki əhali ilə, tarix, mədəniyyət abidələri ilə adımıza layiq davrandı. Əsgərimizlə qürur duyuruq!
2020-ci ilin iyulunda dövlət sərhəddinin Tovuz istiqamətində yaşananlarla xalqımızın Orduya məhəbbəti, hərb mədəniyyəti zatən önplana çıxmışdı. Könüllülər İlində könüllü şəkildə, dəstə-dəstə səfərbərlik və hərbi xidmətə çağırış idarələrinə axın edən gənclərimiz, orta yaşlılarımız, yaşlılarımız… Vətənə məhəbbətin bizimçün bir milli mədəniyyət örnəyi, xəlqi xüsusiyyət olduğunu parlaq şəkildə göstərmişdi. Generalımız başda olmaqla Tovuzda şəhid olan hərbçilərimizin, mülki vətəndaşımızın dəfnində, onların ailə üzvlərinə diqqət və qayğıda, xalqımızın öz dəyərlərinə, öz şəhidlərinə, qəhrəmanlarına münasibət mədəniyyəti bir daha göründü. Gənclərimiz önsıralarda olmaqla, millət küçə-meydanlara necə axışdı – yaxşı xatırlayırıq! Bu, xalqın öz ordusuna, öz dövlətinə bağlarının necə möhkəm olduğunu göstərdi.

Dövlət-xalq birliyi ilə qürur duyuruq!
Təəssüf ki, 2020 Azərbaycan incəsənəti üçün bir sıra itkilərlə də yadda qalacaq. Bir yandan yeni sənət əsərləri, mədəni-kütləvi təqdimatlar, çəkilişlər, tamaşalar, festival, simpozium və qastrollar ertələndi... Sağlıq olsun, ümid edək ki, 2021-ci ildə bu ertələnmələr də öz məntqi sonluğuna çatar, sənətin estetik dəyərləri yalnız virtual deyil, canlı təmaslarla da dalğa-dalğa yayılar, könüllərə yol tapar, yeni ünvanlar qazanar...

Respublikamız 2020-ci ildə bir neçə dəyərli sənət adamını itirdi. Teymur Mustafayev, Mayis Ağabəyov, Etibar Babayev, İsmayıl Dadaşov, Etibar Qasımbəyli, Sabir Ələsgərov, Kamil Məmmədov... Ulu Tanrı hamısına rəhmət eləsin! Unutmayacağıq!
29 fevralda Azərbaycanın kino və teatr aktyoru, Xalq artisti Ağaxan Salmanlı, 12 martda Lənkəran Dövlət Dram Teatrının rejissoru, Əməkdar artist Adil Zeynalov, 16 martda “Şöhrət” Ordenli Xalq artisti Rəfael Dadaşov, 16 apreldə Xalq artisti, kino və teatr aktyoru, rejissor Rafiq Əliyev, 08 mayda Azərbaycan kinosunun Gülnazı – aktrisa, diktor və Mədəniyyət Xadimi Tamara Gözəlova-Ağamirova, 05 iyulda Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Tofiq Hüseynov, 23 iyulda Azərbaycan kino sənətində Ulduz və Maya obrazları ilə yaddaşlarda qalan aktrisa və pianoçu Tamilla Rüstəmova, 20 noyabrda Əməkdar artist, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Rəşid Səməndər, 24 noyabrda Azərbaycanın kino və teatr aktyoru, Xalq artisti Əjdər Həmidov, 26 noyabrda Əməkdar artist, kino və teatr aktyoru İbrahim Əliyev, 20 dekabrda Əməkdar artisti, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Atabala Səfərov, 21 dekabrda Azərbaycan kinosunun və teatrının tanınmış nümayəndəsi, ilk “Bahar Qız”ımız Səfurə İbrahimova, 26 dekabrda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Almaz Mustafayeva, 31 dekabr – ötən ilin son günü Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Ağaxan Şərifov bu dünyaya əbədi göz yumdu...

Tanrı rəhmətini əsirgəməsin! Nur içində yatsınlar!
Yenidən, ötən ilin əsas hadisəsi 44 günlük Vətən Müharibəsinə qayıtmaq istəyirəm. Bu müharibədə bir neçə sənətçi, mədəniyyət işçisi yaxud onların ailə üvü də iştirak edirdi. 02 noyabrda gənc aktyor Samir Qəfərli döyüşlərdə qəhrəmancasına şəhid oldu.
Artıq adı dillər əzbəri olmuş, gözəl səsə malik Xudayar Yusifzadə də Vətən Müharibəsində şəhid oldu. Daha onun ecazkar səsi ilə yeni mahnılar dinləyə bilməyəcəyik, ancaq “Xudayar təsnifi” ilə, “Azərbaycan Bayrağı” Ordeni ilə, Şəhidlik Mərtəbəsi ilə təsəlli tapacağıq…

Dövlət Akademik Dram Teatrının aktyoru Əli Nurun oğlu, leytenant Rövşən Nurzadə,

Xalq artisti Mənsum İbrahimovun qardaşı oğlu İsrafil Zülfüqar oğlu İbrahimov,

Zabit Nəbizadənin bacısı oğlu Xalid Zahir oğlu Mecdinov şəhadət şərbəti içdi…

Gücümüzün, qələmimizin yetdiyi qədər hər bir sənətkarımızı, sənətkarımızın ailə üzvünün yanında olmağa çalışdıq, yazı yazdıq, ürək sözlərimizi bölüşdük…

Yəqin gün keçdikcə başqa şəhidlərimiz haqqında əlavə bilgilər əldə edəcəyik. Hamısının ruhu qarşısında dərin ehtiramla baş əyirik! Sənətindən, peşəsindən, yaşından, qohumluq dərəcəsindən asılı olmayaraq, şəhidlərimiz hər zaman əzizdir; onların sənəti, peşəsi, eşqi, məhəbbəti Vətəndi, vətəndaşlıqdı, vətənpərvərlikdi, vətəncanlılıqdı, Vətən uğrunda ölümün üstünə getməkdi!

Ruhları şaddır!( İnş.)
Vətən Müharibəsində Azərbaycan xalqının Vətəsvərliyinin necə yüksək mədəni-mənəvi kateqoriya təşkil etdiyi gün kimi aydın oldu. Gəlin Azərbaycan Prezidentinin 01 dekabr 2020-ci ildə Laçının azad olunması münasibəti ilə Xalqa Müraciətinə nəzər salaq:

“Yaralanmış və ağır vəziyyətdə olan əsgərlərimiz hospitallarda, xəstəxanalarda deyirdilər ki, tezliklə sağalaq, qayıdaq döyüş bölgəmizə.
Şəhidlərimizin ruhu şad olsun, valideynləri onları dəfn edərkən deyirdilər ki, Vətən sağ olsun. Deyirdilər ki, ancaq irəli, ancaq irəli. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

...Evi dağılmış insanlar o dağıntılardan çıxarkən deyirdilər ki, ancaq irəli. Bilirsiniz, bunu hər kəs bilməlidir və biz bütün dünyaya göstəririk ki, biz böyük xalqıq, yenilməz xalqıq. Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır”...
Bax, bu sözlər bizim xəlqi duruş mədəniyyətimizi, mədəniyyətimizin qatlarını, etnoqrafik yaddaşımızdan süzülüb gələn gözəllikləri ifadə edir.
Gələcəyimiz bugünümüzdən daha parlaq olacaq!
44 günlük müharibə sonucunda Mədəniyyət beşiyimiz Şuşa, ayrı-ayrı şəhər və kəndlərimizdəki tarixi-mədəni abidələrimiz, tapınaqlarımız, görkəmli sənətkarların məzarları, muzeylər, mədəniyyət müəssisələrimiz azad olundu. Təəsüf ki, onların bir çoxu tanınmaz halda, erməniləşdirilmiş, yaxud tam dağıdılmış haldadır… Kitabxanalar, teatrlar darmadağındı… Dövlət başçımızın sözləri ilə ifadə etsək, “Hər tərəfi dağıdıblar, elə bil ki, vəhşi qəbilə keçib oradan”…

Hamısını bərpa edəcək, tikəcək, quracağıq, canlandıracağıq!
***

2020-ci il həm də Mədəniyyət Nazirliyində ciddi kadr dəyişiklikləri ilə yadda qaldı. Artıq nazirlikdə yeni ab-hava yaranıb. Ümidvarıq, nazirliyin həyatında başlamış yeni dönəm vətəndaş məmnuniyyəti, mədəni irsin qorunması, mədəniyyətimizin beynəlxalq səviyyədə təbliği, mədəniyyət işçilərinin sosial müdafiəsi və d. sahələrdə irəliləyişlərlə müşahidə olunacaq.
2020-ci il mədəniyyət, incəsənət dünyamız və parlamentimizin əməkdaşlığı, dövlət mədəniyyət siyasəti, mədəniyyət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi yönündə də yaddaqalan oldu. Beləki parlamentin Mədəniyyət Komitəsi yeni tərkibdə formalaşdırıldı. Komitəmiz ardıcıl surətdə mədəniyyət, incəsənət xadimləri ilə məsləhətləşmələr apardı, onların fikir və mülahizələrinin qanunvericilik planında həlli üzərində işlənildi; eləcə də, sənət adamlarının müxtəlif səpgili qayğıları haqqında əlaqədar orqanlara müraciətlər edildi. Komitəmizin illik iş planına uyğun müzakirələr aparıldığını, bu müzakirələrdə əlaqədar dövlət orqanlarının rəhbərlərinin, ekspertlərin dəvət edildiyini də vurğulamaq istərdim. Onu da əlavə edim ki, actual mədəniyyət məsələləri ilə bağlı çoxsaylı mətbu çıxışlarımız, o cümlədən qardaş ölkələrin (Türkiyə, Qazaxıstan, Özbəkistan və b.) media orqanlarında çıxışlarımız oldu.

Qarabağ hekayələrinin özbəkcəyə, qazaxcaya, qırğzcaya çevrilməsini, kitablaşdırılmasını təşkil etdik – Daşkənd və Nur-Sultanda kitablarımız çıxdı, Bişkekdəki kitab çap prosesindədir. Bu işdə əməyi keçən bütün könül dostlarına könül dolusu təşəkkür edirəm!

Bütün bunlar, yeni dövrün çağırışlarına uyğun şəkildə, mədəni irsin qorunması, mədəniyyətimizin təbliği, mədəniyyətə, mədəni mübadiləyə dair hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq mədəni əməkdaşlıq baxımından əlamətdardır.
2020-c il boyunca bir sıra sənət xadimlərimizin yubileyləri oldu. Haqq dünyasında olanları ehtiramla ayd etdik, yaşayan sənətkarlarımızı təbrik etdik, uğurlar arzuladıq. Dövlət başçımız 2020-ci ildə də bir neçə sənətkarımızı yüksək dövlət təltiflərinə layiq gördü.

Elə sənətkarlar oldu, onların öncədən planlaşdırılmış yubiley tədbirləri pandemiya məhdudiyyətləri səbəbindən keçirilmədi; lakin burada da, bir hikmət vardır: məsələn, Beynəlxalq Türk Akademiyasının Prezidenti, akademik Darhan Kıdıralinin sözləri ilə desək, Əbdürrəhim bəy Havqediyevin 150, Üzeyir bəy Hacıbəylinin 135 illik yubiley mərasimləri gec də olsa, dogma Şuşada keçiriləcək…
Əlbəttə, mədəniyyətimizdən, incəsənətimizdən danışarkən, Heydər Əliyev Fondundan, Fondun Prezidenti, ölkəmizin Birinci vitse-prezidenti hörmətli Mehriban xanımın adını çəkməmək günah olar. Mehriban xanımın özünün və rəhbərlik etdiyi Fondun Azərbaycan mədəniyyət tarixində oynadığı rol danılmazdır. 2020-ci ilin bütün mürəkkəbliklərinə baxmayaraq, yenə Mehriban xanım, Heydər Əliyev Fondu sənət xadimlərinin, mədəniyyət işçilərinin ümid yeri, ümidlərinin doğrulduğu ünvan oldu! Neçə sənətçimizə Fondun təqaüdləri verildi, neçə sənətçimizin müalicəsi təşkil edildi yaxud mənzil problem olan sənətçilərimizin üzü güldü... Çox sağ olun, əziz Mehriban xanım! Sizə minnətdarıq, Sizdən öyrənirik!
DÖVLƏTİMİZ VAR OLSUN!
MƏDƏNİYYƏT BAYRAĞIMIZ DA, MÜQƏDDƏS DÖVLƏT BAYRAĞIMIZ UCA OLSUN!

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar