Öz şəxsi maraqlarını ümumi maraqlara qurban verən dövlət xadimi

01 May 2021 16:20    6274 Baxış   
Öz şəxsi maraqlarını ümumi maraqlara qurban verən dövlət xadimi

Elçibəy hakimiyyətinin nümunəvi icra başçısı, hər zaman mitinqlərin, mübarizənin önündə olan fədakar hərəkatçı, öz şəxsi maraqlarını ümumi maraqlara qurban verən dövlət xadimi, dostluğunda da mübarizədə olduğu kimi ardıcıl və etibarlı olan dost, sadə və təvazökar insan, qəlbində şəhid oğul qüruru və dağı daşıyan dərdli ata Nofəl Qasımovun doğum günüdür.

60 yaşını tamamlayan Nofəl bəy bütün şüurlu həyatını haqq uğrunda mübarizəyə həsr etmiş, ən ağır vaxtlar da demokratiya və azadlıq uğrunda çarpışmış, heç vaxt mübarizədən geri çəkilməyib. O, Xalq Hərəkatını fəallarından olmuş, Azərbaycan Xalq Cəbhəsi yaranandan bu təşkilata qoşulmuş, özünün fədakar fəaliyyəti ilə bütövlükdə demokratik düşərgənin güclənməsinə, inkişafına tövhələr verib. Nofəl bəy istər Xalq Cəbhəsi hakimiyyətdə olduğu aylarda işlədiyi Füzuli rayon icra başçısı kimi, istərsə də ondan sonra müxalif düşərgənin funksionerlərindən biri kimi göstərdiyi fəaliyyətlə insanların sevgisini qazanıb. Onun çalışqanlığı, dürstlüyü, prinsipiallığı mübarizə yoldaşlarına hər zaman nümunə olub. O, bütün mənalarda nümunədir. Heç zaman şəxsi mənfəəti və rahatlığı barədə düşünmədi, mübarizədən yayınmaq üçün bəhanə axtarmadı. Daim mübarizənin ən qaynar yerlərində, ön cəbhədə dayandı.

İcra başçısı olduğu dönəmdə Füzuli rayonunun real işğalının qarşısının alınmasında Nofəl Qasımovun həm icra başçısı, həm də döyüşçü kimi fədakarlığı müstəsnadır. Bu da Tanrının qəribə bir taleyidir. Bu tale Nofəl bəyin öz dilindən belə ifadə olunur: “Mən Səid yaşda, 31 yaşım olanda Füzuli rayonu İcra Hakimiyyətinin başçısı təyin edilmişdim. Həmin vaxtlar o torpaqlarda mən döyüşürdüm. Birinci Qarabağ savaşında Füzuli Özünümüdafiə batalyonunu komandiri kimi. Düzdür, neçə dəfə hücum etdim, itkilər versəm də, Hadrutu azad edə bilmədim. Çünki o zaman bu qədər təcrübəmiz yox idi. Mənim azad edə bilmədiyim torpağı oğlum azad etdi…” Övladının şəhidliyini belə bir qürurla təqdim edən Nofəl bəy Azərbyacanın ləyaqət simvolu sayılacaq şəxsiyyətdir.

Oğlu Səidin şəhid xəbərini alması haqda sözləri Nofəl bəyin vətənpərvərlik və vətəndaşlıq zirvəsinin təsdiqidir: “1992-93- cü illərdə mən döyüşən zaman 125 şəhid vermişdim. Oğlum da 126-cı şəhidim oldu. Səidin şəhid xəbəri gələn zaman ilk düşündüyüm bölüyü kimin idarə edəcəyi oldu. Çünki müharibədə komandir lazımdı. Şəhidə hər zaman ağlaya bilərik. Amma biz qələbə çalmalıyıq. Biz indiyə qədər gənclərimizə fərasətsiz biriləri kimi baxmışıq. Amma gənclərimiz 44 günlük müharibədə necə vətənpərvər olduqlarını sübut etdilər”. Azərbaycan boyda Vətəndaş, Şəhid boyda Ata – Nofəl bəy doğum günün mübarək!

Hörmətlə, Samir Əsədli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar