Paşinyan sülhdən danışıb, savaşı çağırır: Qərb Ermənistanı “günah keçisi”nə çevirir

03 Martt 2023 18:52    1992 Baxış   
Paşinyan sülhdən danışıb, savaşı çağırır: Qərb Ermənistanı “günah keçisi”nə çevirir

Sülh sazişi hazırda Azərbaycandan daha çox məhz Ermənistana lazımdır, çünki həmin sənədi imzalanmasa, indiki blokada vəziyyətindən xilas olub, dinc inkişaf mərhələsinə keçid edə bilməyəcək... Beynəlxalq proseslər və zaman indi məhz rəsmi İrəvanın əleyhinə işləyir, ABŞ və Avropa Birliyi isə əslində, Ermənistanı deyil, yalnız özlərinin geopolitik maraqlarını düşünürlər, tezliklə Qərbin daha “geopolitik alət”ə ehtiyacı qalmayacaq...
Cənubi Qafqazda geopolitik proseslər sülh və savaş istiqamətləri arasında qalıb. Regional proseslərin bu istiqamətlərdən hər hansı birinə doğru yönəlməsi hər an baş verə bilər. Hazırda Cəbuvi Qafqaz üçün ən ciddi təhlükə mənbəyi bu regionda ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı açıq geopolitik qarşıdurmaya başlamasıdır. Və regional sülh prosesinin gələcək taleyi də böyük ölçüdə məhz dünya nəhəngləri arasındakı bu geopolitik savaşın yekun nəticələrindən asılı ola bilər.

Rusiya Cənubi Qafqazda geopolitik orbitr rolunu itirmək istəmir. ABŞ və Avropa Birliyi isə bunun əksinə, bütün mümkün vasitələrlə Rusiyanı regiondan sıxışdırıb, çıxartmağa çalışır. Üstəlik, bu iki tərəf arasında əsas qarşıdurma məhz regional sülh prosesində vasitəçilik təşəbbüsünün ələ keçirilməsinə indeksləşib. Hazırda Rusiyanın beynəlxalq düşmənlərinin – ABŞ və Avropa Birliyinin bir addım öndə olduğu açıq-aşkar nəzərə çarpır.

Məsələ ondadır ki, son vaxtlar Kremlin Azərbaycan və Ermənistan arasında hər hansı səviyyədə görüş keçirtmək cəhdləri bir-birinin ardınca iflasa uğramaqdadır. Rəsmi İrəvan israrla Rusiyanın vasitəçilik təşəbbüslərindən yayınmağa çalışır. Əvvəlcə Ermənistan baş naziri Nikol Paşinyan Kremlin vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulan görüşdən müxtəlif bəhanələrlə yayındı. Ardıncasa, xarici işlər naziri Ararat Mirzoyan Rusiyada görüşə qatılmaqdan imtina etdi.



Paşinyan hakimiyyətinin Kremldən məsafə saxladığı bu mərhələdə isə ABŞ-ın dövlət katibi Entoni Blinkenin təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan-Ermənistan yüksəksəviyyəli görüşü baş tutub. İndi rəsmi İrəvan yenidən sülh prosesinin inkişaf etdirilməsinin vacibliyindən danışmağa başlayıb. Bu baxımdan, indiki mərhələdə ABŞ və Qərbin sülh prosesinə vasitəçilik təşəbbüsünü Rusiyanın əlindən ala bildiyini də düşünmək olar.

Onu da qeyd etmək lazımdır ki, son vaxtlar Ermənistanın siyasi dairələrində də sülh sazişi ilə bağlı müzakirələrin, hətta bəzi hallarda mübahisələrin intensivləşdiyi müşahidə edilir. Belə ki, Rusiyaya yaxın hesab olunan erməni siyasi dairələri Paşinyan hakimiyyətini ABŞ və Qərbin hazırladığı sülh sazişi layihəsinə razılıq verməklə, Ermənistanın maraqlarına sarsıdıcı zərbə vurmaqda suclayırlar. Onlar hətta “ABŞ variantı” adlandırdıqları sülh sazişinin mətnini də ictimailəşdiribər.

Xatırladaq ki, vaxtilə Rusiya prezidenti Vladimir Putin də bu barədə danışmışdı. Kreml sahibi vurğulamışdı ki, rəsmi İrəvan “Dağlıq Qarabağ”ın Azərbaycanın tərkib hissəsi kimi qəbul edən “ABŞ variantı” ilə razılaşıb. Ardıncasa, Rusiyanın bu məsələnin həllini daha sonrakı mərhələyə buraxmağı nəzərdə tutan sülh sazişi layinəsinin Ermənistan üçün sərfəli olduğuna eyham vurmuşdu. Bununla da kifayətlənməyən Kreml sahibi hansı layihənin Ermənistana daha sərfəli olması ilə bağlı seçim hüququnu rəsmi İrəvanın öhdəsinə buraxdıqlarını bildirməklə, Paşinyan hakimiyyətini şantaj etməyə də çalışmışdı.

Bütün bunlar onu göstərir ki, Kreml yalnız Rusiyanın geopolitik orbitr statusunun qorunmasında maraqlıdır, regional sülh isə onun maraqlarına daxil deyil. Əksinə, Kreml bütün mümkün vasitələrlə sülh prosesini pozmağa, regionda hərbi-siyasi gərginliyin artırılmasına üstünlük verir. Paşinyan hakimiyyəti isə Ermənistan parlamentinin spikeri Alen Simonyanın dili ilə Rusiyanı Qərb vasitəçilərinin sülh prosesində iştirakına həddindən artıq qıcıqla və qısqanclıqla yanaşmaqda qınayıb.



Digər tərəfdən, erməni spikerin Azərbaycan-Ermənistan sülh sazişində müəyyən irəliləyişlərin olduğunu, sənədin mətnində “Dağlıq Qarabağ” mövzu ilə bağlı hər hansı qeydin yer almasının nəzərdə tutulmadığını vurğulamasını da qətiyyən unutmaq olmaz. Çünki rəsmi İrəvan vaxtaşırı belə açıqlamalarla sülh sazişinə yaxınlaşdığını biruzə verməyə çalışır. Bu mövqeyə daxili və xarici reaksiyaları test etməyə cəhd göstərir.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan Almaniyaya səfəri zamanı da sülh sazişindən danışmağı unutmayıb. Erməni baş nazir vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda sabitliyin təmin olunması baxımından, vacibdir və həmin sənədi imzalamağa da hazırdır. Ancaq Ermənistan baş naziri yenə də dolayısı şərtlər irəli sürmək vərdişlərindən uzaqlaşmaqda çətinlik çəkir. Çünki o, bildirib ki, imzalanacaq sülh sazişi Ermənistan üçün kapitulyasiya məzmunu daşımamalıdır.  

Təbii ki, erməni baş nazir ilk növbədə Ermənistan üçün sülh sazişinin hansı hallarda kapitulyasiya məzmunu daşıyacağını da aydınlaşdırmalıdır. Çünki rəsmi Bakı sülh sazişi üşün məhz beynəlxalq hüquq normalarına əsaslanan beş prinsip irəli sürüb. Və erməni baş nazir indi “kapitulyasiya mövzusu”nu gündəmə gətirməklə, sülh sazişindən yayınmaq, yaxud da prosesi mümkün qədər ləngitmək üçün əvvəlcədən bəhanələr uydurmağa çalışır.



Bütün bunları nəzərə aldıqda, Ermənistanla yekun sülh sazişinin imzalanmasının o qədər də asan olmayacağı qətiyyən şübhə doğurmur. Çünki Ermənistan rəsmiləri xarici Qərb təmsilçiləri ilə görüşlərdə konstruktiv mövqe tutan tərəf kimi görünmək üçün müxtəlif açıqlamalar verirlər. Sonradansa, dediklərini dərhal inkar edərək, tamamilə pozucu mövqeyə keçidə üstünlük verirlər. Hər halda, əgər, rəsmi İrəvan öz bəyanatlarına sadiq qalmış olsaydı, onda ötən ilin dekabr ayında yekun sülh sazişi imzalana bilərdi.

Ancaq belə anlaşılır ki, Paşinyan hakimiyyətinin sülh sazişi ilə bağlı vaxtaşırı açıqlamalar verməsi sadəcə, siyasi manipulyasiya ilə prosesi uzatmaq cəhdindən başqa bir şey deyil. Halbuki, sülh sazişinin imzalanması hazırda Azərbaycandan daha çox məhz Ermənistana lazımdır. Çünki sülh sazişi imzalanmadan Ermənistan indiki blokada vəziyyətindən xilas olub, dinc inkişaf mərhələsinə keçid edə bilməyəcək.

Digər tərəfdən, beynəlxalq proseslər və zaman indi məhz Ermənistanın əleyhinə işləyir. Hazırda ABŞ və Qərb də əslində, Ermənistanı deyil, özlərinin geopolitik maraqlarını düşünürlər. Qərb öz hədəfinə çatdıqdan sonra indi “geopolitik alət” kimi istifadə edilən Ermənistana ehtiyacı qalmayacaq. Və Paşinyan hakimiyyətinin Qərbə güvənərək, sülh prosesini əngəlləməsi yeni müharibə təhlükəsini daim aktual saxladığından bu, “günah keçisi”nə çevrilməkdə olan Ermənistanın bir dövlət kimi mövcudluğu üçün əsl fəlakətə çevrilə bilər.  (müsavat.com)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar