Paşinyan yaxın günlərdə istefa verə bilər - Hadisələrin inkişaf ssenarisi

28 Oktyabr 2020 11:05    515 Baxış   
Paşinyan yaxın günlərdə istefa verə bilər -  Hadisələrin inkişaf ssenarisi

Ermənistanın baş naziri Nikol Paşinyan yaxın günlərdə istefa verə bilər.

Ermənistanın ilk prezidenti, Daşnaksutyunun İdarə heyətinin sədr müavini Vazgen Manukyan bəyan edib ki, ölkədəki vəziyyəti dəyişmək üçün yeganə çıxış yolu Paşinyanın istefasıdır.

"Bu hökumət istefa verməli, bütün hakimiyyət səlahiyyətlərini orduya verməlidir. Bunu könüllü, dağıdıcı və fəlakətli nəticələrə səbəb ola biləcək fəsadlarsız etməlidir", - Manukyan deyib.

Manukyanın dediklərinə diqqət və önəm verməyim səbəbsiz deyil.

Bəli, Ermənistanda siyasətçi çoxdur, Nikol Paşinyanı tənqid edən və söyən ondan da çoxdur.

Sadəcə, Vazgen Manukyan daşnakların faktiki rəhbəri və ideoloqu olmaqla yanaşı, «sprük»ün, yəni xarici ölkələrdəki erməni diasporunun Ermənistandakı «elçisi» sayılır.

Manukyanın tələbi, əslində, erməni diasporunun tələbidir.

Daşnaklarla yanaşı, Ermənistandakı bütün müxalifət partiyaları Nikol Paşinyanın istefasını tələb edirlər.

Ermənilər arasında narazılıq artır. Sosial şəbəkələrə baxıram.

Ermənilər yazırlar ki, Nikol Paşinyan hakimiyyətdə nə qədər çox qalarsa, Ermənistan Qarabağ savaşında bir o qədər çox ərazi və əsgər itirəcək.

Paşinyanın ölkə daxilindəki təbliğatı, Fransa prezidenti Emmanuel Makrondan yardım diləməsi də onu xilas edən deyil.

Ermənistanın baş nazirinin dünən xalqa müraciətində əsl isteriyaya qapılması da deyilənlərin bariz sübutudur.

Paşinyan dərk edir ki, rəsmi Bakıya yalnız Rusiya və ABŞ təzyiq edə bilər. Vaşinqtonla Moskva isə bunu etmək istəmirlər.

ABŞ prezidenti Donald Tramp seçkiqabağı kampaniyasında amerikalı erməniləri öz tərəfinə çəkmək üçün onları tərifləyir, vədlər verir. Fəqət, bu vədlərin sonradan reallaşma ehtimalı sıfıra bərabərdir - tarix bunu sübut edir.

Rusiya isə Ermənistan ərazisindəki 102-ci hərbi bazadakı texnikasının bir qismini gizli şəkildə ermənilərə verərək Qarabağa yollayıb və bununla da işini bitmiş sayıb.

Üstəlik, Moskva Paşinyana təklif edib ki, Bakı ilə danışıqlarda Ermənistanın nümayəndə heyətində sabiq prezident Robert Köçəryan da olsun.

Hadisələrin inkişaf ssenarisi belə ola bilər:

✅ 1. ABŞ, Fransa və Rusiyanın zahirən soyuqqanlı, laqeyd davranışı davam edəcək. Azərbaycan ordusu hərbi əməliyyatları davam etdirərək Kəlbəcər, Laçın, Xocavənd, Ağdərə və Ağdam rayonlarını da azad edəcək, daha sonra Şuşa azad ediləcək. Xankəndidəki terrorçu xunta kapitulyasiya edəcək.

✅ 2. Baş verənlərdə ermənilər Nikol Paşinyanı suçlayacaqlar.

✅ 3. Rusiyanın Gümrüdəki 102-ci bazasının hərbçilərindən ibarət kontingent Ermənistan-Azərbaycan sərhəddinə yerləşdirələcək: "Ermənistanı xaricdən müdaxilədən qorumaq üçün".

✅ 4. Bundan sonra Qarabağla bağlı danışıqlar başlanacaq və sülh müqaviləsi imzalanacaq.

Son günlərdə, "Türkiyənin xüsusi təyinatlılarından ibarət dəstələr Ermənistana girməyə hazırlaşır", "Azərbaycan ordusu Ermənistanın Zəngəzur vilayətinə daxil olmaq niyyətindədir" kimi şayiələrin sosial şəbəkələrdə yayılması da bilavasitə Rusiyanın xüsusi xidmət strukturlarının fəaliyyətinin nəticəsidir.

Bu marazmatik, absurd şayiələrin məqsədi təlaşda, Qarabağ savaşındakı məğlubiyyətlərə görə ruh düşkünlüyü və pərişanlıq içində olan Ermənistan vətəndaşlarını daha da qorxutmaq, onlarda Paşinyana nifrəti artırmaq, sonra da rus hərbçilərinin sərhəddə peyda olmasını "ermənilərin xilası" kimi təbliğ etməkdir.

Beləcə, Ermənistan Rusiyanın təsir orbitində forpost kimi qalır, Paşinyan devrilir, Moskva habelə, Bakını da ifrat dərəcədə qıcıqlandırmır.

Elçin Alıoğlu



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar