Polisin “şəfəq əməliyyatı” analoqu olmayan bir fenomeni yenidən gözümüzə soxdu

13 İyun 2020 16:21    964 Baxış   
Polisin “şəfəq əməliyyatı” analoqu olmayan bir fenomeni yenidən gözümüzə soxdu
“İşdən çıxarılıb”

Polisin “şəfəq əməliyyatı” analoqu olmayan bir fenomeni bir daha gözümüzə soxdu: xəbər yazmaq iddiasında olan media qurumları “Azərbaycanda polis şöbəsinin bütün rəhbər heyəti işdən çıxarıldı”, - deyə xəbər yazdılar. Əmri Daxili İşlər naziri veribmiş. Bu cür xəbərlərin mənbəyi və mənşəyi, adətən, Daxili İşlər Nazirliyinin mətbuat katibliyi olur. Dövlət agentliyinin bu xəbərlərə qoyduğu başlıqlar orijinallığıyla fərqlənir. Xırda-xuruş saytların başlıqları isə oxucunun gözünü yaşardır. Və adını “jurnalist” qoymuş heç bir Allah qulu özünə zəhmət verib sorğu-sual etmir ki,”polis şöbəsinin bütün rəhbər heyəti işdən çıxarılıb”, - nə deməkdir?

Biz sorğu-sual edək.

“Polis şöbəsinin bütün rəhbər heyəti”- dövlətin ən mühüm qurumlarından birinin (yəni, Daxili İşlər Nazirliyinin) məmurlarıdır. O məmurlar çox ciddi imtahanlardan və yoxlamalardan sonra o quruma işə qəbul edilirlər (edildiklərinə inanaq). Azərbaycanda xəbərlər ənənəvi olaraq yuxarıdakı şəkildə yazıldığına görə, anlamaq mümkün olmur: “polis şöbəsinin bütün rəhbər heyəti öz vəzifələrindən uzaqlaşdırılıb”, yoxsa məmur kimi işlədikləri dövlət qurumundan tamamilə çıxarılıblar? Əgər dövlət məmuru kimi işlədikləri polis təşkilatından, tamamilə uzaqlaşdırılıblarsa, onda burada vahiməli bir durumdan söhbət gedir və istər-istəməz meydana bu sual çıxır: dövlət öz məmurunu işlədiyi təşkilatdan bu qədər asanlıqla necə çıxarıb atır? Dövlət məmurlarının fəaliyyətini tənzimləyən qanuna görə çıxarırsa, o qanunda bir məmurun dövlət qurumundan, tamamilə uzaqlaşdırılmasına dair hansı müddəalar var?

Qanun varsa, məmuru dövlət qurumundan, tamamilə uzaqlaşdırmaq bu qədər asan olmamalıdır. Uzaqlaşdırılırsa, demək ki, məmur tərəfindən dövlətin etibarına ziyan vuran son dərəcə vahiməli səhvlərə, hətta cinayətlərə yol verilib. Elə isə “şəfəq əməliyyatı” dövlətin öz məmurunu öz sıralarından, tamamilə təmizləməsinə səbəb olan səhvlər və cinayətlərlə doludurmu? Dövlətin məmuriyyəti haqqında qanun yoxdursa, o məmurlar o vəzifələrə necə təyin edilir? Dövlət məmuriyyəti haqqında qanun varsa,çox ağır cinayətlərə yol vermədikcə vəzifəli işçiləri bu qədər asanlıqla dövlət məmurluğundan necə xaric edirlər? Hansısa məmur (və ya məmurlar) vəzifəsinin öhdəsindən yüksək səviyyədə gələ bilməyəndə onu daha aşağı vəzifəyə keçirirlər, məmuriyyətdən, tamamilə uzaqlaşdırmırlar. Sovet vaxtında da belə idi, müasir dünyada da belədir. Və ya yeni siyasi rəhbərlik öz kadrları ilə işləmək istəyər - bu da çox təbiidir, onda da məmurların bir qismi vəzifədən kənarlaşdırıla bilər. Ancaq bu, o demək deyil ki, bir əmrlə yüksək və ya aşağı vəzifəli məmurların hamısı işləriylə əbədi vidalaşmalı olsunlar.

“Filan nazir köhnə nazirin adamlarını işdən çıxardı”- çox təbiidir. Ancaq o köhnə işçilər hara getdilər, dövlət qulluğundan tamamilə uzaqlaşdırıldılarmı? 10-15-20 il dövlət məmuriyyətində olmuş bir şəxsi bir anda dövlət aparatından, tamamilə uzaqlaşdırmaq heç bir haqq-ədalətə sığmadığı kimi, bunun kimi işlər dövlətə qətiyyən yaraşmaz. Belə olan halda məmur öz sabahından necə əmin olsun? Qulluq etdiyi dövlətin onu bir anda qapının arxasına qoyacağından qorxan məmur, təbii ki, hər fürsətdə rüşvət almağa çalışacaq. Bəs o halda dövlətin aqibəti necə olacaq?

“Şəfəq əməliyyatı”ndan sonra bir “Polis şöbəsinin bütün rəhbər heyətinin işdən çıxarılması” faktından yola çıxaraq dünyanın bütün dövlətləri üçün (həmçinin Azərbaycan üçün) həyati dərəcədə əhəmiyyətli suala ümumi şəkildə cavab axtarmağa çalışdıq. Konstitusiya hüququ mütəxəssisləri cavab versələr, vətəndaşlara böyük yaxşılıq edərlər. Bizi isə daha konkret sual maraqlandırır: “Polis şöbəsinin bütün rəhbər heyəti” işdən necə çıxarıldı: polis təşkilatı sistemində başqa işlərə keçirildilər, yoxsa dövlət məmuriyyətindən tamamilə uzaqlaşdırıldılar?

Konkret suala DİN-dən konkret cavab gözləmək də jurnalistin ən təbii haqqıdır.

Dominant.az


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar