Qarabağa gedənlərə Paşinyan minalanmış ərazilərin xəritəsini verib?

22 May 2021 00:23    6648 Baxış   
Qarabağa gedənlərə Paşinyan minalanmış ərazilərin xəritəsini verib?

İnsanları sortlara bölmək olmaz..!

Bəlkə Nikol Paşinyan, ya separatçıların başçısı Arayik Harutunyan “birinci sort” adamların, yaxud onlara icazə verənlərin əlinə minalanmış ərazilərin xəritəsini verib, bizim xəbərimiz yoxdur?

44 günlük Vətən müharibəsində hər bir Azərbaycan vətəndaşının, son illərdə xeyli güclənmiş, regionun ən güclü ordularından birinə çevrilmiş rəşadətli Azərbaycan ordusuna dəstəyi, Ali Baş Komandanın savaş əmri ilə əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı, şəhidpərvərliyi sayəsində 27-28 illik həsrətə son qoyulması şanlı tariximizə qızıl hərflərlə yazılmalı olan çox möhtəşəm hadisə idi. Və gözləmək olardı ki, bu illərdə yaşından asılı olmadan Vətən həsrəti ilə dünyasını dəyişənlərin say çoxluğunu nəzərə alaraq, dədə-baba yurdlarını, doğmalarının məzarlarını ziyarət etmək üçün azad edilmiş ərazilərin sakinlərinə, qələbədən bir müddət sonra şərait yaradılacaq. Təbii ki, insanlarımızın təhlükəsizliyinin daha vacib olduğu başadüşüləndir. Amma zaman keçdikcə təhlükəsizlik məsələsinin sadəcə bəhanə təsiri bağışladığı məlum oldu. Bunun əksini düşünənlər bir çoxlarının, necə deyərlər, "həftə səkkiz, mən doqquz", işğaldan azad edilmiş ərazilərimizdə çəkdirdikləri müxtəlif pozlarda şəkillərini, videomaterialları sosial şəbəkələrdə paylaşmalarına diqqət yetirsələr yəqin ki, bizimlə razılaşarlar.

Əlbəttə, həm gedənlər, həm də onlara icazə verənlər həmin şəxslərin infrastruktur yaradılması üçün müxtəlif dövlət idarələri tərəfindən göndərildiyini deyə bilərlər. Şübhəsiz ki, belələri də var. Ancaq başqalarını onlardan ayırmağın çətin olmadığı da hər kəsə aydındır. Bu halda insanları nədən sortlara ayıraraq birilərinə şərait yaradır, digərlərinə dirsək göstərirlər? Bəlkə Nikol Paşinyan, ya separatçıların başçısı Arayik Harutunyan “birinci sort” adamların, yaxud onlara icazə verənlərin əlinə minalanmış ərazilərin xəritəsini verib, dövlətin (həm də elə bizim) xəbəri yoxdur? Yəqin ki elə deyil. Maraqlıdır, bəs görəsən səbəb nədir? Yəqin ki, hər bir azərbaycanlının ilk ağlına gələn səbəb rüşvət versiyası olacaq. Əlbəttə, 27 ildən sonra qanla geri alınan torpağımıza rüşvətlə ayaq basmaq versiyasının doğruluğuna adamın inanmağı gəlmir, amma inam yaratmayan başqa səbəb tapmaq da çətindir.

Məsələ bundadır ki, Paşinyanın minaları heç də smart minalar deyil. Yəni eyni əraziləri ziyarət etməyə icazə verilən adamlarla, icazə verilməyənləri seçə bilmək kimi intellektə sahiblik eləmirlər. Yəqin ki, bu minalar heç “birinci sort” adamlarla partlamamaq barədə müqavilə imzalamayıb, “ikinci sort”lara qarşı savaş da elan etməyiblər. Şübhəsiz ki, icazə vermək səlahiyyətində olanlar tərəfindən də idarə olunmurlar. Belə isə ayrı-seçkilik nə üçündür?
Bəli, şübhə doğuran bu və bu kimi çoxsaylı suallara aydınlıq gətirilməli, səbəbləri araşdırılmalı, əsassız bəhanələrə son qoyulmalı, “birinci sort”lar üçün mümkün və təhlükəsiz olan ziyarətləri, eyni zamanda “ikinci sort”lar üçün də mümkünləşdirmək lazımdır. Çünki nə sürətlə ötən vaxt, nə də əlahəzrət Əzrail yer-yurdlarından məcburi köçkün düşənlərin, artıq azad olunan həmin ərazilərə qayıtmalarını gözləmir. Həm də yaşından asılı olmayaraq. Doğrudur, qələbədən sonra bu və buna oxşar təkliflər verilib. Bu sırada dünyasını dəyişmək riski yüksək olan70 yaşdan yuxarı insanların ziyarətinin vacibliyi də vurğulanır. Amma yaxşı təklif olsa da, ölüm yaşa baxmır ki... Əgər yurda, yaşamaq üçün qayıtma səbəblərdən uzun çəkəcəksə, onda işğaldan əvvəlki yurd haqqında aydın təsəvvürü olanların hissə-hissə hamısına şərait yaradılmalıdır ki, gedib görsün, əcəl gələndə heç olmasa rahat ölə bilsinlər...

Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istərdik. Söhbət hələ də şəraitsiz yataqxanalarda, zirzəmilərdə, yarımçıq binalarda məskunlaşmaqda davam edən məcburi köçkünlərin, torpaqlarımızın azad olunmasından az əvvəl onlar üçün salınmış qəsəbələrin çoxsaylı boş mənzillərinə köçürülməsinin dayandırılmasından gedir. Qeyd olunduğu kimi, əgər böyük qayıdış məlum səbəblərdən hələ bir neçə il ləngiyəcəksə, onda həmin kəsimin boş mənzillərə köçürülməsində problem olımamalıdır. İnanmaq istərdik ki, dövlətimiz hazır mənzillər olduğu halda 27 ildən çoxdur dözülməz şəraitdə, zirzəmilərdə, şəraitsiz yataqxanalarda, yarımçıq binalarda, həm də nə vaxtsa mənzillə təmin olunacaqları ümidi ilə ömür xərcləyənləri, məsələn, daha 4-5 il (bəlkə də 5-10 il) müddətdə həmin şəraitdə yaşatmayacaq.
Əlbəttə, həmin boş mənzillərin ehtiyacı olan şəhid ailələrinə, qazilərə veriləcəyi haqda təkliflər çox gözəldir. Amma...

Birincisi, bu gözəl təklifin acı təcrübəyə əsasən bəzi məmurlat tərəfinfən necə həyata keçiriləcəyini indidən söyləmək çox çətindir. İkincisi isə, hər şey normal olsa belə, sözügedən mənzillərin sayının müvəqqəti yaşamaq üçün həm məcburi köçkünlərə, həm də ehtiyaclı şəhid ailələri və qazilərə çatacaq qədər yetərli olmasına da şübhə yoxdur. Həm rayonlarda, həm də Bakı şəhərində. Qayıdışdan sonra boşalacaq mənzilləri də buraya əlavə etsək, ümumiyyətlə şübhə yeri qalmaz.
Və sonda... Yaxşı olardı ki, işğaldan azad edilmiş rayonlardan olan millət vəkilləri həm yurd yerlərinin ziyarəti, həm də şəraitsiz köçkünlərin mənzillə müvəqqəti təminatı barədə parlamentdə, əlaqədar qurumlar qarşısında məsələ qaldırsınlar.

Nəriman Mahmud, yazıçı-publisist



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar