Qənirə Paşayeva kitab təqdimatında çıxış edib - FOTO

06 May 2022 07:06    10195 Baxış   
Qənirə Paşayeva kitab təqdimatında çıxış edib -  FOTO
MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə keçirilən “Elçin teatrı: Absurd dram “Qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstində” kitabının təqdimatında çıxış edib. O, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin müəllifi olduğu kitabı mühüm mövzu üzrə sanballı tədqiqat əsəri kimi xarakterizə edib:

“Azərbaycan ədəbiyyatşünaslığının, milli teatrın, ümumən mədəniyyətimizin inkişafında önəmli xidmətləri olan Xalq yazıçısı Elçin Əfəndiyevin yaradıcılığının dahi alim Lütfi Zadənin “Qeyri-səlis məntiq” nəzəriyyəsi işığında açıqlanması əlamətdar hadisədir”.

Komitə sədri çıxış edərək bildirib ki, “Qeyri-səlis məntiq” nəzəriyyəsi haqqında ilk dəfə Xudu Məmmədovun kitablarında, sonra isə məhz Lütfi Zadənin əsərlərində tanış olub. Lütfi Zadə ilə tanışlığından danışan Qənirə xanım bildirib ki, bu görüşün keçirilməsində Rafiq Əliyevin rolu böyükdür. Məhz Lütfi Zadə ilə görüşdən sonra “Qeyri-səlis məntiq” nəzəriyyəsinə yeni pəncərədən baxmaq imkanı əldə etdiyini vurğulayan komitə sədri söyləyib ki, böyük şəxsiyyətlər haqqında əsər yazmaq çox çətin və məsuliyyətli işdir. Lütfi Zadə və Qeyri-səlis məntiq nəzəriyyəsi haqqında əsərin yazılmasında yaxından kömək edən Rafiq Əliyevə minnətdarlığını bildirib.

Q.Paşayeva vurğulayıb ki, Elçin müəllimin Azərbaycan teatrının inkişafında xüsusi yeri vardır. O, Elçin müəllimin “Qatil”, “Teleskop”, “Poçt şöbəsində xəyal” kimi əsərlərinə qoyulmuş tamaşaları dəfələrlə izlədiyini qeyd edib. Sonda İftixar Piriyevə belə bir mövzuya toxunduğu üçün öz təşəkkürünü bildirib və bu əsərin xarici dillərə tərcümə olunması məsələsinin vacibliyini qeyd edib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar