Qənirə Paşayeva Mədəniyyət komitəsinin dəstəyi ilə keçirilən sərgidə iştirak edib - FOTO

13 May 2022 05:10    8666 Baxış   
Qənirə Paşayeva Mədəniyyət komitəsinin dəstəyi ilə keçirilən sərgidə iştirak edib -  FOTO

MM Mədəniyyət komitəsinin dəstəyi ilə eşitmə və danışma imkanları məhdud gənc rəssam Lalə Həsənovanın “Lalənin könül dünyası” adlı sərgisi keçirilib.

Milli Məclisin Mədəniyyət Komitəsinin dəstəyi ilə keçirilən sərgidə Lalənin 60-dan çox əsəri nümayiş olunub.

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Laləni uzun illərdir tanıdığını, hər keçən il içində öz bilik və bacarıqlarını daha da artırdığını – daha mükəməl əsərlərlə çıxış etdiyini deyib: “Təsadüfi deyil ki, sərginin adı “Lalənin könül dünyası”dır. Əslində, sərgilənən əsərlər də Lalənin könül dünyasının böyüklüyünü, onun gənclik dünyasının üfüqlərini göstərir. Mən Laləni bu uğurlu sərgi münasibəti ilə təbrik edirəm. Lalənin valideynlərinə təşəkkür edirəm ki, onun könül dünyasının fərqində olublar, ona inanıblar və dəstək göstəriblər. Gənc rəssamımızı bu gün yalnız qoymayan, onun əsərlərinə tamaşa etməyə gələn və o əsərləri öz evləri, iş yerləri və ölkəmizin mədəniyyət ocaqları üçün alan könül dostlarımıza, aydınlarımıza, işadamlarımıza, sizlərin hər birinizə təşəkkür edirəm”.

Lalənin bundan öncəki sərgilərinə də dəstək verməkdən məmnun olduğunu söyləyən Q.Paşayeva, bu sərginin Lalənin yaradıcı həyatında yeni mərhələnin başlanğıcı olduğuna inamını ifadə edib.

İctimai fəal Vəsilə Abulova Lalə kimi istedadlı gəncin sərgisinə dəstək verməkdən böyük məmnunluqlarını bildirib, ona böyük uğurlar diləyib.

Lalənin valideynləri çıxış edərək, təşkilatçılara, iştirakçılara, Lalənin yanında olan hər kəsə təşəkkür edib.

Qardaş Özbəkistandan gələn dəyərli aydınlar – tanınmış şair və yazıçılar Qoçqar Norkabil, Xasiyyət Rüstəm, Tursun Ali, alimlər Xurşidə Qafurova, Hafizə Qoçqarova, Mahliya Mirsoatova Laləni sərgisi münasibəti ilə öz ürək sözlərini bölüşüblər.

Qardaş Türkiyənin tanınmış sənətçisi Orxan Çakmak da tədbirdə çıxış edib, Laləyə və təşkilatçılara ən xoş diləklərini yetirib. O.Çakmak 44 günlük Vətən Müharibəsində öz sənəti ilə mənəvi cəhətdən Azərbaycanın yanında olmaqdan məmnunluğunu, tarixi Zəfərdən duyduğu qüruru bölüşüb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar