Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakı Avropa litseyində 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxış edib.
Q.Paşayeva bu il 28 Mayı “Şuşa İli”ndə və tarixi Zəfərimizdən sonrakı abadlıq-quruculuq işləri fonunda qürurla keçirdiyimizi vurğulayıb. Komitə sədri ötən il müvafiq qanuna edilmiş dəyişikliklər əsasında 28 Mayın bu il öz əsl adı, mahiyyəti üzrə bayram edildiyini də qeyd edərək, ürək sözlərini bölüşüb:
“Əziz şagirdlərimiz,
Sizlər xoşbəxtsiniz. Xoşbəxtsiniz ki, müstəqil Azərbaycanda yaşayır, belə gözəl məktəbdə təhsil alır, rahat ortamda biliklərə yiyələnirsiz.
Siz xoşbəxtsiz ki, qalib Azərbaycanın vətəndaşlarısız.
Ümummili liderimiz Heydər Əliyevin təhsilə, məktəbə unudulmaz diqqət-qayğısı bu gün uğurla davam və inkişaf etdirilir. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin, məktəblərin, ümumiyyətcə ölkə vətəndaşlarının və Azərbaycanımızın inkişafına yüksək diqqət-qayğısı müstəqil, qüdrətli dövlətçilik irsinin qorunması və yeniliklərin ölkə həyatına gətirilməsi baxımından bir örnəkdir.
Sizləri 28 May – Müstəqillik Günü münasibəti ilə ürəkdən təbrik edirəm!
Əziz müəllimlərimizi təbrik edir, onlara təşəkkürlərimi yetirirəm! Ümummilli liderimiz “Mən Yer üzündə müəllim adından yüksək, şərəfli ad tanımıram” deyirdi.
Mənim hər iki valideynim müəllim olub. Müəllim əməyinin, müəllim məsuliyyətinin və ruhunun nədən ibarət olduğunu çox yaxşı bilirəm.
Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi kompleks tədbirlər, o cümlədən, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi təhsilin inkişafının dövlət siyasətinin, aparıcı vətəndaş cəmiyyəti institutlarının, bütövlükdə cəmiyyətin həyatındakı yerini, rolunu ifadə etməkdədir.”