Qənirə Paşayeva Sabir Rüstəmxanlını yubileyi münasibəti ilə təbrik edib

20 May 2021 22:17    3442 Baxış   
Qənirə Paşayeva Sabir Rüstəmxanlını yubileyi münasibəti ilə təbrik edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və sədr müavini Fazil Mustafa Xalq şairi, Millət vəkili, Mədəniyyət Komitəsinin üzvü Sabir Rüstəmxanlını 75 illik yubileyi münasibəti ilə komitə adından təbrik ediblər.

Sevilən Xalq şairi, görkəmli ədib və ictimai-siyasi xadimə möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyən Komitə sədri, onun həyat və yaradıcılıq yoluna diqqət çəkib:

“Siz hələ tələbəykən o dövrün çoxtirajlı, populyar "Ədəbiyyat və incəsənət" qəzetində çalışmış, ədəbi mühitin canlanmasına özünəxas töhfələrlə çıxış etmisiz. Universitetdən məzun olduqdan sonra, elmi işlə də məşğul olmuş, "Molla Nəsrəddin" və folklor" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnmisiz.
1978-ci ildən "Yazıçı" nəşriyyatında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor olmusuz.

1989-1991-ci illərdə baş redaktoru olduğunuz "Azərbaycan" qəzetindəki fəaliyyətinizsə ayrıca qeyd olunmalıdır. “Azərbaycan” qəzeti milli mətbuat tariximizdə xüsusi bir hadisəydi.

Siz 1991-ci ildən Dövlət Mətbuat Komitəsinin sədri, 1992–1995-ci illərdə Mətbuat və informasiya naziri vəzifəsində çalışmısız. Mətbuat və informasiya işinə məsul mərkəzi icra hakimiyyəti orqanının rəhbəri kimi milli mətbuatın və Azərbaycan həqiqətlərinin dünyada yayılması sahəsində danılmaz xidmətiniz olub.

Siz 1990-cı ildən Millət vəkili olaraq geniş ictimai-siyasi fəaliyyət göstərmisiz; hazırda da Millət vəkili və partiya sədri olaraq ölkəmizin ictimai-siyasi həyatında özünəməxsus yerə, nüfuza sahibsiz.
Danılmaz ictimai-siyasi fəaliyyətinizlə yanaşı, Siz erkən yaşlarından peşəkar ədəbi fəaliyyətlə məşğul olmusuz, şeirləriniz dillər əzbəri olub, sözlərinizə musiqilər bəstələnib və müğənnilərin repertuarında özünəməxsus yer qazanıb. İlk kitabınızın çıxdığı 1970-ci ildən bəri çoxsaylı kitablarınız gün üzü görüb, respublikamızdan başqa Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şer, nəsr, publisistika kitabınız nəşr olunub. Kitablarınız yüksək ədəbi ödüllərə layiq görülüb. İmzanız bütün Türk dünyasında, keçmiş sovet respublikalarında, dünyanın bir çox başqa ölkəsində yaxşı tanınır, əsərləriniz oxunur, öyrənilir.
"Ömür kitabı" əsərinizin geniş şöhrəti bütün dünya azərbaycanlılarına bəllidir. Azərbaycanda milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynamış “Ömür kitabı” milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olub. "Tanımaq istəsən", "Xəbər gözləyirəm", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı", "Zaman məndən keçir" və b. şeir kitablarınız, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemalarınız, "Bu sənin xalqındır" publisistik yazılardan ibarət əsəriniz, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", "Difai fədailəri", "Sunami" romanlarınız oxucularınızın masaüstü kitablarındandır.

Siz Dünya Azərbaycanlıları ilə davamlı və məqsədyönlü iş sahəsində özünəməxsus xidmətləri olan aydınımızsız.

Siz hansı vəzifədə olmusuzsa, həmişə öz peşəkarlığınız, millətə könüldən bağlılığınız və vətəncanlılığınızla seçilmisiz.

Siz Mədəniyyət Komitəsinin dəyərli üzvüsüz, məsləhətləriniz, tövsiyyələriniz bizimçün qiymətlidir.
Çox şadıq ki, bu ilki yubileyinizi Qarabağda tarixi zəfərimizin sevinc, fərəh və qüruru içində keçirirsiz.
Sizi yubileyiniz münasibəti ilə Komitəmiz adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!

Yubilyara Mədəniyyət Komitəsi adından Təbrik məktubu və Qarabağ motivli xatirə hədiyyəsi təqdim edilib.

Xalq şairi səmimi sözlər və təbrik üçün təşəkkür edib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar