Ramiz Mehdiyev erası bitibmi? - REALLIQLAR VƏ MİFLƏR

17 İyul 2020 16:20    974 Baxış   
Ramiz Mehdiyev erası bitibmi? -  REALLIQLAR VƏ MİFLƏR
İyul ayının 12-nə qədər ölkə mediasının əsas vitrin mövzularından biri Ramiz Mehdiyev ətrafında baş verən hadisələr, onunla bağlı ortaya atılan ciddi ittihamlar idi. Prezident Administrasiyasının keçmiş rəhbərinə yönələn ittihamların daha çox bir sıra tanınmış ictimai-siyasi xadimlər, keçmiş məmurlar və hazırkı bəzi deputatların dilindən səslənməsi ciddi suallar doğurur. Dövlətin “beyin mərkəzi” hesab olunan Prezident Administrasiyası postunda 24 il əyləşən R.Mehdiyev dövlətə xəyanətdə ittiham edilir və oun haqqında cinayət işinin başlanması tələb olunur. O, bu gün Azərbaycanda xos yaratmaq istəyən qüvvələrin başında dayanan, ciddi siyasi ambisiyalara malik, hələ də dövlət strukturlarında mühüm rıçaqlarını qoruyub saxlamaqda maraq olan, Azərbaycanda hakimiyyəti zorla ələ keçirmək istəyən siyasi qruplaşmaların himayədarı olan, mərhum prezident Heydər Əliyevə dəfələrlə xəyanət edən şəxs kimi təqdim edilir, haqqında ciddi suallar doğuran ittihamlar səsləndirilir. Azərbaycanda monolit hüquq-mühafizə orqanlarının mövcudluğunu hamıdan ən yaxşı bilən, hələ də övladları mühüm vəzifələrdə işləyən, böyük sərvət sahibi olan R.Mehdiyev belə bir cəsarətə və gücə sahibdirmi və ümumiyyətlə, bu, onun nəyinə lazımdır? Əslində nə baş verir, R.Mehdiyev niyə “vurulur?” Düşünürlər ki, R.Mehdiyev öz “mövcudluğunu”, “yenilməzliyini”, “vacibliyini” və “təkrarolunmazlığını” nümyiş etdirərək, öz gücünü möhkəmləndirir, əzələ nümayiş etdirir.

"O, hələ 10-15 il öncə adam oğurluğunda və müxtəlif dövləti cinayətlərdə ittiham olunurdu...”

R.Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri vəzifəsini tutub. Bu illər ərzində Azərbaycan hakimiyyətində yüksək vəzifə tutan xeyli sayda iri ranqlı məmurlar həbsxanaya düşüb, bir çox deputatlar, hakim partiya qurucuları siyasi komandadan kənarlaşdırılıblar.

R.Mehdiyev hələ 10-15 il öncə adam oğurluğunda və müxtəlif dövləti cinayətlərdə ittiham olunurdu. Amma “koridor atmosferli” bu söhbətlər media səhifələrində işıqlandırılmırdı, onunla bağlı hər hansı mənfi fikrin mətbuat səhifələrində dərc olunması təkcə cəsarət tələb etmirdi, həm də qarşıda səni gözləyən böyük təzyiqləri gözə almalı idin. Bu gün R.Mehdiyevi “vuran” adamlar vaxtilə hakim komandada mühüm post tutan şəxslərdir. O şəxslər ki, vaxtilə siyasi karyeralarına vurulan ağır zərbələrin əsas baiskarı və təşkilatçısı kimi məhz R.Mehdiyevi görürlər. 2019-cu ilin oktyabr ayının 23-də R.Mehdiyevin işdən çıxarıldığı gündən bu günə qədər onun ətrafında söz-söhbətlər səngimək bilmir. İndi mətbuat səhifələrində də onun haqqında kifayət qədər tənqidi ruhlu, ittiham dolu yazılar yazılar oxuya bilərsiniz. Artıq Ramiz Mehdiyev yoxdur! Maraqlıdır, vaxtilə hakim komandada mühüm postlar tutan şəxslər bu gün ölkədəki ağır və gərgin bir situasiyada “R.Mehdiyev amili”nin araşdırılmasını tələb edirlər. Hesab edirlər ki, bu gün Azərbaycanı qarışdırmaq istəyən qüvvələrin başında məhz R.Mehdiyev durur və onun böyük siyasi ambisiyaları var. Düşünürlər ki, “5-ci kolon” da məhz onun xidmətindədir.



2005-ci ildə YAP-ın qurucu üzvlərindən olan Musa Musayev 8 saylı Binəqədi seçki dairəsindən YAP-ın deputatlığa namizədi idi. Exit-poll-un nəticələr ilə o, qalib idi, amma qutudan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayev çıxmışdı. M.Musayev özü də qeyd edir ki, həmin vaxt Binəqidinin o vaxtkı icra başçısı Alı Qocayevlə görüşüb. İcra başçısı M.Musayevə bildirib ki, R.Mehdiyev onun deputat seçilməsini istəmir. Bütün bu hadisələrdən sonra tərəflər arasında gərginlik daha da artıb. Həmin vaxt M.Musayevin əmisi oğlu Alqış Musayev də Yeni Azərbaycan Partiyasının rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetində Baş redaktor vəzifəsini tuturdu. Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzetində Bakının keçmiş meri Hacıbala Abutalıbovun tənqid edilməsi, A.Musayevin elə Milli Məclisdə H.Abutalıbovu açıq müdafiə etməsi savaşı daha da qızışdırmışdı. A.Musayev “Yeni Azərbaycan” qəzetində R.Mehdiyevi ən sərt formada tənqid etmişdi. Hətta A.Musayevin həmin vaxt itkin düşən Tural adlı bacısı oğlunun oğurlanmasının sifarişçisinin də R.Mehdiyev olduğunu deyirdi. Həm M.Musayevin, həm də A.Musayevin “vurulması” R.Mehdiyev faktoru ilə əlaqələndirilirdi. Məsələ o həddə çatır ki, A.Musayev 2008-ci ildə “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru vəzifəsindən getməli olur. Amma məsələ bununla bitməmişdi. R.Mehdiyev mərhum prezident Heydər Əliyevin YAP-ın 10 illik yubileyində A.Musayev və “Yeni Azərbaycan” qəzeti haqqında dediyi müsbət fikirləri də qəzetin saytından sildirmişdi. Hətta 2011-ci ildə “28 may” adlı qəzet buraxmaq istəyən A.Musayev növbəti dəfə “STOP”la qarşılaşdı və qəzet işıq üzü görmədi.

A.Musayev hələ vəzifədə olarkən də, R.Mehdiyevi ən sərt şəkildə tənqid edən adam olub. Həmin vaxt R.Mehdiyevi tənqid etmək, onun haqqında mənfi fikir söyləmək, özü də bu fikri qəzet səhifəsində dərc etmək intihar demək idi. Amma A.Musayev bunu bacarmışdı!


Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı da bu gün R.Mehdiyevi ciddi şəkildə ittiham şəxslərdən biridir. Maraqlıdır, bu günə qədər R.Mehdiyev haqqında tənqidi fikirləri yer almayan F.Ağamalı bu gün nə üçün belə bir mövqeədən çıxış edərək, 18 iyun tarixli məqaləsində yazır:

SİTAT: “R.Quliyev - F.Əliyev - Ə.İnsanov üçlüyü 2005-ci ildə Dövlət çevrilişinə cəhd etdi. Xalqın ciddi dəstəyi ilə Prezidentimiz tərəfindən çevrilişin qarşısı alındı. Yaranmış şəraitdən sui-istifadə edən Boz kardinal əlinə güclü hakimiyyət toplamağa start verdi”.

SİTAT: “O, radikal müxalifətlə iş birliyi yaradaraq qaragüruhu və anarxistləri küçələrə çıxatdırır, polisin vasitəsilə onlara təzyiqlər göstərilirdi. Beləliklə, bir tərəfdən 5-ci kalonun aparıcı şəxsi kimi Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirir, başqa tərəfdən özünün “vacibliyini” və “təkrarolunmazlığını” nümayiş etdirir, mövqeyini gücləndirirdi”.

Maraqlıdır ki, R.Mehdiyevi “vuran” şəxslərin əksəriyyəti Qərbi Azərbaycan kökənli şəxslərdir və R.Mehdiyev isə, uzun müddət “Naxçıvan klanı”nın əsas siması kimi tanınıb.


Son bir neçə günə qədər R.Mehdiyevin ölkədə xaos yaratmaq istəməsi ilə bağlı səslənən ittihamlar o hədd çatdı ki, həm özü, həm də YAP-ın şöbə müdiri, deputat Aydın Mirzəzadə bu ittihamlara cavab verməli oldu. A.Mirzəzadə iyul ayının 10-da “Yeni Müsavat” qəzetinə açıqlamasında deyirdi: “Ramiz müəllim dövlətçilikdə xidmətləri olmuş, eyni zamanda bu gün də yüksək vəzifədən getdikdən sonra cənab İlham Əliyevin siyasi kursuna sədaqətli olan insanlardan biridir. Ramiz Mehdiyev hakimiyyətdə ikinci adam olub. Onun hakimiyyəti dəyişməyə nə marağı ola bilərdi?...”.

Sabiq deputat A.Musayev sosial şəbəkə hesabında A.Mirzəzadəyə belə cavab vermişdi: “Hər bir kəsin bir başqasına şəxsi münasibəti ola bilər. Və hiss olunur ki, millət vəkilinin Ramiz Mehdiyevə qarşı daxili bir sevgisi var. Olsun və buna görə onu heç kim günahlandıra bilməz və günahlandırmır. O, istəsə, Ramiz Mehdiyevı ikinci yox, birinci çəxs kimi də görə bilər. Bu, Aydın müəllimin özəl hüququ və haqqıdır. Amma konstitusiya, dövlətçilk bir başqadır. Heç kim Aydın Mirzəzadəyə haqq vermir ki, öz şəxsi qənaətini ölkənin konstitusion nizamı kimi təqdim etsin! Ramiz Mehdiyevin “hakimiyyətdə ikinci adam” olmasını iddia etmək, birbaşa respublikamızın dövlət quruluşuna qarşı həqarətdir. Azərbaycan Konstitusiyasına görə, 2001-ci ilə qədər ölkənin ikinci şəxsi Milli Məclisin sədri, 2001-ci ildə edilən dəyişiklikdən sonra Baş Nazir, 2016-cı ildə qəbul edilən referendumdan sonra isə respublikanın Birinci vitse-prezidenti hesab olunur”.

Məsələ bundadır ki, müxtəlif vaxtlarda belə bir iddialar da səslənib ki, deputat A.Mirzəzadənin R.Mehdiyevin Milli Məclisdəki "deputat papkası"na aiddir və onun 20 ildir deputat olması da məhz elə onun himayəsi sayəsində mümkün olmuşdur. Eyni zamanda, belə bir məqamda hakim partiyanın şöbə müdirinin R.Mehdiyevi "İkinci şəxs" adlandırması R.Mehdiyevə həddindən artıq verilən dozalı münasibətin göstəricisi idi.



Bəs Ramiz Mehdiyevin “vurulması” məmurlarda hansı psixoloji “test” yaradır? – Əgər o da “vurulursa”, deməli...

R.Mehdiyev Azərbaycanda mövcud siyasi sistemin əsas “kataloqu” kimi mühüm post tutub. Dövlətin ən mühüm vitrin şəxslərindən biri olub. Artıq R.Mehdiyev yoxdur və onun haqqında demək olar ki, hər gün bir neçə məqalə yazılır, sosial şəbəkələrdə onlarla post paylaşılır. İlk baxışdan elə görünür ki, R.Mehdiyevin “vurulması” elə dövlətin marağındadır və bütün bu işlər məhz siyasi qərarla həyata keçirilir. Əsl təhlükəli vəziyyət də elə budur! Çünki istər cəmiyyət, istərsə də, bu gün mühüm vəzifələrə təyin olunan şəxslər, məmurlar çaşdırıcı məqamlarla üz-üzə qalmalı olurlar. Heç şübhəsiz ki, bu şəxslərin beyinlərində belə bir müəmma dolaşır: “Vaxtilə hakimiyyətdə ən sədaqətli adamlardan biri kimi tanınan, mühüm vəzifə tutan R.Mehdiyev də vəzifədən çıxandan sonra “vurulursa”, deməli, vəzifədən çıxandan sonra bizi də “vuracaqlar”, bu tale bizi də gözləyir. Biz nə qədər sədaqətli olmalıyıq və hansı işləri görməliyik?”.

Bu insanlar psixoloji olaraq, özlərini “test”dən keçirməli olurlar, sədaqət, əmək fəaliyyəti arxa plana keçir, sadəcə gələcək təhlükələrdən qorunmaq üçün müxtəlif üsulları indidən axtarmalı olurlar. Dövlətə, hakimiyyətə ciddi və dərin etimadsızlıq mühiti yaranır.



Halbuki, Prezident İlham Əliyev R.Mehdiyevi vəzifədən yola salarkən Azərbaycanın ən ali “Heydər Əliyev ordeni” ilə təltif edərək haqqında bu fikirləri demişdi:

... o vaxt Heydər Əliyevin yetişdirdiyi, böyük vəzifələr verdiyi bir çox kadrlar ona sadiq çıxmadılar və o, 1993-cü ildə hakimiyyətə qayıdandan sonra həmin kadrlara etibar etmədi. Bir halda ki, sizi dərhal vəzifəyə təyin edib, onu göstərir ki, o, həm sizə inanırdı, eyni zamanda, xalqımız üçün həmin ağır illərdə siz Ulu Öndərə öz sədaqətinizi saxlamısınız və onun rəhbərliyi altında işlədiyiniz dövr ərzində bunu sübut etmisiniz. Heydər Əliyev tərəfindən Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunmusunuz və bu çox önəmli və məsul işdə böyük nailiyyətlər əldə etmisiniz. Son 16 il ərzində isə biz birlikdə işləyirik. Demək olar ki, hər gün əlaqədəyik, gündə bir neçə dəfə təmasdayıq. Ölkəmizin uğurlu, hərtərəfli inkişafında sizin çox böyük və danılmaz rolunuz var. Mənim sizə böyük hörmətim var. Siz həmişə dövlətçiliyi hər şeydən üstün tutmusunuz və bu gün Azərbaycan dövləti inkişaf edir, qarşıda duran bütün vəzifələr icra olunur. Bu vəzifələrin icrasında sizin böyük rolunuz vardır”.



Ramiz Mehdiyev və Əli İnsanovun “birliyi" mümkündürmü?

R.Mehdiyevin keçmiş Səhiyyə naziri, 14 il həbs həyatı yaşayan Əli İnsanovla əlaqələrinin olması, ona ciddi dəstək verməsi də səslənən ittihamlar sırasındadır. Ə.İnsanovun “Xural” tv-yə verdiyi müsahibədə R.Mehdiyevi özünə düşmən hesab etmədiyini, vaxtilə yaxın dost olduqlarını, həbsində onun əlinin olmamasını deməsi, onun Ə.İnsanovla “işbirliyin”də olması ilə bağlı səslənən ittihamların yükünü bir az artırmış oldu. Ə.İnsanov vaxtilə bu hakimiyyətin mətbəxində ən mühüm şəxslərdən biri olub, köhnə idarəçilərin iş prinsiplərinə dərindən bələddir, buna görə də, o, R.Mehdiyevin “vurulmasından” sonra ortaya çıxan sualları öz mənafeyinə uyğun şəkildə istiqamətləndirmək üçün bu fikirləri səsəndirə bilməzdimi? “Vaxtilə məni vuranları bu gün hakimiyyət vurubsa, keçmiş kin-küdurəti kənara qoyaraq, onlarla birlikdəyəm” mesajı ola bilməzdimi? Həmçinin, Ramiz Mehdiyevin Rusiyanın adamı olması ilə bağlı bu günə qədər dolaşan söhbətlər Əli İnsanovun daha çox "Qərbə, Avroatlantik məkana üz tutmalıyıq" çağırışları ilə nə dərəcədə üst-üstə düşür!? Və bütün bunlar R.Mehdiyevin nəyinə lazımdır?

Eyni zamanda, o, 24 il Prezident Administrasiyasının rəhbəri olub, bu gün AMEA-nın prezidentidir, Təhlükəsizlik Şurasının üzvüdür. Qızı professor Kamilə Əliyeva BDU-nun kafedra müdiri, oğlu Teymur Mehdiyev Fövqəladə Hallar Nazirliyinin general-mayor rütbəli müavinidir. R.Mehdiyev həm övladlarının karyerasını, həm də böyük sərvətlərini taleyini sual altına qoyaraq belə bir riskə gedərmi? Axı bu günə qədər ciddi postda oturan, böyük sərvətlərə sahib olan, daha sonra isə, siyasi ambisiyalarının qurbanına çevrilərək, hakimiyyətə qarşı müxtəlif xəyanətkar oyunlarda iştirak edən şəxslərin taleyi hər kəsə bəllidir.

Azsiyasət.com

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar