Ramiz Mehdiyevin istefasına sözardı - Timsahlar ölənədək dişlərini dəyişirlər

15 Fevral 2022 23:22    11636 Baxış   
Ramiz Mehdiyevin istefasına sözardı -  Timsahlar ölənədək dişlərini dəyişirlər

Ramiz müəllimin bu bir neçə gündə ağızlara söz olmasının ən yaxşı tərifini Elbrus Ərud verib, Əvəz Zeynallı da başlığa çıxarmışdı: “Ramiz Mehdiyev balaları ilə döyüşür.”

Ramiz Mehdiyevin nə üçün getməsi ayrı bir mövzudur. Hər halda akademiyadakı vəziyyətlə bağlı deyil. Ramiz Mehdiyev akademiyaya 2019-cu ilin sonunda gəlib, bir neçə aydan sonra COVID-lə bağlı sərt karantin rejimi tətbiq olunub, iş yerləri 1,5 il müddətinə bağlanıb, son bir neçə aydır ki, akademiya fəaliyyətini tam bərpa edib. Yəni üst-üstə Ramiz Mehdiyev akademiyadakı vəzifəsində 1,5 ildir. Bu vaxt ona, həqiqətən də on illərlə formalaşmış, saf, təmiz, yaradıcılıq ab-havası ənənəyə çevrilmiş bir müəssisədə qısa bir müddətdə qorxunc bir intriqa vəziyyəti yaratmağa, möhkəm təməlləri dağıtmağa çatardımı? 83 yaşlı adamın fiziki imkanları buna yetərli idimi?

Amma məni həmkarlarımdan birinin dediyi, digərinin də dövriyyəyə buraxdığı bu ifadə cəlb etdi, balalar məsələsi və Ramiz Mehdiyevin həmin balaları yetişdirməsi.

Bu yaxınlarda Rusiya istehsalı olan bir bədii filmə baxmışdım. Filmin iki adı vardı: “Şəhər təfərrüatları” (ekran adı) və ya “İmtiyazlı məhəbbət” (“Городские подробности” və ya “Любовь с привилегиями”. Yaxşı filmdir, baxmağı tövsiyə edirəm). 80-ci illərin sonunda çəkilmiş filmdir, baş rolda Ştirlits kimi tanıdığımız və zamanında çox sevdiyimiz Vyaçeslav Tixonov idi. Niyə keçmiş zamanda “idi” deyirəm, çünki aktyor artıq həyatda yoxdur və bu filmdəki rolu bəlkə də ilk və sonuncu ifrat mənfi rol idi. Filmin məzmunu belədir ki, baş qəhrəman yaşlı, dul Konstantin Qavriloviç Kojemyakin təqaüddə olsa da, Sov.KP MK-nin (Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin) və digər yüksək çinli məmurların adətən istirahət etdikləri sanatoriyaya keçmiş məmur kimi növbəti istirahətinə gedir. Və orada İrina adlı cavan bir qadınla tanış olub evlənir. Məlum olur ki, İrina 37-ci illərdə repressiya olunan adamlardan birinin qızı imiş. O da məlum olur ki, repressiya siyahısına imza atanlardan biri də elə ərə getdiyi Kojemyakin imiş. Mənən sarsılan qadın ərindən ayrılır. Filmin sonunda onların maraqlı bir dialoqu var. Kojemyakin arvadına deyir ki, “əgər mən indi ölsəm, sənin yaran sağalacaq? Sən başa düş ki, o vaxt sistem belə idi. Arvadı cavabında: “Sən imza atmayaydın, o biri imza atmayaydı, digəri imza atmayaydı, ilahi, sizi vəzifədən uzaqlaşdırıb başqalarını gətirərdilər, onlar da imza atmayaydılar, imza atan kimsə tapılmayaydı. Nə olardı ki? İmza atmamağa görə hamınızı güllələyəcəkdilər? Əgər o siyahılara imza atmağa adam tapılmasaydı, bəlkə də o repressiyalar olmayacaqdı”. Ki, qəhrəman nəhayət, etiraf edir: “Mən qol çəkməyə bilməzdim. Yox, əslində qol çəkməmək istəməmişəm”.

Sistemin formalaşdırdığı Ramiz müəllimin əhvalatı bu filmin mövzusuna bənzəyir. Əslində, Ramiz müəllim onunla döyüşən balalarını özü yetişdirməyib, onlar var idilər. Sadəcə Ramiz müəllim onları tapıb üzə çıxarıb, 1995-ci ildən üzü bu yana. Ramiz müəllim ona tapşırılan natəmiz işlərin (balaları belə deyirlər) öhdəsindən gəlmək üçün natəmiz işləri yerinə yetirən həmin balaları tapıb üzə çıxarırdı. Filmin qəhrəmanının avamcasına, lakin səmimiyyətlə dediyi kimi olsaydı necə? Yəni, nə Ramiz Mehdiyev natəmiz işlər (balaları belə deyirlər) görməyə razı olardı, nə də balaları onun əlbuyruğu olmağa razı olardılar. Nə baş verəcəkdi ki? Və ya Ramiz Mehdiyev gedib yerinə Mehdi əz-zaman Ramizov gələrdi, o da natəmiz işlər görməyə razı olmayaydı. Böyüklü-kiçikli Azərbaycan adamı natəmiz işlərə imza atmayaydı. Amma yox... Ramiz Mehdiyevin balalarından kimsə onun yerinə gəlsəydi yenə də ikinci Ramiz Mehdiyev olacaqdı. Çünki göstərilən xidmətin müqabili böyük ənamlardır. Bizim situasiyada deputatlıq, nazirlik, komitə, icra başısı, biznesmenlik və s. Bütün toxum-tayfalarına da bəs eləmir. Ona görə də, filmdə deyildiyi kimi, ramiz mehdiyevlər və ya onun balaları naqisliklərə imza atmamağı sadəcə istəmirlər. Siz heç gələcək nəsillərdən də dürüst cəmiyyət quruculuğu gözləməyin, çünki onlar sələflərinin qurduqları cəmiyyətin üzvü olaraq formalaşır, görüb-gətürürlər, onların saldıqları yolla gedirlər.

Ramiz Mehdiyev urvatla təqaüdə gedə bilərdi, lakin miqyasının, ranqının hökmü və zəhmi onu aldatdı. Nəticədə, balaları tərəfindən də urvatsızcas oldu. Hər halda görünən budur.

Və son olaraq:

Timsahlar ölənədək dişlərini dəyişirlər. Kəsərdən düşmüş, köhnə dişin yerinə təzəsi çıxır, daha güclü, daha iti, daha sərt dişlər. Daha öldürücü qüvvə ilə tutmaq, dişləmək və nəfəsini kəsmək üçün.
Sonucu başa düşənə halaldır, başa düşməyənə isə rus demiş, "сочувствую".

Arzu Qazıyeva



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar