Respublika Gününün qürurunun təzahürü

29 May 2021 11:36    8200 Baxış   
Respublika Gününün qürurunun təzahürü

Prezident İlham Əliyevə 28 May – Respublika Günü ərəfəsində ünvanlanmış təbriklər dövlətimizin beynəlxalq aləmdə formalaşmış müsbət imicinin bariz nümunəsidir

28 may 1918-ci il Azərbaycan xalqının çoxminillik dövlətçilik tarixi salnaməsində böyük və əlamətdar hadisədir. Həmin gün türk dünyasında ilk dünyəvi dövlətin- Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan edilib. Bu, bütün dünya azərbaycanlıları üçün iftixar, qürur günüdür. İlk parlamentli Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik, hüquqi və dünyəvi dövlət idi. İlk Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərib. Uzun illər ərzində aparılan milli azadlıq hərəkatı zəminində böyük çətinliklərlə yaranan Azərbaycanın milli dövləti az müddətdə yaşasa da Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynayıb.
Azərbaycan Respublikası özünün 2-ci dəfə müstəqilliyini elan etdikdən sonra bu müstəqilliyin qorunub saxlanmasında və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin çox böyük əməyi olub.

Müstəqilliyimizin ilk illərində ölkəmiz ağır problemlərlə üz-üzə qalsa da 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf, tərəqqi yoluna çıxdı. “Müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir” söyləyən ümummilli lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycana daha böyük uğurlar qazandırır.
Azərbaycan istər regionda, istərsə də dünyada siyasi-iqtisadi gücünü ortaya qoyub. Bu gün Azərbaycanın daxili və xarici siyasəti yalnız özü tərəfindən müəyyənləşdirilir və heç bir xarici qüvvə buna müdaxilə edə bilmir. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti bu gücünü bir daha nümayiş etdirdi. Bununla Azərbaycan dövləti 103 il əvvəl elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq ərazi bütövlüyünü bərpa etdi. Buna görə də bu il 28 May – Respublika Günü daha da qürur və fəxrlə qeyd olunur. Bu günlər Prezident İlham Əliyevə ümumilikdə 60-dan artıq ölkə rəhbəri tərəfindən yazılmış təbrik məktubları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının göstəricisidir. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycanın əməkdaşlıq etdiyi prioritet ölkələr sırasına daxil olmaq üçün yalnız ABŞ və Rusiyanın deyil, həm də Çin və ABŞ-ın rəqabət aparması dövlətimizin artan nüfuzundan və regiondakı rolundan xəbər verir. ABŞ Prezidentinin təbrik məktubu ölkələr arasında etibarlı münasibətlərin inkişafının göstəricisidir. Təbrik məktubunda ikitərəfli münasibətlərin çoxşaxəliliyinə xüsusi önəm verilir.

Əldə olunan uğurlar, artan nüfuz və iqtisadi potensialına görə Azərbaycan bir çox ölkə rəhbərləri tərəfindən strateji tərəfdaş kimi dəyərləndirilir. Rusiya Prezidenti öz təbrik məktubunda ölkəmizin sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə nəzərəçarpan uğurlar əldə etdiyini vurğulayıb. O, Azərbaycanın dünya arenasında yüksək nüfuz qazandığını, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynadığını bildirərək Azərbaycan ilə mehriban dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətləri yüksək qiymətləndirib.

Azərbaycan xalqların gələcək rifahı naminə bütün sülhsevər dövlətlərlə əməkdaşlıqda maraqlıdır. Bu baxımdan ölkəmiz müxtəlif dövlətlərlə beynəlxalq əməkdaşlığı gücləndirir, dostluq və həmrəylik üçün öz töhfəsini veririr. Prezident İlham Əliyevə 28 May – Respublika Günü ərəfəsində ünvanlanmış təbriklər dövlətimizin beynəlxalq aləmdə formalaşmış müsbət imicinin bariz nümunəsidir. Bu, eyni zamanda xalqımız üçün Respublika Gününün qürurunun təzahürüdür.


Binəqədi RİH yanında İctimai Şuranın katibi, jurnalist Fuad Hüseynzadə



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar