Rusiya sülhməramlıları bölgəyə niyə gəldiyini unudub

14 Dekabr 2020 10:11    716 Baxış   
Rusiya sülhməramlıları bölgəyə niyə gəldiyini unudub

Deyəsən, Rusiya sülhməramlıları bölgəyə niyə gəldiyini unudublar. Ola bilsin, Qarabağdakı soyuq hava damarı sıxır, qış fəslidir, beynə qan yaxşı işləmir. Neynək, bir daha xatırladaq. Rusiya sülhməramlılarının öhdəliyi ondan ibarət olmalı idi ki, kəndlərdəki erməniləri təmizləsin. Əgər bu vəzifəni Azərbaycan Silahlı Qüvvələri edəcəkdisə, onda siz nəyə lazımsız?

Deyəsən, Moldova, Ukrayna və digər yerlərdəki oyunları Azərbaycanla oynamaq istəyirsiz. Bax belə imperialist siyasət oynamağınız ucbatındandır ki, hər gün, hər an özünüzə qarşı sanksiya tətbiqlərini genişləndirirsiz. Məgər siz görmürsüz ki, erməni döyüşçüləri neçə müddətdir ki, Hadrut meşələrində çadır qurub snikers yeyir, gecələr də əsgərlərimizə atəş açırlar? O avtomat güllələrinin səsini siz daha tez eşitməli idiniz Rüstəm Muradov və ona sifariş verən Rusiya rəhbərliyi.

Hər gün yeni xəritə düzəldib təqdim etməyiniz nədir? Xəritə öhdəlik götürülən xəritədir ki, onu da bizdən yaxşı bilirsiz. Əgər sizi Bakıda keçirilən paradda Ermənistan Silahlı Qüvvələrindən qənimət götürülərək məhv edilmiş Rusiya istehsalı olan texnikalar qıcıqlandırıbsa, nahaq belə ucuz nəsnələrlə təzyiq göstərməyə çalışırsız. Ermənistanı silahlandıranda bir gün bilməli idiniz ki, o texnikaları məhv edəcəyik. Silahlandırmaq müstəqil dövləti qərarınızdır. Azərbaycan cəmiyyətini sarsıdan o oldu ki, siz bunu müharibə getdiyi günlərdə etdiniz. Adını da belə qoydunuz ki, guya hansısa silah alverçiləri bunu həyata keçirir.

Rusiya təhlükəsizlik xidmətinin gözündən milçək də yayına bilməz, amma nəyə görəsə o silahların necə ötürülməsini bilmədiniz. Necə biabırçı hərəkətə imza atdınız ki, Ermənistan Xarici işlər nazirinin əyləşdiyi təyyarəyə silah doldurub yola saldınız. Sanki orta feodal dövrünün tipinə bənzədi bu əməliniz. Diplomatın oturduğu təyyarəyə silah yükləyib yola salmaq.

Və sizin silah bazarınızın imici S-300 raket kompleksinin bir dronla dağılması ilə göylərə uçmasının günahı da bizdə deyil. Özünüzdədir ki, müharibə 2 həftəyə bitəcəyi halda, Ermənistanı silahlandırıb 44 günə gətirib çıxardınız, ona da tam imkan vermədiniz ki, bunu özümüz edək. Gəncə, Tərtər və Bərdədəki mülki vətəndaşlar Ermənistana verdiyiniz ballistik raketlərlə qətlə yetirildi. Siz bizim dopdolu qələbəmizə gedən yola daş atdınız, o adla ki bölgədə balans yaradasız. Onsuz da o balansı yarada bilmirsiz.

Ermənistanda sizə olan nifrət artmaqdadır. Nə siyasət yürütməyinizdən asılı olmayaraq erməni kini üzərinizdə qalacaq. Onsuz da çörəkləri dizinin üstündə olanlara nə etməyiniz yetərli deyil. Əgər Ərdoğanın paraddakı iştiraki sizdə qıcıq yaradıbsa, yenə nahaq. Prezidentiniz Putin özü də dedi ki, Türkiyə-Azərbaycan dost ölkələrdir.

İndi hər gün Qarabağda yeni xəritə cızıb təqdim etməyiniz Azərbaycan cəmiyyətində haqlı qəzəb doğurur. Onsuz da biz köhnə xəritə ilə hərəkət edib o Azərbaycana təzyiq vasitəsi kimi qol-qanad verdiyiniz silahlı erməniləri məhv edəcəyik, dağın başında da olsa, yerin dibinə də girsə. Bir tərəfdən yaxşıdır ki, qoy canlarını qurtarıb qaçanlar əsgərlərimizdən qorxulu nağıllar danışsınlar ki, başqa qudurmuş ermənilərə dərs olsun. Amma sizin öhdəliyi yerinə yetirməməyiniz Azərbaycanda imicinizə bir daha zərbə vurur. Bax, hörmətinizi belə itirə-itirə gedirsiz.

Siz Azərbaycana tomat və pomidor əməliyyatı ilə gülünc təzyiq edəndə düşünməli idiniz ki, Azərbaycan siyasətini elə qurmayıb ki, Rusiyadan asılı qalsın. Dostluq münasibəti qurduğumuz Qətər bizdən tonlarla ət, bal, noxudla bərabər tomat və pomidor istəyir. Sultan deyir ki, xeyri başqa yerə verincə, elə Azərbaycana verərəm. Rusiya bazarı olmayacaq, Qətər bazarı olacaq. Biz bilirdik ki, sizdən iqtisadi cəhətdən tam asılı olmaq təhlükəlidir, tədbirimizi əvvəldən görmüşük.

Qapıda 21-ci əsr olduğunu unutmayın ki, indi imperialist siyasəti yürütməyin zamanı deyil. Mehriban qonşuluq və iqtisadi mənfəət zamanıdır.

Azər Qismət



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar