“Sarı jiletlilər” hərəkatı - Fransa nümunəsi: Azərbaycanı nə gözləyir?

14 Sentyabr 2020 15:43    114 Baxış   
“Sarı jiletlilər” hərəkatı - Fransa nümunəsi:  Azərbaycanı nə gözləyir?
“Sarı jilet”lilər son günlər müzakirə olunan mövzulardandır, amma vitrin mövzu deyil. Məsələ problem olaraq vitrinə qoyulmalı, müzakirə edilməlidir, risklər, ehtimallar analiz olunmalıdır. Fransa, İtaliya, Hollandiya və digər ölkələrdə daha çox təşəkkül tapan “Sarı jiletlilər” nə istəyir? Ümumiyyətlə, bu ölkələrdə “sarı jiletlilər”in tərkibi kimlərdən formalaşmışdı?

BİRİNCİ İSTİQAMƏT: “Sarı jilet” simvol” olaraq seçilmişdi. İnsanların sosial probleminə etiraz ruhunu əks etdirən “sarı jilet”in mahiyyəti ilk mərhələdə onu geyinənlərin özlərinə də aydın deyildi. Proses Fransanın şəhərlərindən başladı: bir qrup insan sosial problemləri telefonlarla çəkib ictimaləşdirirdilər. Bu şəxslərin bir qismi daha sonra özlərini “bloger” adlandırdılar. İçlərində taksi sürücüləri, müxtəlif peşələrin sahibləri daha çox üstünlük təşkil edirdi. Söhbət ən azı 10 il əvvəldən gedir. 2018-ci ilin noyabrında həmin bu “sarı jiletlilər” artıq “azad media” nümayəndələri kimi təqdim olundular. 2019-cu ilin may ayında Fransanın Nant və Lion şəhərlərində aksiyalar zamanı onlarla “sarı jiletli” həbs edilir. Həbs edilənlərin bir hissəsinin “bloger”, “jurnalist”, “azad media nümayəndəsi” olduğu aşkarlanır.

2019-cu il yanvar ayının 12-də “Fransada “sarı jiletlilər”in aksiyasında 32 min insan iştirak etdi” başlıqlı xəbərlər dünya mediasının manşetinə daşınandan sonra məsələ daha da ciddiləşdi. Sanki bir əvəzlənmə var idi: “qızılgül”, “narıncı”, “ərəb baharı” adlı inqilab ssenariləri bu dəfə “sarı jiletlilər”lə əvəz olunurdu. Narıncı qalstuk, yaxasında gül, bədənində sarı jilet! Təəcüblü gəlmir? İnsan bədəni üzərində detallaşan ssenarilər...

“Sarı jiletlilər” Fransada sosial zəmində meydana gəlmişdi. Yanacağın qiymətinə etiraz edən “sarı jiletlilər” daha sonra Fransa prezidenti Makrona istefa tələb etdilər. İlk mərhələdə bunu kimsə düşünə bilməzdi.

“Sarı jiletlilər” daha çox regionlardan başladılar, insanların sosial problemlərini qabartdılar, vergilərin ağırlığı, sosial problemlərə etiraz sosial şəbəkələrdə ekranlaşdırılırdı. Daha sonra onlar onlayn kanalların, sosial şəbəkələrdə böyük səhifələrin, xəbər saytlarının sahiblərinə çevrildilər. Artıq onlar bu dəfə insan hüquq və azadlıqları uğrunda fəaliyyətlərini qurmalı oldular. Sosial problemlər kontekstində nəzərə çarpan tapdalanmış insan hüquqları “sarı jiletlilərin menyusu”na əlavə edildi.

“Sarı jiletlilər”in bu ritorikası on minlərlə insanın iştirakı ilə aksiyalar təşkil etmək üçün çox düşünlümş tələ idi. Fransada xalq artıq 2017-ci ilin noyabrında “sarı jiletlilər” adı altında bu tələyə düşmüşdü.

Əgər əvvəllər Fransanın müxtəlif şəhərlərində keçirilən aksiyalarda iştirakçıların 3/1-i sarı jiletli idisə, 2018-ci il aksiyalarında artıq bütün iştirakçılar sarı jilet geyinmişdi.

Əgər əvvəllər “sarı jiletlilər” sosial problemlərini həllini tələb edən insanlara çəkilişlərlə dəstək olurdularsa, daha sonra özləri birbaşa hökumət qarşısında tələb makinasına çevrildilər.

Fransa, Belçika, Hollandiya və İtaliyada da vüsət alan “sarı jiletlilər”dən ən çox narahat olan peşəkar media nümayəndələri idi. Artıq peşəkar medianın rəyi nəzərə alınmırdı. Peşəkar medianın bütün davranışları, qınayıcı hərəkətləri linç edilirdi.

Tasadüfi deyil, aksiyalarda iştirakçılardan fərqlənmək üçün adətən jiletlər geyinən peşəkar media nümayəndələri bu dəfə jilet geyinmirdilər. Məhz aksiya iştirakçılarından fərqlənmək üçün...

Fransada yanacağın qiymətinə etiraz edən “sarı jiletlilər” minlərlə insanın iştirakı ilə velosiped aksiyaları təşkil etdilər. Maraqlıdır...

İKİNCİ İSTİQAMƏT: Azərbaycanda rəngini tez-tez dəyişən jiletlilər var. Əslində rəng fərq etmir, düşündürcü məqam isə bunlardır:

Birincisi, bizim ölkədə də sosial problemlərin işıqlandırılması regionlardan başladı. Əlində telefon olan hər kəs əyninə jilet geyinib regionlara axışdı. Nəticə də “jurnalist”ə, “bloger”ə çevrildilər. Artıq “azad media”nın nümayəndələrinə çevrilirlər. Əvvəllər aksiyalarda bizim “milli sarı jiletliləri” barmaqla saymaq mümkün idisə, indi özləri aksiya keçirirlər. Hüquq-mühafiqə orqanlarının əməkdaşları ilə insidentlər də bu sıradadır. Artıq aksiya iştirakçılarını kameraya çəkib özləri də şüarlar səsləndirirlər.

Heç kim onlara demir ki, sosial problemləri niyə çəkirsiniz. Deməyə ehtiyac da yoxdur. Amma bir müddət sonra peşəkar media məhz onlar tərəfindən linç olunacaq.

Elə onların özəllikləri də budur: kütlə ritorikası, insanların istədiklərini vermək və jurnalistikanı “küy”ə oturtmaq...

Onları qınayanlara iradları da var: “Hünəriniz varsa, siz də çəkin, biz xalqın problemlərini işıqlandırırıq”.

İkincisi, Azərbaycanda “azad media” siyasi mühacirlərin ölkəmizdəki ruporlarına çevrilib. O siyasi mühacirlərin ki, dövlət onlar haqqında cinayət işi açaraq axtarış elan edib. Təsəvvür edin, bizim “azad media” nümayəndələri onların burdakı “jurnalist”ləri, işçiləridirlər. Bu məsələdə də onları qınayanda növbəti iradları sillə kimi adamın üzünə yapışdırırlar: “Biz pulsuzuq, dövlət pul vermir, nə etməliyik, sosial problemləri çəkib göndəririk, qonorar alırıq, bunun nəyi pisdir ki? Özünü peşəkar sayan jurnalistlər bunu edə bilirmi? Yox! Elə əsl jurnalist bizlərik! Xalqın problemlərini çəkib dövlət qurumlarının qarşısında qışqırıraraq onlardan tələb edən bizlərik”.

Məncə, şərhə ehtiyac yoxdur! Amma yəqin düşünürlər ki, həqiqi media nümayəndələri yağ-bal içərisində yaşayırlar, problemləri yoxdur, onalra dövlət pul verir. Əksəriyyəti illərlə maaşa işləyən, bir otaqlı nəmli evdə kirayədə yaşayan insanlara qarşı belə bir mövqedə durmaq!?

Və həm də ... Sosial problemlər içərisində və ac yaşamaq insana mənbəyi bilinməyən qonorarı, pulu yeməyə haqq verirmi? Kimə və nəyə, xaricdə hansı qüvvələrə bağlı olduğu bilinməyən siyasi mühacirlərdən pul almaq bu insanları ən azı mənəvi məsuliyyətdən azad edirmi? Yaxud imkansızlıq, pulsuzluq insana hər kəsdən pul almaq imkanı tanıyırmı?

Fransadan fərqli olaraq Azərbaycanda gələcəyin “sarı jiletlilər”inin bircə velosipedi çatmır.

Samir FEYRUZOV
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar