Sənət fədailəri teatrları yıxılmağa qoymadılar

31 Oktyabr 2021 13:59    773 Baxış   
Sənət fədailəri teatrları yıxılmağa qoymadılar

17 aylıq intizardan sonra Akademik Musiqili Teatr onu sevənlərə qucaq açdı, sanki doğma ana övladlarını bağrına basdı...

Mən bu hisslərimi teatrın mətbuat katibi kimi deyil, sadə tamaşaçı kimi yazıram.

Səhnə əsərlərimiz üçün çox darıxmışdım. Dünənki tamaşada ("O olmasın, bu olsun") aktyorlar elə peşəkarlıqla ifa edirdilər ki, hamını heyran qoydular. İki ilə yaxın bir müddətdə teatrsızlıq, uzunmüddətli fasilə sizə zarafat gəlməsin. Bu ayın əvvəli işə yenicə başlayanda bir çox əməkdaşımız öz kompüterlərinin parollarını belə unutduqlarının fərqinə vardılar. Hətta teatrın dolanbac dəhlizlərində səmtlərini də itirdiklərini anladılar. Elə mən də. Zaman öz işini görmüşdü, bizim yaddaşımıza zərbəsini vurmuşdu. Onun bərpası isə vaxt itkisidir.
Bir yandan maska, bir yandan da məsuliyyətli olmağa çalışmağımız. Dostlara bərk-bərk sarılmaq istəsək də, əvəzində uzaqdan əl yelləyib "pandemiya salam"ı verib keçməyimiz...

Bütün bunları düşünə-düşünə tamaşanın sonuna qədər baxdım. Aktyorlarımızı ürəkdən alqışladım. Peşəkarlıq, işlərinə məsuliyyətli yanaşmaq budur... Səhnənin sayrışan, rəqs edən işıqlarını görəndə gözlərimdən biixtiyar yaşlar süzüldü. Bizim nurlu şəhidimiz - vaxtı ilə teatrımızın səhnəsini işıqlandıran o nurlu oğlanı - Əliağa Məmmədovu xatırladım. Tamaşa gedə -gedə ürəyimdə onunla danışdım. Allahdan ona rəhmət dilədim. Səhnədə müharibə iştirakçısı olan əməkdaşımızı, balet artistimizi görəndə də ürəyim açıldı, fərəhləndim. Qürurlandım ki, 44 günlük Vətən müharibəsində iştirak edən Murad səngərdən səhnəyə o möhtəşəmliyi gətirib çıxara bilib.

Bir şeyi unutmayaq, ölkədə əmin-amanlıq olmasa, teatr da olmaz! Bizə bu gözəl anları yaşadan cəmi şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin!

Teatr elə bir məkandır ki, hər anı xatirədir... Pandemiyanın fəsadları teatrlara badalaq vursa da, büdrətsə də, sənət fədailəri onu yıxılmağa qoymadılar. Bütün bunlar bizim uğurumuzdur, qələbəmizdir. İnanıram ki, gün gələcək ümumbəşəri bəla Yer sakinlərindən uzaq dayanacaq. Bu çətin dönəmdə əsas məsələ sağlamlığımızdır. Bir-birimizi qorumaq borcumuzdur. Onsuz da qəlblər bir-birinə sayqı duyursa, məsafələr əngəl deyil.

Fəridə Rüstəmova, Akademik Musiqili Teatrın mətbuat xidmətinin rəhbəri



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar