Sevil Nuriyeva mükafatlandırıldı

08 Noyabr 2021 15:53    2432 Baxış   
Sevil Nuriyeva mükafatlandırıldı

İstanbulda 8 Noyabr – Zəfər Günü münasibətilə Diasporla iş Üzrə Dövlət Komitəsi və Türkiyə-Azərbaycan Dərnəklər Federasiyasının birgə təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.

Dominant.az xəbər verir ki, Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Valeh Hacıyev qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən bu şanlı Qələbə yalnız Azərbaycanın deyil, Azərbaycanın haqq səsini dünyaya çatdırmağımızda bizə dəstək verən başda Türkiyə olmaqla bütün dost ölkələrin Zəfəridir. Komitə rəsmisi Türkiyədə çalışan tanınmış azərbaycanlı jurnalist Sevil Nuriyevaya “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında göstərdiyi xidmətə görə” medalını təqdim edib.

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar çıxışında bu şanlı qələbənin Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə edildiyini bildirib.

Pakistanın İstanbuldakı baş konsulu Bilal Xan Paşa, AK Parti İstanbul millət vəkili Şamil Ayrım, şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadə, İraq türklərinin lideri Ərşad Salihi, Türkiyə Milli Müdafiə Universitetinin müdavimi, mayor Coşqun Quliyev və başqaları çıxış edərək, bu möhtəşəm bayram münasibətilə xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını təbrik ediblər.

Daha sonra “Bayatı Şiraz” və “Yaddaş” filmləri nümayiş olunub.

Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artistləri Azərin, Əlixan Səmədov, Əməkdar artistlər İslam Manafov, Turan Manafzadə, Günel Zeynalova, Rəvanə Qurbanova və Elgün Quliyev Azərbaycanın klassik musiqi əsərlərini səsləndiriblər.

Sonra “Xəzər” Azərbaycan Xalq Rəqsləri və Sənət Dərnəyi, “Buta” instrumental ansamblının ifasında Azərbaycanın milli rəqsləri nümayiş olunub və musiqiləri səsləndirilib.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar