Əvvəlcə “mən kişiyəm” deyib, sonra isə mürşidinə xilaf çıxmış “Şahnamə”nin məşhur qəhrəmanının adını daşıyan YAP-çı deputatın şəxsiyyətinin ikiləşməsindən danışanda bəziləri “Əsrimizin Siyavuşu” ifadəsini işlədir. Çox yanlışdı. Belə etməyin!
Birincisi, “Əsrimizin Siyavuşu” ölməz Rəsulzadənin Firdovsidən təsirlənib yazdığı əsərdir ki, orada “Siyavuş” şəxs deyil, Xalq Cümhuriyyətinin obrazıdı və bunu “əliheydər qarayev” sifət heç bir insanla müqayisə eləmək olmaz.
İkincisi, “Şahnamə”dəki Siyavuş İran şahının oğludu, analığı Sudabə ona şər atır, o da özünün günahsızlığını sübut eləmək üçün alovların arasından keçir, yəni amalından dönmür. Göründüyü kimi, bu Siyavuşla o Siyavuş arasında da heç bir mənəvi bağ yoxdu.
Belə təvazökarlıq kimi çıxmasın, Şərq ədəbiyyatında Siyavuş obrazı mənim sevimli mövzumdu. Bu haqda “Azərbaycan” jurnalına təqdim elədiyim “Sev” romanında ətraflı yazmışam. İşıq üzü görərsə, diqqətinizə çatdıraram.
Hüseyn Cavidin də “Siyavuş” pyesi var, yeri gəlmişkən, o da faciədir.
Ümumiyyətlə, Siyavuş faciə qəhrəmanıdır. Onun həyatı və intiharı faciəvi mövzudur. Faciəvi elementlər baxımından, hardasa, bənzərlik var, amma “Əsrimizin Siyavuşu” demək səhvdi, daha doğrusu, günahdı.
Natiq Məmmədli