Sülhə çağıranlar özləri şiddət və nifrət saçırlar

09 Oktyabr 2020 22:47    477 Baxış   
Sülhə çağıranlar özləri şiddət və nifrət saçırlar

Sülh istəyənləri söymək lazım deyil.

Ümumiyyətlə, əks fikri daşqalaq eləmək bizim cəmiyyət kimi inkişafımızı ləngidir.
Mən Qarabağ probleminin həllini savaş yolu ilə görürəm. Hə, indi deyəcəklər ki, siyasətlə məşğul olan kəs belə deməməlidir. Amma mən belə düşünürəm və bu düşüncəmi illərdir, möhkəmləndirən faktorlar var. İstənilən auditoriyada bu fikri əsaslandıra bilərəm.

Sülh istəyənin də özünə görə haqlı tərəfləri ola bilər.

Biz fikirləri boğmamalıyıq, müharibədən sonra qalib xalq olaraq ilk işimiz həm də demokratik ənənələri möhkəmlətmək olmalıdır. Hansı ki, illərdir, əziyyət çəkirik bu sahədə...

Ən doğru yola xalq özü dəstək verir. Sadəcə, xalqın doğru yolu bulması üçün aydınların, siyasilərin yazmaları, danışmaları, müzakirələrə qoşulmaları lazımdır.

İroniya, lağ eləmək, söymək, daşqalaq bizi cəmiyyət olaraq geri atacaq.
Gəlin, hamını dinləyək və öz fikrimizi sakitcə, əsəbsiz, məntiqlə, bilgi yükü ilə xalqa təqdim edək. Həqiqətlərin güclü olduğu cəmiyyətlər daim qalib olur.

Və sonda...

Sülh istəyənlərin də səmimi olması şərtdir. Bu addımı inanaraq atmalıdırlar - özlərini reklam etmədən, özlərini söydürməklə məşhur olmaq və ya nələrəsə sahib olmaq məqsədi güdmədən. Sülh istəyənlər onları qəbul eləməyənlərin davranışlarını həzm eləməyi bacarmalı, söyüş-təhqirlə cavabdan uzaq durmalıdırlar!

İstənilən fikr şiddətlə cəmiyyətə sırınırsa, haqlı tərəflərin itirir. Parodoks ondadır ki, sülhə çağıranların özləri şiddət və nifrət saçırlar...

Üzücüdür...

Anar Əsədli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar