Torpağa yayılmış göz yaşları qana bənzəyirdi...

04 İyul 2020 14:47    569 Baxış   
Torpağa yayılmış göz yaşları qana bənzəyirdi...
“Rəngli göz yaşları”

Onu nənəsi böyütmüşdü. Atasız və anasız. Nənəsini “ana” deyə çağırardı. İlk sevgisi o olmuşdu. O sevginin adını bu günə kimi tapa bilmədi. Bir gün anası öldü. Çox ağladı. Ağladı ki, anasını qəbiristanlıqda basdırmasınlar. Həyətlərinin tən ortasında dəfn etsinlər. Onu hər gün görmək üçün. Çox ağladı. Onun hönkür-hönkür ağlamağına fikir verən olmadı. Tabut getdi. Uzaqlara...

Daha sonralar atası öldü. Ağladı. Amma və lakin bu, o ağlamaqdan deyildi. Atasının həyətlərində dəfn olunmağını xahiş etmədi. Bilmədi niyə. Tabut getdi. Uzaqlara...

Onun böyüdüyü həyətdə zaman böyüdü, özü böyüdü, ağaclar böyüdü və hətta ürəyi böyüdü. Ağlamaq istədi. Ağlamağa bəhanə gəzirdi. Tapa bilmirdi. Gülməkdən və güldürməkdən bezmişdi.

Zaman keçirdi. Ölənlər üçün ağlamaq istəyirdi. Ölən yox idi ki, yox idi. Ağlamağı unutmuşdu. Yalnız gün işığı düşəndə gözləri yaşarardı.

O, sonuncu dəfə müəllimindən ayrılanda ağlamışdı. Müəllimi vəzifəyə gedəndə. Amma içində kədər yaşları içinə tökülmüşdü. Elə bilirdi, göz yaşları artıq bitib.

Nəhayət, ölməyən adam üçün ağlamağa başladı. Bəlkə də o ölsəydi, belə ağlamayacaqdı. Ölməyənlərə də ağlamaq olarmış. Onun göz yaşları söyüdlərin sarı işığına bənzədi.

Güzgünün qarşısında dayanıb ağladı. Təəccübləndi. Gözlərindən axan damcılar rəngli idi. Axı belə şey nə eşitmişdi, nə də görmüşdü. Qırmızı göz yaşını anasının xınalı saçlarına bənzətdi. Ağ rəngi isə atasının ağ saçlarına.

İndi başa düşdü ki, onu anası və atası qədər sevirmiş. Bu iztiraba nə ana, nə də ata kömək oldu. Göz yaşları axıb yerə süzüldü.

Torpağa yayılmış qırmızı göz yaşları, sanki qana bənzəyirdi. Balaca bir qız anasının əlindən yapışıb gedirdi. Qırmızı ləkələri görüb, “Ana kiminsə barmağı kəsilib” - dedi.

Amma və lakin qızcığaz bilmədi ki, barmaq yox, gözlərdəki ümid kəsilib...

Tahir Tahiroviç



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar