Türk dövlətlərinin kosmik agentlikləri iclas keçirdi

20 Dekabr 2021 20:51    4980 Baxış   
Türk dövlətlərinin kosmik agentlikləri iclas keçirdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos”un təşkilatçılığı ilə Bakıda türk dövlətlərinin kosmik agentlikləri və qurumlarının birinci işgüzar toplantısı keçirilib.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin iştirakı ilə baş tutan toplantıda əsas məqsəd türk dövlətləri arasında kosmik sahədə müştərək layihələri dəstəkləmək və qarşılıqlı əlaqələrin inkişafı üçün birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək olub.

Toplantıda Türkiyənin Kosmik Agentliyi, Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin Aerokosmik Komitəsi, Özbəkistanın Nazirlər Kabineti yanında Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyi, Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi, Türkmənistanın Sənaye və Rabitə Nazirliyi və Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin Kosmik tədqiqatlar şöbəsinin rəsmi nümayəndələri iştirak ediblər.

12 noyabr tarixində İstanbul şəhərində baş tutan türkdilli dövlətlərin əməkdaşlıq şurasının “Zirvə Görüşü”nün nəticəsi olaraq təşkil olunan bu toplantıda “Türk dünyası vizyonu – 2040” sənədinin türk dövlətləri üçün böyük əhəmiyyət daşıdığı qeyd olunub. Bu sənəddə kosmik sahə üzrə beynəlxaq əməkdaşlıq istiqamətləri də yer alıb. Belə ki, müvafiq agentliklər və qurumlar arasında kosmik sahə üzrə yeni əməkdaşlıqların, kosmosdan həm sülh, həm də kommersiya məqsədilə qarşılıqlı işgüzar münasibətlərin və kosmik diplomatiyanın qurulması, kosmik elm, təhsil və sənaye sahələrində qarşılıqlı formada bilik və bacarıqların artırılması xüsusi qeyd olunub.

Eyni zamanda qonaqlara son 10 il ərzində Azərbaycanın kosmik sahədəki fəaliyyəti, telekommunikasiya peykləri – “Azerspace-1” və “Azerspace-2” və Yerin müşahidəsi peyki “Azersky”, peyklərin resursları vasitəsilə Avropa, Afrika və Mərkəzi Asiya ölkələrində həyata keçirilən irihəcmli layihələr və yeni imkanlardan bəhs edilib.

Tədbirdə qonaqlara 2023-cü ildə paytaxtımızda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin Azərbaycan, xüsusilə regionda kosmik sahənin inkişafına stimul olacağı bildirilib və görüş vasitəsilə türk dövlətlərinin kosmik ictimaiyyəti Bakıda keçiriləcək konqresə dəvət olunub.

Daha sonra toplantı çərçivəsində dünyanın kosmik sahəsinin dinamik inkişafı fonunda türk ölkələrində bu sahənin inkişafı, birgə fəaliyyətin gücləndirilməsi, türk kosmik agentlikləri ilə təcrübə mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər müzakirə edilib.

Toplantı Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin nümayəndələrinin aktiv çıxışları və diskussiyaları ilə davam edib.

Tədbirin sonunda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin nümayəndələrinin iştirakı ilə kosmik sahə üzrə birgə əməkdaşlığın inkişafına dair rəsmi sənəd imzalanıb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar