Uyğur Türklərini Yaponiya və Amerikanın ümidinə buraxmaq Türk dövlətlərinə yaraşmaz!

22 Yanvar 2021 17:52    494 Baxış   
Uyğur Türklərini Yaponiya və Amerikanın ümidinə buraxmaq Türk dövlətlərinə yaraşmaz!

Çinin Şərqi Türküstanı işğal etməsindən bu yana Uyğur xalqının göz yaşı dinmək bilmir. Fikrimcə, Uyğurların insani, milli haqlarının qorunması məsələsində Türk Dünyası çox passiv və cəsarətsiz hərəkət edir. Əlbəttə, ayrı-ayrı təşkilatlar, şəxslər mütəmadi olaraq bu məsələyə dair yetərincə sərt və birmənalı mövqe bildirirlər. Ancaq Türk dövlətləri və xalqları tərəfindən mütəşəkkil və ardıcıl şəkildə belə bir fəaliyyət ortada yoxdur.

Tramp hökumətinin dövlət katibi Pompeo bu məsələdə həqiqətən bir nümunəvi siyasətçi olaraq son açıqlamasında yenə Uyğurların dərdini dilə gətirdi. Gedərayaq Çini Uyğurlara qarşı soyqırımı və insanlığa qarşı cinayət işləməkdə ittiham elədi. O, bunu 2017-ci ildən bəri edirdi. Yəni, məsələyə siyasi xal qazanmaq kimi baxmırdı, bu, onun və mənsub olduğu siyasi komandanın planlı fəaliyyət xətti idi.

Bayden Administrasiyası da bu xətti izləyəcəkmi, görəcəyik...

Maraqlıdır ki, bundan sonra Uyğur məsələsində Türkiyənin, Azərbaycanın və Pakistanın dövlət rəhbərliyinin, mövqeyi necə olacaq?

Çin ilə ticari və uzaq gedən siyasi münasibətləri pozmamaq xətrinə Uyğurların haqları arxa planamı atılacaq, yoxsa sivil formada Çinə dair narahatlığımız dilə gətiriləcəkmi? – bunu da yaxın zaman göstərəcək.

Bir şey dəqiqdir ki, Türk Dünyasının bütün siyasi quruluşları Uyğur Türklərinin taleyinə biganə qalmamaq üçün təcili şəkildə siyasi və ictimai müzakirələrə, dinləmələrə başlamalı, bunun sonunda da bir platforma, ya da bir mərkəz yaratmalıdırlar.

Uyğur məsələsində həssaslığını dilə gətirmək istəyən bütün təşkilatlar, şəxslər həmin qurumun işində iştirak etməlidir ki, dünya ictimaiyyəti və Uyğurlar bu məsələnin Yaponiya ilə ABŞ-ın öhdəsinə bizim - Türklərin buraxmadığını anlasınlar.

Əks təqdirdə “Türkün Türkdən başqa dostu yoxdur”, - sözünün bir mənası qalmaz.

Anar Əsədli, AYP başqanı



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar