"Vəba türklərlə atışmadan daha təhlükəli deyil ki..".

26 May 2022 13:21    18715 Baxış   
"Vəba türklərlə atışmadan daha təhlükəli deyil ki..".

Puşkin 1830-un payızını dayısı Vasiliy Lvoviçin Nijni Novqorodun Boldino kəndindəki malikanəsində keçirir. Boldino onun yaradıcılığının ən məhsuldar dövrü olur. Ancaq fikri-zikri də bir tərəfdən yenicə nişanlandığı Natalya Qonçarovanın yanındadır. Qonçarova Moskvada, Boldinodan cəmi 75 verst (80 km) uzaqdadır. Puşkin düşünürdü ki, tez-tez Moskvaya gedib nişanlısını ziyarət edə biləcək.

Dəhşətli bir vəba Moskvanı ağuşuna alır və general- qubernator Qolitsın paytaxtı bağlı şəhər elan edir. Puşkin dəliyə dönür, üsyan edir, Natalyaya ünvanladığı məktubda "75 verst heç nədir, bəlkə səni heç 75 gün sonra da görmədim" yazaraq Moskvaya getmək üçün Boldinodan çıxır. Ancaq o zamankı qayda-qanuna, karantin şərtlərinə riayətə baxın ki, Puşkini Moskvanın girişindən geri çevirirlər. O, şöhrətinin zirvəsindədir, lakin buna rəğmən onu - Rusiyanın ən məşhur şairini şəhərə girməyə qoymurlar..

Puşkin cin atına minir, Natalya Qonçarovadan tələb edir ki, o, Arxangelskə gedib Novqorod istiqaməti ilə kəndə gəlsin. Lakin nişanlısı da şəhərdən çıxa bilmir. Şair dostu Pletnyova oktyabr ayında yazdığı məktubda Puşkin epidemiyanı ciddiyə almadığını deyərək belə yazır: "Vəba türklərlə atışmadan daha təhlükəli deyil ki..". Noyabr ayında isə əsəbləri pozulur, "epidemiya ücbatından evliliyim məndən qaçır" deyir, Natalyaya yazdığı məktubda onu vicdansız adlandıraraq qızcığazı heç bir təşəbbüsdə bulunmamaqda günahlandırır.

80 km-lik yolda 5 post və hər postda da 2 həftə karantin olduğunu bilə-bilə Puşkin Boldinodan bir də çıxır, Vladimir quberniyasından keçərək paytaxta girəcəyini düşünür. Məşhur şairin onların vilayətindən keçəcəyini öyrənən quberniya polisi onun yolunu kəsərək postu yarmağa imkan vermir. Puşkin kor-peşman geri qayıdır.

Sentyabr ayında başlayan Moskvaya düşmə təşəbbüsü ancaq dekabr ayında - 3 ay sonra baş tutur. Böyük çətinliklərdən sonra nişanlısına qovuşur. Bir müddət sonra Pletnyova belə yazır: "Ancaq Boldinoda yazdığım kimi heç vaxt yaza bilməyəcəm"…

200 il əvvəlin çar Rusiyasındakı nizam-intizamı görürsüzmü? Bu gün dövlətin o vaxt necə dəqiq və vicdanla çalışmasına heyrət etməmək olmur. Puşkin günümüzdə yaşasaydı bu əziyyətləri çəkərdimi heç?.. Bu sualın cavabını hamınız bilirsiz..

İbrahim Nəbioğlu



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar