“Xankəndidə “Frankofoniya”nın “nümayəndəliyi”nin açılması siyasi avantüradır” - ŞƏRH

27 Dekabr 2021 17:38    245 Baxış   
“Xankəndidə “Frankofoniya”nın “nümayəndəliyi”nin açılması siyasi avantüradır” -  ŞƏRH

“Bir neçə gün əvvəl Fransada prezidentliyə əsas namizəd Valeri Pekrez Xankəndiyə qanunsuz səfər edərkən özü ilə birlikdə bir neçə deputat da aparıb. Onlar Xankəndidə “Frankofoniya” təşkilatını ziyarət edib və binaya Qarabağdakı separatçıların “bayrağı”nı asıblar. Bu, artıq “qırmızı xətt”i keçmək deməkdir. Birincisi, ərazidəki sülhməramlılar gediş-gəlişə nəzarət etmir, vəzifələrinə uyğun davranmırlar. İkincisi, xanım Pekrezin qanunsuz səfəri, o cümlədən separatçıların “bayrağı”nın “Frankofoniya”dan asılması siyasi avantüradır. Azərbaycan Xarici İşlər Nazirliyi Fransaya müvafiq qaydada nota verib. Görünür, daha sərt və davamlı addımlara, o cümlədən nəzarət tədbirlərinin artırılmasına ehtiyac var”.

Bu fikirləri “Report”a açıqlamasında siyasi elmlər doktoru, professor Sabir Məmmədli deyib.

Onun sözlərinə görə, V.Pekrezin bu addımı təəccüb doğurmamalıdır:

“O, həmişə ermənipərəst mövqeyi ilə seçilib. Əslində, digər fransız siyasətçilərin də əksəriyyəti belədir. Çünki erməni diasporunun onlara təsir imkanları var. Nəzərə almaq lazımdır ki, rəsmi Paris vaxtı ilə məlum dörd qətnaməyə səs verib. İndi isə beynəlxalq öhdəliklərinə sayğısız yanaşır. Onun dövlətlərin ərazi bütövlüyünə hörmətsiz yanaşması, qətnamələrin, beynəlxalq hüququn tələblərinə əməl etməməsi uzaqgörən siyasətçi olmadığını göstərir. Əlbəttə, ağıllı siyasətçi belə addımlar atmaz”.

“İndi biz Rusiya qarşısında Laçın dəhlizinə birgə nəzarət etməklə bağlı məsələ qaldırmalıyıq”

S.Məmmədli bildirib ki, fransalı siyasətçilər daxildəki ermənilərin səsini qazanmaq məqsədilə bu cür addımlar atırlar:

“Lakin bu, hazırkı Prezident Emmanuel Makrona zərbədir. Çox güman ki, Makron gələcək siyasətində bunu nəzərə alacaq, götür-qoy edəcək. Düşünürəm ki, dövlət başçısı şəxsən özü olmasa belə, Fransa hökumətinin nümayəndələri bu barədə İrəvana narazılıqlarını bildirəcəklər”.

Siyasi elmlər doktoru Azərbaycan üçün ideal yolu da açıqlayıb:

“Kreml rəhbərliyi Pekrezin Makrona real rəqib olduğunu anlayır. Bilirik ki, Moskva ilə Parisin hazırkı münasibətləri o qədər də “isti” deyil. Bu mənada sülhməramlıların qanunsuz səfərə göz yumması Pekrezə “pas ötürmək” idi. Digər tərəfdən, Azərbaycan üçün təhlükəli vəziyyət yaranır. Belə ki, digər ölkə nümayəndələrinin Xankəndiyə qanunsuz səfərləri bir növ stimullaşdırılır və Laçın dəhlizinin sərbəst gediş-gəliş yolu olmasına şərait yaranır. İndi biz Rusiya qarşısında Laçın dəhlizinə birgə nəzarət etməklə bağlı məsələ qaldırmalıyıq. Bu, rəsmi Bakının ən optimal yoludur. Sözsüz, bu zaman sülhməramlıların özbaşınalığına imkan olmayacaq. Moskvanı tamamilə kənara çıxarmaq 10 noyabr üçtərəfli bəyanatı ilə ziddiyyət təşkil edir. Lakin dediyim kimi, ilkin mərhələdə Laçın dəhlizinə birgə nəzarət etmək Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərindəki separatçı-terrorçu rejimin tör-töküntülərinə ciddi zərbə olmaqla yanaşı, həm də xeyli mənada “suları duruldacaq”.

“Fransa ilə ticarət əlaqələrinin məhdudlaşdırılmasına başlanılmalıdır”

Professor, politoloq Qabil Hüseynli isə açıqlamasında deyib ki, Fransa siyasətçilərinin belə addımları heç bir beynəlxalq hüquqa uyğun deyil:

“Məlum olduğu kimi, biz Fransaya nota verdik və həmin hərəkətləri qətiyyətlə pislədik. Eyni zamanda Pekrezin, onun yanındakı adamların adlarını “qara siyahı”ya saldıq. Fransa ikili standartlara uyğun davranır. Halbuki Fransanın da üzv olduğu bir çox beynəlxalq təşkilatlar, o cümlədən BMT, Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Elə isə xanım Pekrezin qanunsuz səfəri hansı məntiqə uyğundur?! Digər tərəfdən, sülhməramlıların fəaliyyətsizliyi də ciddi hiddət doğurur. Onlar Laçın dəhlizini, demək olar, “su yolu”na çeviriblər”.

Professor gələcəkdə Bakı-Paris münasibətlərində müəyyən ziddiyyətlərin meydana gələcəyini də istisna etmir:

“Avropa ölkələri arasında bizim ən böyük ticarət əlaqələrimiz Fransa ilə mövcuddur. Məncə, Fransa ilə ticarət əlaqələrinin məhdudlaşdırılmasına başlanılmalıdır. Bu həm dövlət, həm də vətəndaşlar səviyyəsində həyata keçirilməlidir. Biz Fransa məhsullarının əvəzinə, qardaş ölkə Türkiyənin istehsal etdiyi mallara üstünlük verməliyik. Hər halda Paris üzərində əks-təsiri hiss etməlidir. Başa düşməlidir ki, Azərbaycan onun üçün önəmli partnyordur. Bəlkə bu zaman insan haqlarına, beynəlxalq hüquqa, üzərinə götürdüyü öhdəliklərə uyğun olmayan əməllərdən əl çəkər”.

“Xankəndiyə qanunsuz səfər onların siyasi karyeralarında qara ləkə kimi daimi qalacaq”

Politoloq, Əməkdar jurnalist Tofiq Abbasov bildirib ki, Pekrez səriştəsiz siyasətçidir:

“Seçkilərə hazırlaşan siyasətçi başqa ölkələrin qanunlarını poza bilməz. O, rəğbət qazanmağa çalışmaq əvəzinə, əksinə, cinayət törədir. Bu, Pekrezin də, onun yanındakı diplomatların da siyasi savadsızlığını göstərir. Xankəndiyə qanunsuz səfər onların siyasi karyeralarında qara ləkə kimi daimi qalacaq. Bir sözlə, həmin siyasətçilər öz əlləri ilə özlərinə siyasi qəbir qazdılar. Aydın məsələdir ki, onun seçkilərdə qalib gəlməsi də çox çətin olacaq. Hətta lazımi səviyyədə səs toplasa belə ölkəsinin gələcəyi üçün yaxşı bir addım ata bilməyəcək”.

Politoloq hesab edir ki, Azərbaycan bütün təxribatlara soyuqqanlı cavab verir:

“Məhz buna görə də bizi istəməyənlərin xain arzuları ürəklərində qalır. Biz addımlarımızı ölçüb-biçib atırıq. Qarabağ ətrafında baş verən proseslərdə Azərbaycan, Türkiyə, Rusiya və Ermənistandan ibarət dördlü format yaranıb. Biz atacağımız addımları əvvəlcə müzakirə edirik. Dərin siyasət məhz bunu tələb edir. Rəsmi Bakı bütün ehtimalları nəzərə aldığına görə kimsə bizi hansısa əməlimizə görə ittiham edə bilmir. Çalışırıq ki, atacağımız addımlar problemli şərait yaratmasın. Bunu qonşularımız da görür, yüksək qiymətləndirirlər. Biz bütün addımlarımızı, mövcud situasiyanı süzgəcdən keçirdiyimizə, məntiqli və praqmatik addımlar atdığımıza görə qalib gəlirik. Əlbəttə, bu tendensiya gələcəkdə də davam edəcək”.

Ekspertlərin dediklərindən belə qənaətə gəlmək olar ki, prezidentliyə əsas namizəd Valeri Pekrezin Qarabağa qanunsuz səfəri Azərbaycan-Fransa münasibətlərinə təsirsiz ötüşməyəcək. Rusiya isə baş verənlərdən dərs çıxarmalıdır. Sülhməramlılar, heç olmasa, bundan sonra vəzifələrinə adekvat davranmalıdırlar.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar