İmişli Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Ruslan Məmmədov (Eldaroğlu) orqanlarını bağışlayıb.
Bu barədə Dominant.az-a sabiq məmurun özü məlumat verib.
O bildirib ki, bu gün Azərbaycanda minlərlə insan yeni bir həyat şansı gözləyir:
“Onlar üçün orqan bağışı sadəcə tibbi prosedur deyil, yaşamaq ümidi, sabaha uzanan bir körpüdür. Orqan bağışı insanın özündən sonra da həyat verməyə davam etməsinin ən ali nümunələrindən biridir. Bir donor bir neçə insanın həyatını xilas edə, onlarla ailəyə yenidən sevinc və ümid bəxş edə bilər”.
Son dövrlərdə yaşadığı sağlamlıq problemləri, keçirdiyi ağır avtomobil qəzasının yaratdığı fiziki çətinlikləri, eləcə də Azərbaycanda orqan transplantasiyası sahəsində müşahidə olunan inkişaf, xüsusən də uğurla həyata keçirilən ürək köçürülməsi əməliyyatları sabiq məmura bu qərarı verməyə sövq edən əsas amillər olub:
“Mən də rəsmi şəkildə bütün orqanlarımı bağışlamaq barədə qərar vermişəm. Bu qərarı qəbul edərkən düşündüm ki, bir gün mənim artıq ehtiyac duymadığım bir orqan başqa bir insanın həyata yenidən tutunmasına, bir ailənin sevincinə, bir övladın valideyninə, bir valideynin övladına qovuşmasına səbəb ola bilər”.
R.Məmmədov ümid edir ki, onun bu qərarı da cəmiyyətdə orqan bağışı ilə bağlı maariflənməyə və daha çox insanın həyatına ümid olmağa töhfə verəcək.
Qeyd edək ki, R.Eldaroğlu 2024-cü ilin may ayında İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmişdi. O, ötən ilin may ayında öz xahişi ilə tutduğu vəzifəsindən ayrılıb.
Tuncay Nəbiyev