Yalançı tarix qurmaq istəyən separatçı xalq illər boyu bataqlıqda çabalayacaq!
Xocavənd rayonunun erməni işğalçıları tərəfindən “Berdaşen” adlandırılmış Qarakənd kəndi 1988-ci ildən bəri erməni separatçılığı və terrorçuluğunun strateji bazalarından biri olub. 1991-ci il noyabrın 20-də Azərbaycanın dövlət rəhbərləri və ziyalılarının, o cümlədən Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov, Osman Mirzəyev, Alı Mustafayevin uçduğu vertolyot məhz həmin kənd üzərində vurulub.
İşğal altında olan illər ərzində həmin kənddəki qalanın zirvəsində üzündən zəhm yağan terrorçu xarakterli bir qadın heykəli “ucaldılıb”. Ermənilərin uydurmasına görə, guya bu qadına türk və azərbaycanlı kişilər (burda daha bir yalan – ya türk olmalı idi, ya da azərbaycanlı - K.A.) təcavüz etmək istəyib. Amma qadın “şərəfini” qorumaq üçün özünü dağdan aşağı atıb. Bu zaman enli donu paraşüt kimi açılıb və qadın qayanın dibinə salamat düşüb. Lakin qadın xilas ola bilməyib. Guya azərbaycanlı və türk kişilər dərhal dağdan aşağı enərək qadını tutub öldürüblər. Və beləcə, “Qız Qalası” "yaranıb". Halbuki, heykəldə "qızdan" əsər-əlamət belə yoxdur. Heykəl yaşlı, kolxozçu bir qadın obrazıdır.
Heykəlin yaxınlığında isə kiçik bir ev var, hansı ki, orda guya Tanrıya arzularını bildirirlər və dərhal da istəkləri "yerinə yetir".
Bu "Qız Qalası" üç mərtəbədən ibarətdir, hündürlüyü 30 metrə yaxındır. Deyilənə görə, Qarabağ Müharibəsinə aid “tarixi materiallar” da toplanaraq oradakı kiçik muzeydə saxlanılır.
Onu da qeyd edək ki, heykəl qadının əlində xəncər də var. “Zavallı”, “təcavüzə uğramış”, “məsum”, “günahsız” qadın və xəncər... Elə bununla da məntiqsizlik və ermənilərin aşırı dərəcədəki daha bir yalanı özünü açıq-aşkar biruzə verir.
P.S. Bu separatçı ermənilərə bir daha anlatmaq lazımdır ki, Rusiya prezidenti Vladimir Putinin də bəyan etdiyi kimi, “Dağlıq Qarabağ” adlanan ərazi, yəni keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi Azərbaycanın ayrılmaz hüquqi hissəsidir. Və gec-tez Xankəndi də, Xocalı da, Əsgəran da, Xocavənd də, Ağdərə də və onların ətrafındakı kəndlərə də Azərbaycan bayrağı sancılacaq, həmin məntəqələrdə dövlətimizin yurisdiksiyası rəsmən bərpa ediləcək. Sadəcə gözləyirik ki, orada qalan (Sovet dövründən bəri rəsmi sənədlə yaşamışlar və onların övladları) ermənilər sülh yoluyla qəti mövqelərini müəyyənləşdirsinlər: ya Azərbaycan vətəndaşlığını qəbul edib bayrağımız altında, bizim qanunlarımızla dinc yaşasınlar, ya da çıxıb Ermənistana getsinlər… Bir sözlə, sadalanan şəhərlərimizlə yanaşı, Qarakənd də bizimdir… O qondarma nağılınızın rəmzi olan “Qız Qala”nız isə gec-tez yerlə-yeksan olunacaq! Başqasının torpağında yalançı tarix qurmaq istəyən bir separatçı xalq illər boyu bataqlıqda çabalayacaq!
Könül Aypara